KÖŞƏ
Deyilənə görə, dünya yaranandan bu günə kimi insan olan varlıq öz məqsədinə, istək və niyyətinə çatmaq üçün yalan kateqoriyasından istifadə edib. Bizim kənddən olan Cavanşir kişinin gəldiyi qənaətə görə, uşaq 3 aylğından öz istədiyini əldə etmək üçün yalandan ağlayır və ya xoş rəftar əldə etmək üçün yalandan gülməyə çalışır. Beləcə qanına hopan yalan hissləri ömürü boyu onun həyat tərzinə çevrilir. Müxtəlif kitabları vərəqlədim, eləcə də sosial şəbəkələrdə axtarışlar apardım, əldə etdiyim məlumat ondan ibarət oldu ki, yalanın bir neçə növü var: böyük və kiçik yalanlar, pis niyyət, uydurma, üstünü örtmək, şişirtmək, həqiqətləri saxtalaşdırmaq, aldatmaq, ört-basdır etmək, xəyanət etmək, axmaqlıq, şişirtmə, yarımgerçək, dürüst yalan, yanıltma, patoloji yalan, yalandan and içmək, nəzakətli yalan , hiyləgər sözlər, ağ yalan, şirin yalan, güldürmək üçün yalan və ümumilikdə, 76 cür yalanlar. Tanınmış yazıçı Lerner "Aldatma rəqsi" adlı kitabında isə yalan danışma hərəkətini və onun növlərini ifadə etmək üçün istifadə edilən 50-dən çox yalan deyiminin olduğunu qeyd etmişdir. Düşünürəm ki, qeyd edilən say yazıçının bildiyi, eşitdiyi və ya şahidi olduğu yalanlardır. Əslində isə, Cavanşlr kişinin söylədiyi kimi 76 cür yalan növləri var.
Bu yalanlardan hərə bir cür istifadə edir. Hətta bu xəstəliyə mübtəla olan insanlar yeri gəldi-gəlmədi yalandan danışmağa üstünlük verirlər. Bu xarakterli insanlara inam çox azdır. Çünki onlar yalançı kimi tanınır və qəbul olunurlar. ABŞ-dan olan alimlər araşdırmaları nəticəsində, belə qənaətə gəliblər ki, dünyada ən çox yalan danışan peşə sahibləri satış menecerləri və siyasətçilərdir. Onlar, adətən, məqsədinə uyğun yalanları danışırlar. Biri malını, digəri isə fikirlərini sırımaq üçün yalana min cür çalar qatırlar. Çox təəssüflər olsun ki, jurnalistlər, yazıçı və şairlər də bir növ çörək pullarını yalandan nəsə yazmaq, xırda hadisələrə yalan donu geyindirməklə çıxartmağa çalışırlar. Belələri üçün ölməz dahi şairimiz Nizami Gəncəvi zamanında cox gözəl deyib ki, həmin sözlər bu gün də ibrətamiz misal kimi qeyd olunur və nəticə çıxarılmağa çalışılır:
Var doğru yazmağa, madam ki, imkan,
Neçin gəlsin gərək ortaya yalan?!
Sözün qiymətini saldı yalanlar,
Doğrunu danışan hörmətli olar.
Yuxarıda ABŞ alimlərinə istinadən, qeyd etiyimiz kimi, yalana daha çox siyasətçilər müraciət edirlər. Həqiqətən də, baş verən siyasi məsələlərə əsasən, demək olar ki, ABŞ alimləri düz deyirlər. Misal kimi uzağa getməyib, Azərbaycanın müxalif düşərgəsində təmsil olunan siyasətçilərin hap-goplarına fikir vermək kifayətdir. Sanki bu düşərgədə yalan danışmaq, populist fikirlər söyləmkdə yarış təşkil olunur. Müsavat, AXCP, "Ümid", ADP, AMİP və digər partiya liderləri, bir növ gopologiya elminin bütün incəliklərindən istifadə etməklə, bir-birini üstələməyə çalışırlar. Amma İ.Qəmbər, A.Hacılı, Ə.Kərimli, İ.Ağazadə, S.Cəlaloğlu o qədər yalan danışıb, hap-gop ediblər ki, artıq onlara "it hürər, karvan keçər" məsləinə uyğun münasibət göstərilir. Rəhbərlik etdikləri partiyaların parçalanması, təmsil olunduqları blok və qurumıların sıradan çıxması da, dozası artıq olan yalanların danışılmasının nəticəsi olaraq baş verib. Bir növ yalan müxalif siyasətçilərin həyat tərzinə, yaşamaq vasitəsinə çevrilib. Bəzən o qədər şit yalanlar danışırlar ki, yalanlarına özlərini də inandırmağa çalışırlar. Bu yerdə dahi yazçı Fyodor Dostoyevskinin gözəl bir kəlamı yada düşür: "Özünə də yalan satan insan bir müddətdən sonra doğru ilə yalanı bir-birindən ayırmaz". Müxalif siyasətçilərin yalanları barədə kitablara belə sığmayacaq qədər faktlar və misallar göstərmək olar. Sadəcə, "görünən dağa nə bələdçi?!" demək zorunda qalırıq. Yəni hər kəs onların əndazələri aşan yalanlarından məlumatlıdırlar. Bu baxımdan, vaxt itirməyə və qeydlər aparmağa dəyməz. Sadəcə, onu deməklə kifayətlənirəm ki, yalan heç də yaxşı şey deyil, əl çəkin ondan. Atalar demişkən, yalan ayaq tutar, amma yeriməz.
İ.ƏLİYEV