Məsuliyyət liderlərin üzərindədir
Müsavat partiyası ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası arasında uzun müddətdir sürən gərginlik səngimək bilmir. Bir müddət öncə münasibətlərində durğunluq yaşansa da, bu partiyalardan hansısa biri yenidən "atəşkəsi" pozur. Halbuki hər iki partiya bir-birini ittiham etməməklə bağlı "memorandum" imzalamışdılar. Onlar ikili münasibətləri barədə mediaya heç bir açıqlama və müsahibə verməyəcəklərini də dəfələrlə bildirmişdilər. Amma görünən budur ki, düşmənçilik faktoru onların bu vədlərinin də yerinə yetirmələrinə imkan vermir.
Müsavat partiyası başqanının müavini T.Yaqublu həbsdən çıxdıqdan sonra Müsavat partiyası ilə AXCP arasında münasibətlərin normallaşmasına çalışacağını demişdi. Lakin uzun çalışmalardan sonra partiyalararası münasibətlərin normallaşmasının çətin göründüyünü bildirən Yaqublu geri çəkildiyini, missiyanı uğursuz başa vurduğunu etiraf etdi. O bildirib ki, buna səbəb iki partiya arasındakı böyük uçurumun olmasıdır. "Xeyli ziddiyyətlər var"-deyə etiraf edən Müsavat başqanının müavini indi kənara çəkilərək, prosesləri özbaşına buraxıb. Yeri gəlmişkən, Müsavat üzvü olmasına baxmayaraq, T.Yaqublu bu gün də AXCP sədri Ə.Kərimlinin nəzarətində olan "Milli Şura"nın üzvüdür və orada koordinasiya şurasına üzvdür. Əlbəttə ki, onun bu təmsilçiliyi Müsavat rəhbərliyini qətiyyən qane etmir.
Elşən Manafov: "Bu partiyaların elektoral məkanı daralmaqdadır"
Məsələn, politoloq Elşən Manafov məsələ ilə bağlı hesab edir ki, Azərbaycan iqtidarına münasibətdə müxalif cərgədə duran hər iki siyasi partiyanın konyuktur maraqları olmamış deyil: "Bu maraqlar hər iki partiyanın elektoral məkana təsir imkanlarının artırılmasına, qarşıdakı seçkilər ərəfəsində ictimai rəyə təsir imkanlarının artırılması ilə bağlı məsələləri özündə ehtiva edir. Hər iki partiya ana müxalifət roluna iddialıdırlar. Amma sırf Azərbaycanın ictimai-siyasi kontektsindən yanaşsaq, bu partiyaların son seçkilərdə iştirakı əmiyyətdə birmənalı suallar doğurdu. Hər iki partiyadan fərqli olaraq, ictimai rəyə kifayət qədər ciddi təsir imkanları olan müxalifət partiyalar da var. Həmin partiyalar da seçicilərin müəyyən hissəsinin etimadını qazanaraq, qanunverici orqanda təmsil olunublar".
E.Manafov onu da qeyd edir ki, bu partiyalara məxsus qəzetlərin fəaliyyətini çıxsaq, hər iki partiyanın gündəmdə olub-olmaması ilə bağlı məsələlər ciddi sual doğuracaq: "AXCP və Müsavatın elektoral məkanı daralmaqdadır. Son zamanlar ictimai rəyə təsir imkanları heçə endirilməkdədir. Onlar bunu özləri də anlayırlar. Ona görə də, ana müxalifət mövqeyində olmalarının və bu mövqeyin məhz ictimai rəy tərəfindən qəbul edilməsinin həsrətindədirlər".
Məmməd Əlizadə: "Konfliktlər bundan sonra onları daha da zəiflədəcək"
Demokratik Azərbaycan Dünyası Partiyasının sabiq sədri Məmməd Əlizadə də hesab edir ki, bu gün Azərbaycanda ciddi müxalifətə ehtiyac var: "Güclü müxlifətin olması ölkəni bəzi neqativ əməllərdən qurtara bilər. Onlar vətəndaşların təəssübkeşi kimi çıxış edə bilərlər. Amma üzü milli azadlıq hərəkatından bəri iki yerə parçalanmış, konfliktlər, iddialar üzərində siyasiləşən təşkilatlar bu gün də qalmaqdadır. Onlar da, məhz AXCP və Müsavat partiyasıdır. Baxmayaraq ki, hakimiyyətə AXC kimi gəlmişdilər. Amma onlar sonradan hakimiyyət daxilində iki yerə parçalandılar. Bir-birini lider kimi qəbul etməmələri bütün dövrlərdə onların sıravi üzvlərinin başının bəlalar çəkməsinə zəmin yaradıb. Birlikdə xeyr, ayrılıqda əzab var. Bunlar dərk etmirlər ki, birlik yaradarlarsa, güclü olacaqlar. Bir masa arxasında otursalar da, hər zaman bir-birilərini qəbul etməmək iddiaları bu iki partiyanın indiki vəziyyətə gəlib düşməsinə səbəb olub. Konfliktlər bundan sonra onları daha da zəiflədəcək".
Göründüyü kimi, hər iki partiya arasındakı vəziyyət getdikcə daha dərin uçuruma doğru yuvarlanır. Bu isə, ilk növbədə istər AXCP-yə, istərsə də Müsavata normal gələcək vəd etmir. Bu partiyalarda davam edən istefalar, parçalanmalar, eləcə də, qollara ayrılma halları əsas olaraq həmin partiyaların liderlərini məsuliyyəti üzərinə düşür. Təəssüf ki, onlar da bu reallıqları qəbul etməməklə öz durumlarını siyasətləri ilə birgə siyasi məzarlığa gömürlər. Hər halda, bu, onların öz seçimləridir.
Rövşən NURƏDDİNOĞLU