Müxalifət düşərgəsində bir-birinin ardınca yaradılan blok və qurumların niyə qısaömürlü olamsını araşdırmağa ehtiyac yoxdur. Ən azı, ona görə ki, düşərgə təmsilçilərinin dağıdıcı xarakterə, böyük iddialara malik olmasını bilənlər blok və qurumların az müddət sonra dağılmasının heç də təsadüfi olamadığını başa düşürlər. Dağıdıcı müxalifətin növbəti birlik formatı olan "Milli Şura"nın gələcəyi ilə bağlı hələ bir neçə ay əvvəl verilmiş proqnozlar, tam mənası ilə özünü təsdiqlədi. 129 nəfərin təsisçiliyi ilə yaradılan "Milli Şura" qısa müddət sonra cəmi 14 əski təsisçisi ilə qalmaq zorunda qaldı. Qurumdaxili çəkişmələr o dərəcədə kritik xarakter alıb ki, əksər təhlilçilər "Milli Şura"nı rəqiblərin bir-birinin paxırını açıb-tökmək, bir-birinin hansı xarici dairələrə işləmələrini "razborka" meydanına gətirirlər. Burada söz və kompromat savaşı, çəkişmələr, didişmələr hər gün yeni mərhələyə qoyur.
Müsavatın qurumda təşəbbüsü ələ almaq cəhdinin iflasa uğramasından sonra "Milli Şura"nı tərk etməsi digər partiyalar, eləcə də, fərdlər üçün "Milli Şura" sıralarını tərk etməkdə bir bəhanə rolunu oynadı. Az sonra ACP, ALP, KXCP, "El" hərəkatı "Milli Şura"dan istefa verdi. Beləliklə, "Milli Şura" daxilində cərəyan edən proseslər bu qurumun, faktiki olaraq iflasını reallaşdırdı.
"Milli Şura"nın axırına cıxan səbəblər
"Milli Şura" yaradılarkən, çoxları bunu Müsavatla AXCP-nin birliyi kimi təqdim etməyə çalışırdı. Hətta cəhdlər göstərilirdi ki, Ə. Kərimli ilə İ. Qəmbər illərin mehriban düşmənləri olsalar da, bu məsələdə birləşmək məcburiyyətində qalıblar. Daha doğrusu, buna məcbur ediliblər. Məlumatlar təsdiq edir ki, SOROS fondu, onun rəhbəri Corc Soros Gürcüstan ssenarisinin Azərbaycanda tətbiq etmək üçün dağıdıcı müxalifətdən istifadə etməyi planlaşdırıb. Bu məqsədlə də ayırdığı maliyyə vəsaiti hesabına müxalifətin didişən, ancaq əsas qüvvələri olan Ə.Kərimli - İ.Qəmbər birliyi vasitəsilə "Milli Şura"nın yaradılamsı göstərişini verib. Rüstəm İbrahimbəyov isə sadəcə bu oyunda bir vasitə olub. C.Soros nəzərləri və gözlənilən ittihamlardan yayınmaq üçün Rusiyada yaşayan R.İbrahimbəyov adını tərtib etdiyi siyahıya salıb. Amma sonradan C.Sorosadan və onun Bakıdakı təmsilçilərindən asılı olmayaraq, proseslər məcrasını dəyişib və əks-istiqamətdə inkişaf edib. Qarışıqlıq məqamında Müsavatın indiki başqanı A.Hacılı, Müsavat divan üzvü Səxavət Solatanlı ultimativ bəyanatlarla çıxış edərək, hazırladıqları layihənin əksinə olan ACP-nin keçmiş lideri R.Quliyevin və ALP-nin keçmiş sədri L.Şövkətin və ALP-nin sədri Ə.Temirxanın "Milli Şura"dan çıxarılmasını tələb etdilər. ALP sədri Ə.Temirxanını öz haqqını müdafiə etməsi bir növ yanan oda benzin atılması effekti yaratdı. O zaman qatı müsavatçı olan "Yeni Müsavat" qəzetinin baş redaktoru R. Arifoğlu Ə.Temirxanı "bədbəxt adam" adlandırdı: "10 ildən artıqdır ki, Ə. Temirxanın böhtanları ilə üz-üzəyik. Hesab edirəm ki, onun hər yeri "şaka"dır. O cümlədən də başı. Bunu birmənalı şəkildə deyirəm. ALP sədri qeyri-ciddi və bədbəxt adamdır. Mənim ona deyəcəyimi tale özü deyib. Yanlış yerdədir. Həm L. Şövkət, həm R. Quliyev, həm də E. Namazov iqtidarın qurulmasında və formalaşmasında iştirak ediblər. Amma sonradan oradan qovulublar, düşərgəni tərk etmək məcburiyyətində qalıblar. Necə oranı zibilləmişdilərsə, indi də gəlib buranı zibilləyirlər və müxalifət düşərgəsini bir-birinə qatırlar".
R.Arifoğlu artıq "Milli Şura" formatının iflasa uğradığını qeyd edib: "Milli Şura" deyilən bir qurum artıq yoxdur. Hərə ağzını bir tərəfə çevirib, hamı küsülüdür, hərə bir bəhanə gətirir.
Müxalifət düşərgəsində dostların rəqibə çevrilməsi adi haldır
Daxili çəkişmələr, böyük iddialar nəhayətdə Rusiyanın layihəsi kimi təqdim olunan, əslində, C.Sorosun çirkin maraqlarının icrası üçün yaradılan "Milli Şura" dağılmağa məhkum edildi. Artıq bu qurunda " bir həsir, bir də Məmmədnəsir" məsəlinə uyğun olaraq, Ə.Kərimli ilə C.Həsənli qalıb. Onların da orada qalması sanki bir qeyrət məsələsidir. Qınaq obyekti olamamaq, ən azı Müsavatçıların atmacalarına tuş gəlməmək üçün "Milli Şura"nı hələ ki, buraxmağa tələsmirlər. Amma "Milli Şura"nın kordinasiya şurasının üzvü Namizəd Səfərovun sözlərinə istinad etsək, yaxın vaxtlarda bu qurum buraxılacaq. Məlumata görə, Ə.Kərimli "Milli Şura"da baş girələməyin mənasız olduğunu dərk etdiyindən, qurumu AXCP-yə birləşdirməklə üzləşdiyi problemlərdən bir hissəsini həll etmək istəyir: "C.Həsənli "Milli Şura" sədrliyindən getmək üçün istefa ərizəsi yazıb. Yəqin ki, yaxın günlərdə onun ərizəsinə qurumun koordinasiya şurasında baxılacaq. Çox ehtimal ki, ərizəyə müsbət cavab veriləcək".
Bir sözlə, bu da axırı. Bir zaman böyük həvəslə, bəh-bəhlə yaradılan "Milli Şura" bir növ zurna-balabanla tarixin arxivinə yola salınır. Deyirəm, görəsən, buna görə müxalifət liderləri utanacaqlarmı? Cavab üçün onalara və kiməsə müraciət etməyə ehtiyac yoxdur, çünki onlarda utanan sifət olsa idi, AXC-Müsavat hakimiyyətinin sıradan cıxmasından sonra, qınlarına çəkilib, bacardıqları işlə məşğul olardılar.
İ.ƏLİYEV