PDF Oxu

Müxalifət

  • 1 989

Müxalifətin altına sanki bomba yerləşdirilib

image

Son vaxtlar diqqətçəkən məqamlardan biri də müxalifətin dağılması fonunda partiya funksionerlərinin də siyasətdən uzaqlaşmalarıdır. Yəni kimin və ya nəyin hesabınasa müxtəlifyönümlü siyasi partiyalarda lövbər salanların gözlənilmədən yoxa çıxmaları maraq doğuran və həm də təəccüblü proseslərdəndir. Bir zaman müxalifətin önündə olub fəaliyyətləri ilə ən azı mətbuatın diqqət mərkəzində olanlar, hazırda tamamilə siyasətdən uzaqlaşıblar. Buna misal olaraq, Eldar Namazovu, Etibar Məmmədovu, Rüstəm İbrahimbəyovu və digərlərini göstərmək olar. Sözügedən şəxslər artıq siyasətdə yoxdurlar. Düzdür, arada bir mövzu qıtlığından əziyyət çəkən hansısa mətbu orqanın əməkdaşı itkin hesab olunan "siyasətçi"ləri axtarıb tapır və onları danışdırırlar. Amma bunun da bir nəticəsi olmur. Az sonra yenidən onlar yoxa çıxırlar. Səbəb də, təbii ki, siyasətdə uğur qazanmağın onlar üçün əlçatmaz olduğunu başa düşmələridir.

Son vaxtlar belə bir tendensiya da yaranıb ki, üçüncü, dördüncü dərəcəli şəxslər hesab olunan partiya funksionerləri özlərində cəsarət taparaq siyasətdən biryolluq getməyə deyil, siyasətdə qalıb dağılmaqda olan partiyaları dirçəlməyə üstünlük verirlər. Misal olaraq, Ə.Kərimlinin keçmiş müavini Razi Nurullayevin AXCP-ni "Yurd"çuların əlindən alıb, partiyanın əvvəlki nüfuzunu bərpa etməyə ümid bəsləməsini göstərmək olar. Ə.Kərimlidən üz döndərənlər iddia edirlər ki, ümumiyyətlə, ölkədə ciddi bir müxalifət problemi var: "Hazırkı müxalifətin formatı heç də nəticəyə gətirib çıxara bilməz. Neçə illər bu format dəyişməyib. Ona görə qərara gəldik ki, yeni bir partiyaya ehtiyac yoxdur. Biz AXCP adına iddia edirik və hesab edirik ki, orada olan bütün cəbhəçiləri də öz ətrafımıza gətirə biləcəyik. Artıq bununla bağlı danışıqlar olub. Ə.Kərimli ya sədrlikdən gedəcək və sıravi üzv olaraq qalacaq, ya da biz təmsilçilik uğrunda mübarizə aparacağıq".

Müxalifət daxilində yeni müxalifət formalaşır

AXCP-də yaşanan acınacaqlı proseslər Müsavatda da təkrarlanmaqdadır. Saxtakarlıq yolu ilə başqan seçilməsinə etiraz edən Qubad İbadoğlu, Tural Abbaslı və onlarla eyni düşüncədə olan şəxslər Müsavat sıralarından istefa verərək, yeni partiya quruculuğuna başalayıblar. Hazırkı proseslərə əsasən, demək olar ki, artıq Q.İbadoğlu "Demokratiya və Rifah" Hərəkatı, T.Abbaslı isə "Ağ Partiya" yaratmaqla öz istəkləinə çatıblar. "Demokratiya və Rifah" Hərəkatının funksionerlərindən olan Səxavət Əlisoy bildirib ki, A.Hacılı və komandası Müsavat partiyasını bərbad günə salıb: "Müsavatda demokratiya anlayışı A.Hacılının meyarları ilə müəyyənləşir. Müsavat adlı dərnəkdə, sexdə Elman Fəttah və ya hansısa məddah A.Hacılını tənqid edə bilər? Əlbəttə, yox. Kim daha çox yaltaqlanırsa, ona vəzifə verirlər. Ona görə də A.Hacılının 10-dan çox müşaviri var. Müsavatdakıların bir neçəsini çıxmaq şərtilə, hamısı abırsız adamlardır, şantajla məşğuldurlar".

S.Əlisoyun sözlərinə görə, A.Hacılının Müsavat partiyasının başqanı olması müsavatçılar üçün təhqirdir: "Müsavat nə siyasi aksiya, nə intellektual bir dəyirmi masa həyata keçirə bilmir. Bunların gerçək sifətini açmaq üçün, sadəcə, şərait yoxdur. Hakimiyyət bizi dəstəkləsəydi, biz onların iç üzünü tamamilə açıb ortaya qoyardıq. A.Hacılı deputat olmaq üçün dombalaq da aşar".

Göründüyü kimi, müxalifətin dağıdıcı qanadının başbilənlərinin düşünülməmiş, səhv siyasət aparmaları partiyaların dağılmasına və düşərgə daxilində yeni qarşıdurmaların yaranmasına gətirib çıxarır. Baş verənlərin fonunda R.Nurullayev, T.Abbaslı, Q.İbadoğlu və bu kimi digər simaların siyasi arenada üzə çıxması müxalifət düşərgəsində heç nəyi dəyişməyəcək. Çünki onların müstəqil fəəaliyyət göstərmək imkanları məhddur. Hansısa xarici qüvvələrin onlara maddi və mənəvi dəstək göstərəcəkləri isə inandırıcı görünmür. Ən azı ona görə ki, bu şəxsləri dar çərçivədə belə tanınmırlar. Bu isə, qarşıya qoyulan istəklərin yerinə yetirilməsində problemlər yaranacağından xəbər verir.

İ.ƏLİYEV

Digər xəbərlər