KÖŞƏ YAZISI
Əcəbdir e, demək, sən otur okeanın o biri başında, bu biri başında baş verənləri izlə və xoşuna gəlməyən olaylardan "narahat" olan kimi, özünə lazım hesabatlar gupa. Adını da qoy ki, mən demokratiyanın atasıyam, dədəsiyəm, nə bilim bacısı oğlunun qardaşı qızıyam və s. ABŞ-ı deyirəm...
Demək, həmin bu ABŞ-ın Dövlət Departamenti adlı bir idarəsi var. Ruslar demişkən, idarədən daha çox "Kukorakina kontora"ya daha çox bənzəyir. Yəni bu kontora ona görə belə adlandırılıb ki, orada kim-kimədir. Kimin ağlına nə gəlir, onu da yazır, deyir, bəyan edir və s. Məsələn, o günləri Hondurasda adamın biri çayqırağı gəzərkən, ayağı sürüşüb və yıxılıb çaya. Timsahlar da bunu görüb, çəkiblər üstünə hücumu və binəvanın bir ayağını yeyblər. Bəli, ABŞ-ın Dövlət Departamenti dərhal Honduras hökumətini yıxıb-sürüyüb, bəyan edib ki, honduraslı dövlət xadimləri nəyə görə builki dövlət büdcələrində əlavə olaraq, çayqırağı palçıqlı sahələri asfaltlamayıblar! İndi Honduras hökuməti düşüb əl-ayağa ki, bəs ABŞ-ın Dövlət Departamenti yaman "narahatdır", gecələr gözlərinə yuxu-zad da gəlmir.
Hələ bu, harasıdır? Demək, ərəb ölkələrinin birində bədəvi ərəb səhrada tənha qalıb və arvadı da yanında olmadığına görə, düşüb eşşəyinin üstünə...Nəticədə, eşşək ölüb. Pəhhh! Bu söhbət gedib çıxıb ABŞ-a. Dərhal Dövlət Departamenti heyvanların müdafiəsi şöbəsi adından tələf olmuş eşşəyə görə ərəblərdən izahat istəyib. Yoxsa...
Bu da son deyil. Uçan Naməlum Obyektlərin (UNO) son dövrlərdə Yer planetinə tez-tez səfər etmələri barədə, yəqin ki, çoxları xəbərdardır. Hətta bir neçə gün əvvəl Qırğızıstan "steplərində", yəni çöllüyündə bir UNO gəmisi qırğız kəndi Urtambek bölgəsində yaşayan Kulğur Bardanbayevin ferması üzərində dövtə vuraraq, onun bir neçə inəyini oğyrlamağa çalışıb. Gözünə döndüyüm Kulğur Bardanbayev görürüb qoşalüləsini və "al gəldi!" deyərək, atıb qırmalı gülləni UNO-ya tərəf. Nəticədə, bir nəfər humanoid UNO-dan yerə düşüb və canını tapşırıb. Söhbət yenə də gedib çıxıb ABŞ Dövlət Departamentinə. Yenə də dərhal Qırğızıstana nota göndərilib ki, onların kəndliləri UNO-ların və humanoidlərinin hüquqlarını pozurlar. Bu, demokratik prinsiplərə ziddir və planetlərarası münasibətlərə zərər vurur!
Demək, ABŞ-ın Dövlət Departamenti bildiyimiz qədər dünyanın dövlət departamenti deyil və yəqin ki, münasibət, etiraz, ya da bəyanat yayanda öz dövlətinə aid olan məsələlərə burnunu dürtməlidir. Axı açıq-aşkar yazılıb - Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti! Nə Hondurasın, nə ərəb ölkəsinin, nə də ki, Qırğızıstanın, məhz və məhz Amerikanın. Onda, görəsən, bunlar nəyə görə harada nə baş verərsə, o saatdaca, nənəm demişkən, "İNAYRAHAT" olurlar?! Məsələn, "inayrahat" olurlar ki, Azərbaycanda iqtisadi cinayətinə görə kimsə tutulur, qanun qarşısına çıxarılır, cinayət törədənlər törətdikləri cinayətlərinə görə müvafiq cəzalarını alırlar və buna görə də kimsəyə hesabat verməyə də borcumuz yoxdur!
Reallığa qalanda ABŞ-ın Dövlət Departamenti bir dəfə öznüdə kişilik tapıb Azrbaycana hesabat versin görək, o, hansı haqla başqa ölkənin daxili işlərinə qarışır?! Bəlkə bizim bilmədiyimiz nə isə var və amerikalı burundürtənlərin "Kukorakina kontoru"nun əlində danılmaz əsaslar-filanlar var..?!
Məncə, cavab verməli heç nələri yoxdur. Sadəcə, elə bilirlər ki, hegemon dövlət olduqlarına görə, necə istəsələr, kimi istəsələr ittiham edə bilərlər. Amma unudurlar ki, bir gün hər şey tərsinə çevrilər. Məgər Allahın əlində döyülmü? Bir gecənin işində o boyda ABŞ-ı çevirər ağzı üstünə və möhtac qalar vaxtilə ittiham etdiyi ölkələrə. Bəs onda nə olacaq? Yəqin ki, nə olacağını bizdən əfzəl zamana göstərəcək...
RÖVŞƏN