Nardaran olaylarının səbəbkarı Taleh Bağırzadə haqqında deyiləsi hələ çox faktlar üzə çıxacaq. Dövləti xəyanətkar adlandıran "dindar" həyasızlığını məhkəmə qarşısında nümayiş etdirib. Çünki peşmançılıq və üzrxahlıq üçün qalan bir barmaqlıq vicdan yerini son çıxışı ilə heçə endirir və yenidən suçu dövlətin üstünə atır.
Bəs həqiqət nədir? Din adı altında bir əlində "Quranı-Kərim" digər əlində hakimiyyətin açarını tutub çeviriş etmək üçün can atan T.Bağırzadə kimi xainlər, terrorçular, xalqı hakimiyyət dairələrinə qarşı qırdırmaq istəyən xarici kəşfiyyatçılar və onların həmin ərazilərdəki əlaltıları bu cür alçaq əməllələrə əl ata bilərlər. Ancaq tutduqları əməllərinə görə, törətdikləri cinayətə görə cəzalarını da çəkməlidirlər. Bunu xalq da tələb edir. Çünki din pərdəsi altında fəaliyyət göstərən, əslində isə, xarici dairələrin göstərişləri əsasında Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq istəyən T.Bağırzadə kimi radikal ekstremistin əsl simasını xalqa gördü.
TALEhin terror BAĞIRan xaos planı və ya "ədalətli" yalanı...
Bakı Ağır Cinayətlər Məhkəməsində T.Bağırzadə, Fuad Qəhrəmanlı və digərlərinin Nardaran işi üzrə məhkəmə proseslərində AXCP sədri Ə.Kərimlinin şeytan cildində olan T.Bağırzadənin müdafiəsinə qalxması heç də təəccüb doğurmadı. Çünki hər ikisi şeytanla belə iş birliyi quranlardır.
Araşdırmalar isə sübut edir ki, əslində, T.Bağırzadə din pərdəsi altında Azərbaycan dövləti əleyhinə iş aparmaqla ölkədə iğtişaşlar törətmək istəyib. Bu məqsədlə, o, Nardaranı əsas məskən seçib, amma Gəncədə, İsmayıllıda və bəzi digər ərazilərdə özünə tərəfdarlar toplamışdı. Onun və dəstəsinin məqsədi də bəlli idi: ölkə boyu iğtişaşlar törədilməsinə nail olmaq, xarici dini mərkəzlərdən qidalanmaqla, ölkəmizin maraqlarının əleyhinə olan yad ideologiyanı Azərbaycana gətirmək. Din pərdəsi altında məqsədlərini həyata keçirməyə cəhd edən T.Bağırzadə və onun ətrafında olanlar xalqı itaətsizliyə çağırması, sosial şəbəkələr vasitəsilə hakimiyyət orqanlarını, vəzifəli şəxsləri hədələməsi, terrora açıq çağırışdan başqa da bir şey deyildi.
Doğrudur, onun davamı da ola bilərdi. Amma vaxtında atılan addımlar T.Bağırzadənin tərəfdarlarının ölkə boyu iğtişaşlar törətməsinin qarşısını, itkilər hesabına olsa da, almağa imkan verdi. Həyasızlığın son həddi isə ondadır ki, şeytan cildinə girmiş bu iblis durub "ədalət" uğrunda mübarizə apardığını deyir. Ancaq fakt faktlığında qalmaqdadır. Çünki dini radikalizmi, ekstremizmi özlərinin əqidəsinə və həyat tərzlərinə çevirmiş T.Bağırzadə və tərəfdarları Naradaranda möhkəmlənərək, dövlətin konstitusiya quruluşunu, qanunlarını, ictimai həyat normalarını inkar etməklə, özünəməxsus üsul-idarə modeli tətbiq etməyə çalışırdılar. Bununla da onlar ölkənin qanunlarını, dövlət atributlarını inkar edir, Azərbaycan dilinin tətbiqi ilə bağlı qanunvericiliyin tələblərini qəsdən pozur, azyaşlı və yeniyetmələr arasında cəhaləti və zorakılığı təbliğ edirdilər. Dövlət buna göz yuma, T.Bağırzadə və tərəfdarlarının fəaliyyətinin genişlənməsinə imkan verə bilməzdi.
Göründüyü kimi, bu gün Ə.Kərimlinin "Müsəlman Hərəkatı Birliyi" təşkilatının sədri T.Bağırzadəyə dəstək verməsi, məhkəmə prosesini siyasiləşdirməyə çalışması onun Azərbaycanda siyasi sabitliyi pozmağa cəhd edən qüvvələrlə və radikal dini qruplaşmalarla işbirliyində olduğuna işarədir. İctimaiyyəti maraqlandıran suallar isə, yəqin ki, bundan sonra da məhkəmə prosesində araşdırılacaq.
Rəfiqə HÜSEYNOVA