TEZİS ƏSASINDA
Əli Kərimli merkantil məqsədlərinə xidmət etmək üçün qaranlıq siyasi dairələrə xidmət göstərir
Türkiyədə bir ay öncə baş vermiş və uğursuzluqla nəticələnmiş hərbi çevriliş cəhdinə qarşı ilk etiraz edən və qardaş ölkənin qanuni hakimiyyətinə ilk açıq dəstək verən dövlət, məhz Azərbaycan Respublikası oldu. Dövlətimiz və xalqımız bir daha bu addımı ilə sübuta yetirdi ki, qardaş ölkənin ən çətin vəziyyətlərində belə yanındadır. Hadisələr baş verər-verməz Azərbaycan Xarici İşlər Nazirliyi çevriliş cəhdindən dərhal sonra bəyanat verərək, rəsmi Bakının Türkiyə xalqı və dövlətinin yanında olduğunu bildirdi.
Eləcə də Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkə rəhbəri İlham Əliyevin bu hadisəni birmənalı şəkildə dövlət çevrilişi cəhdi, Türkiyə xalqının milli maraqlarına, ölkənin demokratik əsaslarına və hüququn aliliyinə qəsd kimi dəyərləndirdiyini bəyan etmişdi. Məhz bu faktordan belə nəticəyə gəlmək mümkündür ki, Türkiyə dövlətinin rəhbərliyi və yüksək diplomatik korpusları hər zaman Azərbaycanın dəstəyini öz üzərlərində hiss etdiklərini vurğulayıblar. Məsələn, Azərbaycan iqtidarının qəti və birmənalı mövqeyi Türkiyənin hökumət və dövlət rəsmiləri, eləcə də, Türkiyənin Bakıdakı səfiri tərəfindən dəfələrlə təqdir edilib.
Azərbaycan iqtidarının birmənalı mövqeyi ölkə siyasi palitrasının bütün seqmentləri tərəfindən bölüşülmədi
İki qardaş ölkə arasında sarsılmaz tellərin mövcudluğu istər xarici, istərsə də daxili düşmənlərin maraqlarına cavab verməyib. Xüsusilə, zaman-zaman, hətta vaxtaşırı olaraq xarici ölkələrdəki ağalarına xidmət göstərən, təlimatlar alıb, dövlət maraqlarıa qarşı "siyasət" yürüdən və xəyaətkar fəaliyyətlərini "müxalifət" pərdəsi altında gizlətməyə çalışan dairələr növbəti dəfə öz çirkin əməllərini müxtəlif sferalarda bölüşməyə cəhd göstərdilər. Beləliklə, Türkiyə hadisələri fonunda Azərbaycan iqtidarının birmənalı mövqeyi, təəssüf ki, Azərbaycan siyasi palitrasının bütün seqmentləri tərəfindən bölüşülmədi.
"FETÖ"-nün Azərbaycan filialının baş "hizmətçisi" AXCP sədri Əli Kərimli olub
O da sirr deyil ki, "FETÖ"-çü (Fətullah Gülənin terror təşkilatı-R.N.) qiyamçıları Ərdoğanı devirməyə nail olsaydılar, dərhal Azərbaycana qarşı da geniş mübarizə cəbhəsi açacaqdılar. Bu iddia ilə bağlı Türkiyənin baş naziri və xarici işlər naziri açıq mətnlə bildirdilər ki, F.Gülənin "hizmətçiləri" olan - fətullahçılar, gülənçilər, yaxud da "Gülən camaatı" terrorçuları Azərbaycanda da çevriliş planları hazırlayırmışlar. Belə bir halda Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Ə.Kərimli əlinə düşən fürsətdən maksimum şəkildə yararlamağa çalışıb və uzun illərdir əməkdaşlıq etdiyi "FETÖ"-nün təlimatlarını icra etmək üçün ağalarından əmr gözləyib. Çüki o da sirr deyil ki, dünyəvi Azərbaycanda gülənçiliyin sosial bazası olmadığından, bu rolu ənənəvi dağıdıcı müxalifət, daha dəqiqi, AXCP yerinə yetirməyə çalışıb və artıq cəbhəçilərlə fətullahçılar arasındakı əməkdaşlığa dair faktlar da ortadadır.
Faktlar, sübutlar, dəlillər...
İndi isə həmin faktları bir daha nəzərdən keçirək. Məsələn, artıq uzun illərdir ki, Kərimlinin ən yaxın tərəfdaşlarından olan jurnalist Qənimət Zahidin "Azərbaycan saatı" adlı verilişi Türkiyənin "Barış TV" kanalının tezliyindən yayımlanırdı. Dövlət çevrilişi cəhdindən dərhal sonra Türkiyə hakimiyyəti "Barış TV"-ni F.Gülənin qruplaşmasının nəzarətində olan digər bir çox KİV-lərlə birlikdə bağladı. Yəni Ə.Kərimli bundan xəbərsiz deyildi və digər faktlar da bu faktoru özlüyündə kifayət qədər ehtiva etməkdədir.
Aydın Taş-Turqut Ər-Əli Kərimli triosu - Azərbaycan və Türkiyənin dövlət maraqlarına qarşı
Həmin faktlardan digəri Ə.Kərimlinin fətullahçı "Kurultay" nəşrinin baş redaktoru Aydın Taşla xüsusi əlaqələrinin olmasıdır. Adıçəkilən nəşrin az qala hər nömrəsində Azərbaycan iqtidarının ünvanına yönəlmiş böhtanlar, çirkin cızma-qaralar yer alırdı. Eynilə Ə.Kərilminin, bilavasitə nəzarətindəki "Azadlıq" qəzetində olduğu kimi. Həmçinin, adıçəkilən nəşrin səhifələrində Q.Zahid insanları Azərbaycanda çevriliş etməyə çağırşlar edirdi. Məqalələrin bir çoxu isə Türkiyə xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Turqut Ərin qələmindən çıxırdı. O cümləfən, "Kurultay" dərgisində Ə.Kərimliyə də tez-tez tribuna verirdi. Əlbəttə ki, həm A.Taş, həm də T.Ər kimi xəyanətkar ünsürləri bunun əvəzində "Azadlıq" qəzetində tribunaya sahib olurdular. Onlar, o cümlədən, "Azadlıq" qəzetinin Türkiyədəki təmsilçisi səlahiyyətlərini də yerinə yetirərək, Türkiyə dövlətinə və iqtidarına qarşı çıxışları ilə yadda qalıblar. Lakin faktlar bununla da bitmir...
Gülən piramidasının maliyyəçisi Əli Kərimlini maliyyələşdirib
Məlum olub ki, Kərimli göstərdiyi xidmətlərinə görə zaman-zaman Gülən piramidasının baş maliyyəçisi olan Murat Kılıclının vasitəsilə pul yardımı alıb. Məhz həmin maliyyələr vasitəsilə AXCP sədri Ə.Kərimli Azərbaycanda çevriliş etmək məqsədilə müxtəlif radikal təmayüllü təşkilatlar yaradıb, onları çirkin məqsədlər üçün istifadəyə cəhdlər göstərib. Buna misal üçün "NİDA" hərəkatını göstərmək mümkündür. Hələ 2013-cü ildə "NİDA"-nın rəhbərlərinin həbsindən sonra bu qruplaşma AXCP-nin təsiri altına keçmişdi. Qəribədir ki, bundan sonra qruplaşmanın ideologiyasında liberal müsavatçılıqdan gizli gülənçiliyə doğru dəyişiklik baş verdi. Artıq bu dəyişikliyin haradan, kimdən və hansı üsullarla qaynaqlandığı da kifayət qədər bəllidir.
Beləliklə, "Azadlıq" qəzetinin son aylar çıxmış nüsxələrinin monitorinqi və Ə.Kərimlinin tərəfdarların sosial şəbəkələrdəki fəaliyyətinin təhlili də göstərir ki, bu şəbəkə Türkiyədəki çevrilişə hazırlıq üçün müəyyən sifarişləri yerinə yetirib. Belə ki, bu ilin əvvəllərində ABŞ mediasında Gülənin Ərdoğanı devirməyə çağıran yazıları işıq üzü görəndən sonra kərimovçu şəbəkə də, eynilə gülənçilər kimi, Ərdoğan əleyhinə kampaniyaya başlayaraq onun barəsində ictimai rəyin mənfiyə doğru dəyişməsinə "töhfə" verirdilər. Təbii ki, bu bənzərlik arxasında, necə deyərlər, möhkəm bağların olması şübhəsizdir. Bakıdakı gülənçi şəbəkənin fəal üzvləri və AXCP tərəfdarları, xüsusən, Ə.Kərimliyə yaxınlıqları ilə seçilən Natiq Ədilov, Qənimət Zahid, Mahmud Şərifov, Rəşid Cəfərov, Vüqar Niftiyev və digərləri F.Gülənə dəstək olaraq təbliğatlarını davam etdirib, Türkiyədə bu şəbəkənin darmadağın edilməsini pisləyiblər.
Artıq Əli Kərimlin müavinləri sosial şəbəkədə fəallaşmağa başlamışdılar
Misal üçün, Kərimlinin mətbuat katibi Natiq Ədilov sosial şəbəkələrdə yazır: ""Məxməri islam"ın iki mükəmməl modeli-Misirdə "Müsəlman qardaşları", Türkiyədə "Gülən camaatı". Təəssüf ki, hər iki müsəlman qardaşlarımızı terrorçu elan etdilər".
Ədilovun digər qeydində Bakıda gülənçilərə qarşı mübarizə pislənilir: "F.Gülən məktəblərini üç ölkə bağlayıb: Somali, İordaniya və Azərbaycan. Bu, acınacaqlı və gülməlidir!"
Nəticə etibarilə, belə qənaətə gəlmək mümkündür ki, hələ 2003-cü il prezident seçkiləri və 2005-ci il parlament seçkilərindən sonra "Yaşasın Bin Laden!" manşeti ilə qəzet çıxaran, Azərbaycanda siyasi islamın təbliği üçün rupora çevrilmiş "Azadlıq" qəzetinin sahibi Ə.Kərimli bu gün də eyni mövqedən çıxış edir, hakimiyyətə hansı yolla olursa-olsun, yiyələnməsi üçün, hətta şeytanla belə əməkdaşlığa hazır olduğunu sübuta yetirir.
Nardaran olayları - bənzərlik və qeyri-təsadüf
Ə.Kərimli AXCP sədri olaraq, ötən ilin noyabrında Nardaranda mənzillənmiş bir qrup radikal dindarın silahlı üsyan cəhdini də dəstəkləmişdi və bunu nəticəsi olaraq, onun müavini F.Qəhrəmanlı artıq sözügedən ittihamlar fonunda mühakimə olunur. Demək olar ki, Nardaran hadisələri yuxarıda qeyd edilənlərlə bənzərlik təşkil edir və bu, həm də təsadüf deyil, qeyri-təsadüf hesab oluna bilər. Məhz o da Nardaran hadisələri zamanı sosial şəbəkədə insanları "qiyama" səsləyib, bununla ölkədə vətəndaş qarşıdurması yaratmağa cəhdlər göstərib. Bütün bunların arxasında isə Ə.Kərimlinin dayanması şübhə doğurmur. Nəticədə, sağlam düşüncəli ictimai rəy də yaxşı anlayır ki, AXCP artıq ideoloji simasını itirmiş, milli mənafeləri düşünməyən, sədrinin merkantil məqsədlərinə çatmaq üçün istənilən qaranlıq dairələrlə müttəfiqliyə hazır olan anti-milli qüvvəyə çevrilib. Bu cür qüvvələrin qarşısı isə zamanında alınmalıdır.
Rövşən NURƏDDİNOĞLU