PDF Oxu

Müxalifət

  • 4 293

Bu cür müxalifətin olmağındansa, olmamağı yaxşıdır

image

Ənənəvi müxalifət düşərgəsi nə qədər tez çökərsə, yenilikçi müxalifət də bir o qədər çevik yaranar

Son günlər ənənəvi müxalifət düşərgəsində yaşanan qarşıdurmaların geniş vüsət alması, bir daha sübut edir ki, əslində, müxalifətdaxili intriqaların səbəbləri onların fəaliyyətsizliklərindən yaranır. Daha dəqiq desək, hakimiyyətin atdığı hər bir uğurlu addım qarşısında əsaslı arqument gətirə bilməyən düşərgənin intriqant liderləri son anda bir-birlərini müxtəlif ittihamlar irəli sürür, xüsusilə, hakimiyyətə işləməkdə suçlayırlar. Təbii ki, bu cür anormal məqsəd arxasında dayanan əsas amillərdən biri də gündəmdə qalmaq faktorudur. Yəni özlərini düşərgənin aparıcı müxalifət partiyaları hesab edən təşkilatlar hazırda iqtidara gəlmək iddiası ilə deyil, gündəmdə qalmaq iddiası ilə çıxış edirlər. Bu isə, ictimai rəydə onlara qarşı olan inamsızılığı daha da artırmaqdadır.

"Çayxana və kafe müxalifəti"nin vaxtı çoxdan ötüb

Düzdür, onların özləri də ara-sıra bunu etiraf etmək məcburiyyətində qalırlar. Sadəcə, geniş media sahəsində deyil, dar çərçivədə... Bəllidir ki, onlar özlərini günahkar hesab etmirlər və bu, onların köhnə şakərlərindən biridir. Bu baxımdan, çayxana və kafelərdə toplaşan müxalifət yalnız belə mühitlərdə düşdükləri aciz durumu, cəmiyyətdəki etibarlarını itirdiklərini də etiraf edirlər.

Düşərgədə daha çox oynanılan oyunbazlıqlardan biri də ölkədə ciddi siyasi hadisələrin baş verdiyi ərəfələrdə onların hay-küyçülük obrazlarının canlanmasıdır. Prezident, parlament, bələdiyyə, referendum kimi önəmli siyasi-ictimai hadisələr ərəfəsində onlar ortaya çıxır və özlərini göstərmək üçün şans əldə edirlər. Əbəs yerə deyil ki, "ənənəvi müxalifətə" xalq arasında "fürsətcil müxalifət" də deyirlər. Bu, əslində, real həqiqətdir. Belə məqamda xalq yada düşür və "liderlər" başlayırlar xalqın adından danışmağa. Halbuki xalq onları saya-hesaba almır və siyasi kampaniyalar ərəfəsində ölkədə sabitliyin pozulmasında maraqlı olan anti-Azərbaycan qüvvələrin əlində vasitəyə çevrilən bu kimi siyasi partiyalar milli maraqlara zidd təbliğat apardıqlarından, xalqın nifrətini qazanmaqda davam edirlər.

Xatırlatmaq yerinə düşərdi ki, məhz Əli Kərimli, lazım olarsa, şeytanla əməkdaşlığa gedəcəyini dəfələrlə vurğulayıb

Digər bir məqam Azərbaycan əleyhinə təbliğatdır ki, burada, təbii ki, birincilik AXCP-nin "islahatçı sədri", yaxud da "Yurd" şefi Ə.Kərimliyə məxsusdur. Onun Azərbaycana düşmən mövqedə dayanan istənilən təşkilatla əməkdaşlıqda maraqlı olması yeni fakt deyil. Məhz bu adam, lazım olarsa, şeytanla əməkdaşlığa da gedəcəyini dəfələrlə vurğulayıb. Çox yəqin ki, bu gün Ə.Kərimlinin ermənilərlə gizli işbirliyinin olması da bu qəbildəndir. Məsələn, erməni mətbuatı üçün informasiya mənbəyi olan, ölkəmizlə bağlı qərəzli yalan və böhtanları Ermənistan KİV-lərinin manşetinə çıxarılan "islahatçı sədr"in xəyanətlərinin sayı-hesabı yoxdur.

Beləliklə, uzun illərdən bəri Müsavat partiyasının sabiq başqanı İ.Qəmbərlə, "Yurd" şefi Ə.Kərimli arasında gedən qarşıdurma nəticəsində çıxdaş olan partiyalar artıq ötənləri saf-çürük edərək, əsl zərbənin elə inandıqları və ətrafına toplaşdıqları Müsavat və AXCP tərəfindən aldıqlarını anlamaqdadırlar. Həmişə şəxsi maraqlarını düşünən, kənar qüvvələrin sifarişlərini yerinə yetirən funksionerlərin bir-birinə qarşı inamlarının olmadığı partiyalar arasındakı çəkişmələrdən də bəlli olur.

İsa Qəmbər – Müsavatın sabiq və mövcud gizli başqanı

Əslində, İ.Qəmbər bu gün də Müsavatın idarəçiliyini edir. A.Hacılı faktoru isə görüntüdür. İ.Qəmbər başqanlıqdan getsə də, düşərgədə mövqeyini qoruyub-saxlamaq üçün, əl yeri kimi, "Milli-Strateji Düşüncə Mərkəzi"ni yaratmaqla əzəli rəqibi Ə.Kərimlini çıxdaş etmək niyyətini güdüb və bu, sirr deyil. İ.Qəmbər tərəfdarlarının "islahatçı sədr"in limitinin bitməsi ilə bağlı apardıqları təbliğatları və "Milli Şura"nın yararsız qurum kimi fəaliyyətini itirməsi ilə bağlı açıqlamaları düşərgədə pıçıltılara və informasiya sızmalarına səbəb olub.

Amma bütün bunlar onun istədiyi effekti verməyib. Məsələn, Müsavatda baş verən özbaşınalığa, klan siyasətinə etiraz edərək istefa verən, "Ağ blok" yaradan Tural Abbaslı, KXCP sədrinin müavini Xəzər Teyyublu etiraf edirlər ki, müxalifətə inamın itməsinin başlıca səbəbi elə düşərgə mənsublarının özləridir.

Müsavat başqanının müavini, qaşınmayan yerdən qan çıxarmaqda mahir olan Elman Fəttah susqunluqdan çıxış yolunu guya "ölkədə insan hüquqlarının pozulması ilə bağlı" yazıların azlığı ilə səciyyələndirir. Bu isə bəhanədən, özünü sığortalamadan başqa bir şey deyil. Yəni ortada olanlar göz önündədir.

Ölkə vətəndaşları isə dövlətin yanındadır. Xalq sosial müdafiəsinin daha etibarlı qorunması naminə aparılan islahatları dəstəkləyir. Bu isə hər işdə nöqsan axtarmağa adət etmiş dağıdıcıları qane etmir və bu kimi dəymədüşərliklər və daxili intriqalar yaranır. Nə qədər tez bir zamanda çöksə, bir o qədər də ölkədə demokratik, konstruktiv və dövlət maraqlarına xələl gətirməyən müxalifətin yer alması prosesi sürətlənə bilər. Hər halda, demokratik Azərbaycan dövlətində bu cür qaragüruhçu müxalifətin olmağındansa, olmaması daha yaxşıdır.

Rövşən RƏSULOV

Digər xəbərlər