SİYASİ RAKURS
Siyasi uğursuzluqlarını Azərbaycana qaşrı sanksiyalarda axtaranlara yalnız bu adı vermək olar
Ənənəvi düşərgənin ölkə daxilində baş verən ictimai-siyasi hadisələr çərçivəsində öz güclərinə ümid etməmələri və uğurlarını tamamilə başqa nöqtələrdə axtarmaları hər zaman görünən tərəf olmuşdur. Bu, artıq bir faktdır ki, Azərbaycanda seçki və s. proseslər dövrü məğlubiyyət sindromlarını əvvəlcədən hiss edən ənənəvi düşərgə "liderləri" dərhal xarici maraqlı təşkilatlara üz tutaraq, özlərini süddən məhrum olmuş çağalar kimi aparıb, nə isə tələb etməyə başlayırlar. Əlbəttə ki, Azərbaycanın sürətli inkişaf trayektoriyası genişləndikcə, ölkəmiz regionda və dünyada söz sahibinə çevrildikcə, Qoca Qərb bundan narahat olmağa başlayır və bu narahatlığın izharını biz zaman-zaman böhtan dolu hesabatlarda və bənzər qərəzli bəyanatlarda görməkdəyik. Lakin onu da qeyd etmək yerinə düşərdi ki, bu məsələdə bir sıra xarici təşkilatlara nökərçilik edənlər də, məhz müxalifət adı altında fəaliyyət göstərən ambisiyalı siyasətbazlardır. Onların işləri-gücləri həmin Qərb təşkilatlarının ayaqqabı bağlarını bağlamaqdan bəzən isə fırçalayıb-parıldatmaqdan ibarət olur.
Venesiya Komisiyasının Azərbaycanın öz daxili proseslərində gedən siyasi hadisəyə müsbət rəy verib-verməməsindən sizə nə?!
Məsələn, Azərbaycan növbəti ciddi ictimai-siyasi proses ərəfəsindədir. Ölkəmizdə referendum keçiriləcək. Daha öncədən də, qeyd olunduğu kimi, sözügedən proses, bilavasitə ölkəmizin daxili və xarici siyasətindəki mövqeyinin daha da gücləndirilməsinə yönəlib. Bu isə, birbaşa xalqın maraqlarına, dövlətçiliyimizin maraqlarına xidmət edən bir addımdır.
Ancaq dəymədüşər, hay-harayçı və yaltaq müxalifət "liderləri" bütün bu amilləri bir kənara qoyub, yalnız öz çirkin məqsədləri istiqamətində fəaliyyət göstərməyə başlayıblar. Misal üçün, AXCP-yə yaxın mətbu orqanlardan biri yazır ki, guya Venesiya Komissiyasının referenduma müsbət rəy verməməsi nəticələri şübhə altına alacaq və s. Düşündürücü bir iddiadır və maraqlısı da budur ki, axı Venesiya Komisiyasının Azərbaycanın öz daxili proseslərində gedən siyasi hadisəyə müsbət rəy verib-verməməsindən sizə nə?! Məgər müstəqil və suveren Azərbaycan indiyə qədər əldə etdiyi inkişaf faktorlarını Venesiya Komissiyasının rəylərinə görəmi əldə edib?!
Təəssüf ki, bu gün AXCP, "Milli Şura", Müsavat və s. dırnaqrarası müxalifət partiyaları hələ də Qərbdəki ağalarına yalmanmaqla, qarşılarında ikiqat çöküb, quyruq bulamaqla məşğul olmaq xasiyyətlərini qoruyub-saxlamaqda davam edirlər. Bütün bunları isə, görün, necə "əsaslandırırlar". İddia edirlər ki, guya ölkəmizdə "siyasi repressiya dalğası" hökm sürür. Hətta Avropa İttifaqı da baş verənlərlə bağlı Azərbaycan hakimiyyətinə xəbərdarlıq edibmiş (??!!-R.R.). Üstəlik, Böyük Britaniyanın Avropa və Amerika İşləri üzrə naziri (?!-R.R.), ABŞ-ın Dövlət Departamenti (?!-R.R.) də referendumla bağlı "insan haqlarının pozuntusuna yol verilməməsinə çağırıb".
Nə gözəl..!
Niyə banket-filan keçirmirlər, məgər istədikləri bu cür qərəzli, diktəedici bəyanatlar, hesabatlar deyildimi?
Maraqlıdır, bəs Ə.Kərimli, C.Həsənli, A.Hacılı və sair "liderlər" nəyə görə bir araya gələrək, banket-filan keçirmirlər? Bir-birlərinə yeyib-içmək verib, şadyanalıq etmirlər? Axı o boyda ağaları bunların yaşadıqları ölkələrinə qarşı da ağalıq etməyə cəhdlər göstərirlər! İstədikləri bu cür qərəzli, diktəedici bəyanatlar, hesabatlar deyildimi? YAZIQ BİNƏVALAR...
Xalq və dövlətin vəhdəti amilini unudan bu siyasi yaltaqlar toplumu, əslində, bir daha sübut edirlər ki, onların işləri-gücləri elə onun-bunun ayaqqabı bağlarını bağlayıb, buna görə sümük payı almaqdır. Reallıqda isə onları nə referendum, nə də onun nəticələri narahat edir. Onları maraqlandıran yalnız şəxsi mənafeləri və düşük siaysi dividendləridir. Özlərini xalqdan təcrid edən bu cür "müxalifətdən" artığını gözləməyə, ümumiyyətlə, dəyməz.
Rövşən RƏSULOV