PDF Oxu

Müxalifət

  • 1 916

Terroru fəaliyyət prinsipinə çevirmiş "partiya sədri"

image

Yaxud Əli Kərimlinin FETÖ-çülərlə işbirliyi faktlarla sübuta yetirilməkdədir

15 iyul tarixində qardaş Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhddən sonra başında Fətullah Gülənin durduğu FETÖ-çülərlə işbirliyində olan ayrı-ayrı fərdlər, siyasilər, hərbçilər və başqaları ifşa edildi və həbs olundu. İfşa olunanların sırasında isə daim Azərbaycan dövlətinin milli maraqlarına zərbə vuran AXCP sədri Ə.Kərimli də yer tutdu. Ortaya çıxan faktlar da məhz onun F.Gülənlə birlikdə Azərbaycanda qanlı planlar hazırladığını üzə çıxardı.

Ə.Kərimlinin FETÖ-çülərlə əlaqəsini isbata yetirən faktlar F.Gülənlə əlaqəli şəxslərin tutulmasından və kanalların qapadılmasından sonra üzə çıxdı. Əlbəttə ki, Azərbaycan iqtidarının Türkiyədə demokratiyanı dəstəkləyən birmənalı mövqeyi ölkəmizin siyasi palitrasının bütün seqmentləri tərəfindən bölüşülmədi. Çünki FETÖ-çülərlə işbirliyində olan və gülənçiliyin Azərbaycandakı sosial bazası rolunu oynayan AXCP ölkımizdə qanlı hadisələr törətməyə çalışacaqdı. Bu mənada, AXCP ilə fətullahçılar arasında əməkdaşlığa dair faktların olması təkzibolunmaz dəlillərlə sübut olundu.

Ə.Kərimlinin ən yaxın tərəfdaşlarından olan jurnalist Qənimət Zahidin "Azərbaycan saatı" adlı verilişi Türkiyənin "Barış TV" kanalının tezliyindən yayımlanırdı. Dövlət çevrilişi cəhdindən dərhal sonra Türkiyə hakimiyyəti "Barış TV"-ni F.Gülənin qruplaşmasının nəzarətində olan bir çox KİV-lərlə birlikdə bağladı. Ə.Kərimlinin fətullahçı "Kurultay" nəşrinin baş redaktoru Aydın Taşla da xüsusi əlaqələri var. Bu nəşrin az qala hər nömrəsində iqtidarın ünvanına çirkin cızma-qaralar yer alır. O nəşrin səhifələrində Q.Zahid Azərbaycanda çevrilişə çağırırdı. Məqalələrin bir çoxu Türkiyə xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Turqut Ərin qələmindən çıxan dərgi Ə.Kərimliyə də tez-tez tribuna verirdi. A.Taş həm də "Azadlıq" qəzetinin Türkiyədəki təmsilçisi səlahiyyətlərini yerinə yetirir. 2013-cü ildə isə "NİDA"-nın rəhbərlərinin həbsindən sonra bu qruplaşma AXCP-nin təsiri altına keçib. Bundan sonra qruplaşmanın ideologiyasında liberal müsavatçılıqdan gizli gülənçiliyə doğru dəyişiklik baş verib. "Azadlıq" qəzetinin son aylar çıxmış nüsxələrinin monitorinqi və Ə.Kərimlinin tərəfdarlarının sosial şəbəkələrdəki fəaliyyətinin təhlili də göstərir ki, bu şəbəkə Türkiyədəki çevrilişə hazırlıq üçün müəyyən sifariş də yerinə yetirmişlər.

Belə ki, bu ilin əvvəllərində ABŞ mediasında Gülənin Ərdoğanı devirməyə çağıran yazıları işıq üzü görəndən sonra AXCP şəbəkəsi də Ərdoğan əleyhinə kampaniyaya başlayaraq, onun barəsində ictimai rəyin mənfiyə doğru dəyişməsinə "töhfə" verirdilər.

Bakıdakı gülənçi şəbəkənin fəal üzvləri və AXCP tərəfdarları, xüsusən, Natiq Ədilov, Qənimət Zahid, Mahmud Şərifov, Rəşid Cəfərov Vüqar Niftiyev və digərləri Gülənə dəstək olaraq təbliğatlarını davam etdirib, Türkiyədə bu şəbəkənin darmadağın edilməsini pisləyiblər.

Məsələn, Ə.Kərimlinin mətbuat katibi Natiq Ədilov sosial şəbəkələrdə yazır: "Məxməri islam"ın iki mükəmməl modeli-Misirdə "Müsəlman qardaşları", Türkiyədə "Gülən camaatı". O, daha irəli gedərək, Bakıda gülənçilərə qarşı aparılan mübarizəni pisləyərək yazıb ki, F.Gülən məktəblərini üç ölkə bağlayıb: Somali, İordaniya və Azərbaycan. Bu, acınacaqlı və gülməlidir!

Bütün bunlarla yanaşı, FETÖ üzvləri yayıldıqları ölkələrdə hər zaman müxalifəti öz təsir dairələrinə salmaqda maraqlı olublar. Müstəqil araşdırmaçılar qeyd edirlər ki, Azərbaycanda 2003-cü il prezident seçkiləri zamanı fətullahçılar Ə.Kərimlinin daxil olduğu seçki ittifaqına gizli dəstək veriblər. Məhz 2005-ci ildə Azərbaycanda hazırlanan dövlət çevriliş cəhdinin müəlliflərindən biri FETÖ olub. Bu məqsədlə də R.Quliyev-Ə.Kərimli-Fərhad Əliyev qruplaşmasına dəstək verib, "narıncı inqilab"ın Qərbdəki ideoloji mərkəzləri ilə çevrilişçilər arasında vasitəçi rolunu oynayıb. 2009-cu ildə isə Türkiyə-Ermənistan sərhədlərinin açılmasına nail ola bilməyən F.Gülən Azərbaycan ictimai rəyini gələcəkdə buna hazırlamaq üçün Ə.Kərimlidən maddi-mənəvi yardımını əsirgəməyib.

Azərbaycan hökuməti isə hələ 2005-ci ildə Gülən məktəblərinin bağlanmasına təşəbbüs göstərib, lakin Türkiyənin o zamankı siyasi rəhbərliyindəki müəyyən şəxslər bu təşəbbüsə qarşı çıxıblar. Həm 2005, həm də 2014-cü ildə FETÖ-yə aid məktəblərin bağlanması məsələsinə Ə.Kərimli və tərəfdarları ciddi etiraz edib.

Eyni zamanda, AXCP-nin Nardaranda mənzillənmiş bir qrup radikal dindarı dəstəkləməsi onun FETÖ tərəfdarı olmasına daha bir işarədir. Çünki hər iki halda, söhbət dini-radikal sosial baza ilə işləməkdən gedir və bu, Qərbin müəyyən çevrələrinin maraqlarına xidmət edir. Klerikal dairələrlə əməkdaşlıq AXCP sədrinə tapşırılmış missiyadır və FETÖ-çülər də yaxşı bilirlər ki, Ə.Kərimlinin dəstəsi pulunu verən hər kəslə işləməyi hər şeydən üstün tutur.

Bütün bu faktlar bir daha Ə.Kərimlinin F.Gülənlə əlaqələrini sübut edir. Elə Nardaran hadisələrini təsadüfən Türkiyədəki çevriliş cəhdinin sınaq məşqi hesab etmirlər. Ona görə də, ictimaiyyət Ə.Kərimlinin Nardaran hadisələrindəki rolunun dərindən araşdırılmasını istəyir. Türkiyədə baş verən çevriliş cəhdinin isə Ə.Kərimli tərəfindən pislənməsi özünü sığortalamaqdan başqa bir şey deyildir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər