Məlum olduğu kimi, Nardaranda Taleh Bağırzadə adlı şəxsin rəhbərliyi ilə din pərdəsi altında qarışıqlıq yaratmağa və gərginlik törətməyə cəhdlər göstərildi. Onların hazırda məhkəməsi keçirilir və maraqlıdır ki, bu şəxslər məhkəmə prosesini siyasiləşdirməyə çalışırlar. Söhbət etdiyimiz müsahiblərimiz din pərdəsi altında siyasi maraqlardan cıxış etməyin yolverilməz olduğunu bildirirlər.
"Yurddaş" partiyasının sədri Mais Səfərli: "Dini siyasətə qoşmaq cəhdləri var"
- Təəssüflər olsun ki, təkcə bizim ölkəmizdə deyil, o cümlədən, bir çox ölkələrdə dini siyasətə qoşmaq cəhdləri var. Yəni dindən siyasi məqsədlər üçün istifadə edilir. Bu da yanlış bir praktikadır və bu, nə cəmiyyət tərəfindən, nə də qanunlar tərəfindən dəstəklənməyən bir haldır. Bu baxımdan, bu şəxslərin məhkəmə prosesini siyasiləşdirməyə çalışımalarına ehtiyac yoxdur. Azərbaycan demokratik-hüquqi bir dövlətdir, qanunun aliliyi təmin olunub. Azərbaycanın Konstitusiyasında da qeyd olunub ki, qanun hamı üçün eynidir. Yəni Azərbaycanda kiminsə siyasi baxışlarına görə həbs olunması yolverilməz haldır. Yəni əgər kiminsə hərəkətində cinayət tərkibi yoxdursa və kimsə qanun pozuntusuna yol verməyibsə, onda heç kəs məhkəmə tərəfindən azadlıqdan məhrum oluna bilməz. Buna görə də, bu cür şayiələr yayan Azərbaycan qanunlarına şər-böhtan və iftira atmaqda günahlandırıla bilərlər. T.Bağırzadənin məhkəməsi də Azərbaycan qanunlarına uyğun şəkildə həyata keçiriləcəkdir. Qanun nə tələb edirsə, o qanuna uyğun da məhkəmə tərəfindən qərar çıxarılacaqdır.
Korrupsiyaya qarşı Mübarizə Fondunun İcraçı direktoru Vasif Mövsümov: "Dindən hansısa bir şəxsin öz siyasi məqsədləri üçün istifadə etməsinə qəti şəkildə yol vermək olmaz "
- Yəni dindən hansısa bir şəxsin öz siyasi məqsədləri üçün istifadə etməsinə qəti şəkildə yol vermək olmaz. Çünki Azərbaycan hüquqi dövlətdir. Hər kəs də bu qanunlara əməl etməlidir. Bir sözlə, din pərdəsi altında hansısa siyasi məqsədləri həyata keçirmək qanunla cinayət sayılır və buna görə də həmin şəxslər öz cəzalarını çəkməlidirlər. Ümumiyyətlə, Nardaranda T. Bağırzadə adlı şəxsin rəhbərliyi ilə din pərdəsi altında qarışıqlıq yaratmağa cəhdlər göstərilib. Artıq bu şəxs cəzasını çəkməkdədir. Məhkəmə prosesini siyasiləşdirməyə çalışması isə cəzadan qaçmağa uğursuz cəhddir.
İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov: "Bunlar absurd ideyalar və fikirlərdir "
- Əgər hər hansı bir şəxsin nə isə bir günahı varsa, həmin şəxs mütləq qanun qarşısında cavab verməli və layiq olduğu cəzasını çəkməlidir. Bu baxımdan, T.Bağırzadənin məhkəmə prosesini siyasiləşdirməyə çalışmaları düzgün deyil. Həmin şəxslərin məhkəmə prosesini siyasiləşdirməyə çalışmaları məhkəmənin verəcəyi cəzadan yaxa qurtarmağa cəhddir. Amma təbii ki, bunlar absurd ideyalar və fikirlərdir. Ümumiyyətlə, dövlətçiliyə xələl gətirəcək bütün fəaliyyətlərə görə onu törədən şəxslər cəzalarını çəkməlidir. Həmin şəxslərin dini fəaliyyətlərini siyasi müstəviyə çıxararaq siyasi proseslərə çevirmələri yolverilməzdir. Bir sözlə, heç bir şəxs dindən öz siyasi məqsədləri üçün istifadə etməməlidir. Əks-təqdirdə, ciddi cəzalanacaqları şübhəsizdir. Çünki ölkəmizdə bütün məsələlər qanunla tənzimlənir.
GÜLYANƏ