Muxtar Nağıyev: "Faktlar da belə qənaətə gəlməyə əsas verir ki, Əli Kərimli Fətullah Gülən üçün hər zaman əlverişli mənbə olub"
"Azərbaycanın dövlətçilik maraqları, xalq-dövlət vəhdətinin bariz nümunəsi heç vaxt imkan verməz ki, hansısa ölkəmizin müstəqilliyinə müdaxilə etməyə cəhd edən qurum, eləcə də daxili və xarici ünsürlər bu birliyə xələl gətirsin. Azərbaycanın qanunları var və bu qanunları pozmağa cəhd edənlər mütləq layiqli cavablarını alacaqlar". Bu fikirləri "SƏS" qəzetinə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədrinin birinci müavini Muxtar Nağıyev son günlər Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Ə.Kərimlinin qardaş Türkiyədə uğursuz hərbi çevriliş etməyə cəhd edən FETÖ təşkiatının lideri Fətullah Gülənlə qurduğu gizli işbirliyinə münasibətini bildirərkən deyib.
M.Nağıyev xatırladıb ki, iyul ayının 15-də Türkiyədə bir qrup hərbçi dövlət çevrilişinə cəhd edib. Lakin qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın xalqa çağırışından sonra Türkiyə dövləti və xalqı birlikdə çevrilişin qarşısını alıb: "Bundan sonra isə çevrilişə cəhd etmiş və bu planın arxasında duran FETÖ-çülərin direktivlərilə hərəkət edən xəyanətkarların həbsi başlayıb. Sonradan FETÖ şəbəkəsinin bir sıra ölkələrilə yanaşı, Azərbaycana da sirayət etmək cəhdləri nəticəsində məlum olub ki, məhz burada AXCP sədri Ə.Kərimlinin adının hallanması sonradan bir çox faktlarla sübutu yetirilməkdədir".
"Fətullahçıların fəaliyyəti təkcə Türkiyə miqyası ilə məhdudlaşmayıb"
M.Nağıyev qeyd edib ki, bu kimi vəziyyət Ə.Kərimli kimi xəyanətkar siyasətçi üçün birinci deyil: "Onun bütün dövrlərdə bu və ya digər şəkildə anti-Azərbaycan xarakterli xarici təşkilatlarla iş birliyi mövcud olub. Məqsəd isə, hansı yolla olursa-olsun, hakimiyyətə gəlmək idi. Bu baxımdan, Türkiyədə başlanan bu proseslərin araşdırılması dərinləşdikcə, növbəti dəfə aydın olub ki, fətullahçıların fəaliyyəti təkcə Türkiyə ilə məhdudlaşmır. Türkiyə ilə yanaşı, Qafqaz və Mərkəzi Asiya, eyni zamanda, ərəb ölkələrində də geniş agentura şəbəkəsi quraraq, süni siyasi böhranların yaradılması üçün münasib vaxtı gözləyirmişlər. Azərbaycanın bütün sahələrdə güclü inkişaf yolu keçməsi, dünyanın siyasi arenasında söz sahibinə çevrilməsini istəməyən qüvvələr isə hər zaman olub. Onlar, ilk növbədə F.Gülənin FETÖ təşkilatına xüsusi tapşırıqlar verərək, növbəti mərhələdə Azərbaycanı da hədəfə almağı tapşırıblar. Artıq faktlar da belə qənaətə gəlməyə əsas verir ki, Ə.Kərimli F.Gülən üçün hər zaman əlverişli mənbə olub. Özü də bu xəyanətkar əməkdaşlıq üçün illərin dərinliklərindən qaynaqlanıb gəlir.
Fətullahçılar Azərbaycanda da "beşinci kolon"un xidmətlərindən istifadə etmək və ölkədə qarışıqlıq yaratmaq planlarını işləyib-hazırlayıb. Məhz ilk olaraq, Türkiyə hökumətinin siyasi-hərbi və ictimai sektordakı fətullahçı terror təşkilatı FETÖ tərəfdarlarını təmizləmə əməliyyatları Ə.Kərimlinin televiziya məkanına çıxan yeganə yolunu bağladı".
"Əli Kərimlinin, həm də Qənimət Zahidin səs-küyləri bir daha onların fətullahçılarla əlaqələrini üzə çıxarmış oldu"
YAP Səbail rayon təşkilatının sədrinin birinci müavini onu da bildirib ki, AXCP sədrinin Türkiyə mediasında təbliğatını da Gülən təşkilatı həyata keçirib: "Belə ki, Türkiyədə bağlanan 16 fətullahçı telekanal arasında AXCP sədrinin təbliğat ruporu olan "Azərbaycan saatı"nın yayımlandığı "Barış" TV və "Can Ərzincan" TV-si də var idi. Bu televiziyaların bağlanmasından sonra həm Ə.Kərimlinin, həm də Q.Zahidin səs-küyləri bir daha onların fətullahçılarla əlaqələrini üzə çıxarmış oldu".
M.Nağıyev, xüsusilə vurğulayıb ki, bundan başqa, bu günə qədər Qərbdəki bəzi anti-Azərbaycan dairələrindən AXCP sədri üçün gələn maliyyə vəsaitlərinin elə F.Gülənə məxsus olması da üzə çıxır: "Vaxtilə "Eurovision-2012", 2013-cü il prezident seçkiləri, 2015-ci ildə I Avropa Oyunlarını pozmaq üçün Qərbdəki maraqlı dairələrdən göndərdiyi maliyyənin böyük hissəsinin, məhz FETÖ-çülərə aid olması artıq heç kəsdə şübhə doğurmur".
"Əli Kərimli oğlunu nəyə görə Amerikaya göndərib?"
"Ümumiyyətlə, FETÖ lideri ilə Ə.Kərimlinin sıx əlaqələrinin olması faktını AXCP sədrinin oğlu T.Kərimlinin bir qədər əvvəl ABŞ-a səfəri bir daha isbatladı"-deyə qeyd edən M.Nağıyev, həmçinin bildirib ki, Türkiyədə F.Gülən şəbəkəsi ətrafında gərgin anların yaşandığı vaxt Ə.Kərimli oğlu T.Kərimlini ABŞ-a göndədir və onun Vaşinqtonda bir sıra siyasətçi, zəngin iş adamları ilə görüşünü təşkil edir: "Sual olunur: Türkiyə ilə ABŞ arasında F.Gülənlə bağlı ciddi qalmaqalın yaşandığı bir zamanda, Azərbaycan dövlətinin qardaş ölkənin maraqlarını müdafiə etdiyi bir zamanda Ə.Kərimli oğlunu nəyə görə Amerikaya göndərib? Çox yəqin ki, FETÖ-dən növbəti təlimatlarını almaq və onları icra etmək üçün. Əbəs yerə deyil ki, T.Kərimli ABŞ-ın QHT sektoruna daxil olan maliyyə fondlarında görüşlər keçirib. F.Gülən də zəngin iş adamı kimi həmin fondlarda təmsil olunduğundan, Ə.Kərimli maddi vəsaitləri və "Azərbaycan saatı"na yeni efir meydanı almaq üçün oğlunu "elçi" qismində okeanın o tayına göndərib".
Müsahibimiz sonda qeyd edib ki, heç bir halda, Azərbaycan dövləti məkrli ünsürlərin ayaq açıb yürümələrinə, xəyanətkarların dövlətçilik maraqlarına qarşı çıxmalarına imkan verməyəcək: "Çünki Azərbaycanın müstəqil siyasət yürütməsi, dünyada söz sahibinə çevrilməsi faktoru kifayət qədər bu fikrə əsaslanmağa zəmin yaradır. Ə.Kərimli və onun kimi beş-on nəfər xəyanətlarlar isə, əslində, qanun qarşısına çıxıb, xalqa cavab verməlidirlər. Bu günə qədər etdikləri xəyanətlərinə görə".
Rəfiqə KAMALQIZI