PDF Oxu

Müxalifət

  • 2 062

Müsavatdan qopmalar davam edir

image

Budəfəki burulğana Yasamal rayon təşkilatı düşdü

Son günlər Müsavat partiyasında başqan Arif Hacılının "Yeni Müsavat"ın baş redaktoru Rauf Arifoğlu haqqında söylədiyi fikirlərdən sonra Müsavatın partbiletini cibində gəzdirən qəzetin bir qrup əməkdaşı qəti addım ataraq istefa verdi. Başda R.Arifoğlunun qardaşı Azər Ayxan olmaqla, qəzetin baş direktoru Ələsgər Süleymanov, əməkdaşlar Elşad Paşasoy və Etibar Seyidağa istefa bəyanatı ilə çıxış edib. Onlar ayrı-ayrılıqda yaydıqları bəyanatda bu addımlarını A.Hacılının R.Arifoğluna qarşı tutduğu qərəzli mövqe ilə əlaqələndirdilər. Hər birinin bəyanatında da bir fikir vurğulanır ki, bəs bu addımın atılmasında baş redaktorun heç bir təsiri-filanı yoxdur. Olsaydı, ən azından, onlar R.Arifoğlu Müsavatdan gedən vaxt istefa verərdilər.

Mahir İsmayılov: "Arif Hacılı siyasi oyunbazlqla məşğuldur"

Bu dəfə isə narazılıqlar Müsavat partiyasının Yasamal rayon təşkilatında davam edir. Müsavatın Yasamal rayon təşkilatının sədr müavini Mahir İsmayılov partiya sıralarından istefa verməsinin səbəbini hazırkı başqanı A.Hacılının siyasi oyunbazlıqla məşğul olmasınaetirazla bağlı olduğunu bildirib: "Əslində, Müsavatda partiyanın VIII qurultayından sonra vəziyyət düzəlmək əvəzinə, daha da pisləşir. Bütövlükdə, Müsavat partiyasında bir qrup adam qalıb. Onlar da Müsavat partiyasının başqanını tərifləməklə məşğuldurlar. İndiki halda partiyanın əvvəlki nüfuzunu və reytinqini bərpa etmək olmaz. Təəssüf edirəm ki, səhv siyasət nəticəsində, Müsavat partiyasını bu vəziyyətə gətirib çıxardılar".

M.İsmayılov istefa bəyanatında onu da bildirib ki, yeni başqan Müsavat partiyasını dərnək tipli bir təşkilat kimi formalaşıb: "Müsavat partiyasının 8-ci qurultayına qədər aktiv siyasi fəaliyyətlə məşğul olmuşam, partiyanın bütün tapşırıqlarını yerinə yetirmişəm. Partiyanın yeni seçilmiş başqanı A.Hacılının ətrafına bir qrup siyasətdən bixəbər adamları cəmləməsi, kifayət qədər tanınmış və siyasi çəkisi olan insanları - Qubad İbadoğlunu, Vurğun Əyyubu, Hikmət Hacızadəni, Ellada Məmmədlini, Adil Qeybullanı və onlarla bu kimi şəxsləri partiyadan uzaqlaşdıraraq, dərnək səviyyəli bir təşkilat formalaşdırması partiyanın gələcəyi ilə bağlı bütün ümidlərimi alt-üst etdi. Artıq bu cür siyasi oyunbazların yanında qalmaq onların dəyirmanına su tökmək anlamına gəldiyi üçün partiya sıralarından istefa verirəm".

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər