Müsavat daxilində baş verən növbəti istefalar bu partiyanın tarixin arxivinə yaxın olduğundan xəbər verir. R.Arifoğlu ilə A.Hacılı arasında baş verən qarşıdurmadan sonra Müsavatdan istefalar ardıcıl xarakter daşıyır. Dünən isə Müsavatın Yasamal rayon təşkilatının sədr müavini Mahir İsmayılov A.Hacılının yanlış siyasətinə etiraz olaraq, partiyadan istefa verdiyini bəyan edib. Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov "Səs" qəzetinə açıqlamasında Müsavtın siyasətdə son aylarını yaşadığını və yaxın vaxtlarda bu partiyanın fəaliyyətinin dayandırılacağını bildirdi: "Müsavat partiyası İ.Qəmbərin başqanlığı altında Azərbaycan siyasətində anti-milli və anti-dövlət fəaliyyəti ilə tanındı. İstər-istəməz, artıq İ.Qəmbər yeni bir siyasi xətt götürmək üçün A.Hacılıya transfer elədi. Lakin hələ o zaman başqanlığın A.Hacılıya keçməsi ərəfəsində ortaya ayrı-ayrı yeni namizədlər çıxdı. Xüsusilə də, Q.İbadoğlunun şansı böyük idi və daha çox müsavatçılar Q.İbadoğlunun seçilməsini istəyirdilər. Əslində, səs toplayan da, məhz Q.İbadoğlu olmuşdur. Ancaq İ.Qəmbər, məhz öz mövqeyinə əks etdirərək, təkidlə A.Hacılını başqan kürsüsünə gətirdi. Çünki A.Hacılı İ.Qəmbərin çaldığı havaya danışıqsız oynayan bir rəqqasdır. Bu baxımdan, bu gün yenidən Müsavat partiyasında belə bir vəziyyətin gündəmə gəlməsi təsadüfü deyil. Çünki A.Hacılı, əslində, İ.Qəmbərin başladığı siyasi dəsti-xəttə heç bir yenilik gətirmədi". T.Novruzovun sözlərinə görə, İ.Qəmbər vaxtında hansı anti-milli və anti-dövlət mövqeyi tutulmuşdusa, həmin fəaliyyəti davam etdirir: "Bu gün istər İ.Qəmbərin, istərsə də A.Hacılının fəaliyyəti müsavatçıların özünün də ürəyincə deyil. Bu baxımdan, yenidən müsavatçıların istefa çağrışları ilə çıxış etmələri təbii hesab edirəm və bunun da nətcəsini gözləyirəm". "Çox maraqlıdır ki, Müsavatda baş verən istefalarla AXCP rəhbərliyi gözlənilən hal kimi dəyərləndirib və bu istefalardan bəhrələnməyə çalışır. Sizcə, bu qisasçılıq nədən qaynaqlanır" sualını cavablandıran T.Novruzov bildirdi ki, AXCP-nin Müsavatı sevməyindən və yaxud Müsavatdaki hansısa qüvvələrlə iş birliyi qurmaq məqsədindən irəli gəlmir. Burada, təbii ki, indiki AXCP rəhbərliyi ilə, Müsavat rəhbərliyi arasında olan düşmənçiliyindən irəli gəlir: "Nə qədər ki, bu rəhbərlikdə dəyişiklik reallığa əsaslanmayacaq onların bir-birinə qarşı qısqanclıq və nüfuz davası da hər zaman davam edəcəkdir. Sadəcə olaraq, Azərbaycanda "ana" müxalifət imici formalaşdırıb, xaricdən gələn maliyyələrə sahib çıxmaq məqsədi güdülür. Elə qısqanclığın da kökü bununla bağlıdır".
Qaşıdurmalar müxalifətin axırına çıxacaq
BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlı da Müsavat və digər müxalifət partiyalarından olan qopmaların daxili intriqalrla bağlı olduğunu bildirdi: "Müxalifətdaxili qarşıdurma, əsasən, müxalifətin radikal qanadı arasındadır. Yəni Ə.Kərimlinin rəhbərlik etidyi dəstə ilə Müsavat partiyası arasında gedir. Bu qarşıdurmanın tarixi kökü var. Uzun illərdir ki, bu təşkilatın rəhbərliyində olan şəxslər bir-birinə qarşı patoloji nifrət edirlər. Dəfələrlə seçkiyə bir neçə ay qalmış seçki blokları yaradıblar. Bu da xarici qüvvələrin təsiri ilə. Seçki bitdikdən dərhal sonra hər iki tərəf bir-birini qarşılıqlı ittihamlarla, hətta təhqir edərək, ayrılıblar. Bütün bunların əsas səbəbi radikal müxalifətin "birincisi" olmaq arzusudur. 25 ildir ki, bu qüvvələr aralarında amansız mübarizə aparırlar. Belə qüvvələrin səmimi birlik yaratması qeyri-mümkündür". "Necə düşünürsünüz, müxalifətin idarəolunmaz bir vəziyyətlə üzləşməsinin başlıca səbəbini Müsavatla AXCP arasında olan mövqe savaşı olduğunu hesab etmək olarmı" sualına cavab olaraq, N.Orduxanlı bildirdi ki, Ə.Kərimli elə bir tipdir ki, o zamanında təşkilatda Əbülfəz Elçibəyin birinci olmasını qəbul etmirdi: "Bütün fəaliyyətini Elçibəyin təşkilatda nufuzunun düşməsinə yönəltmişdi. Təşkilat daxilində stateji vəzifələrə öz adamlarını yerləşdirmişdi. Elçibəy Kələkidən qayıtdıqdan sonra Kərimlinin adamlarını bir-bir zərərsizləşdirdi və o zaman təşkilat daxilində belə bir fikir formalaşmışdı: "Ağacı içindən qurd yeyər, AXCP-ni "Yurd". "Yurd" Ə.Kərimlinin AXCP-də yaratdığı təşkilat idi. Bunu hər kəs çox yaxşı bilir. Xalq Cəbhəsinin parçalanması da Ə.Kərimlinin şəxsi ambisiyaları səbəbindən oldu. Ə.Kərimli heç kimə güzəştə getmək iqtidarında deyil. Ona görə də, radikal müxalifətin ciddi bir blok yaradağını gözləmək lazım deyil".
GÜLYANƏ