"Azadlıq" qəzeti, "Meydan" TV, "Azadlıq" radiosu kimi KİV-lər terrorizmi təbliğ edirsə, bu, birbaşa cinayətdir"
Türkiyədə baş verən hadisələrdən sonra çevrilişə cəhdin təşkilatçılarının həbs edilməsi prosesi geniş miqyas aldıqdan sonra Azərbaycandakı bəzi müxalifət qüvvələri də hərəkətə keçərək, bir növ gülənçilərə dəstək nümayiş etdirirlər. Hətta bəzi müxalifətə yaxın "Azadlıq" qəzeti, "Meydan" TV, "Azadlıq" radiosu kimi KİV-lər terrorizmi təbliğ edir və "Azadlıq" kimi qəzetlər "Bin Ladenə eşq olsun" şuarları ilə çıxış edirlər. Sual yaranır: müxalifət partiyalarının, eləcə də, onlara yaxın "Azadlıq" qəzetinin, "Azadlıq" radiosuna və eləcə də, "Meydan" TV-nin terrorizmi təbliğ etməsi nədən qaynaqlanır?
"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev:
- Bu cür hallar daha çox qeyri-peşəkarlıqdan irəli gəlir. Biz Türkiyədə iyulun 15-də dövlət çevrilişinə cəhd kontekstində bunu bir daha müşahidə etdik. Həmin axşam, hətta ondan sonrakı günlərdə də özlərini demokrat adlandırılanlar Türkiyə xalqının seçdiyi qanuni hökumətin devrilməsinə çalışanları dəstəklədilər, bir növ onlara informasiya dəstəyi verdilər. Türkiyənin qanuni prezidenti, hökuməti aşağılandı. Öz xalqına silah çevirən, parlamentini bombalayan, küçələrə tank çıxaran üsyançılar qəhrəman kimi təqdim olundu. Bu, çox acınacaqlı idi. Hətta Türkiyə hökuməti dövlət çevrilişinə cəhdin təşkilatçısı kimi FETÖ-nü göstərəndən sonra da bəzi mətbuat orqanları öz amplualarında qaldılar. Bir növ terrorçuları dəstəkləməkdə davam etdilər. Bunun haradan qaynaqlanması ilə bağlı müxtəlif variantlar irəli sürmək olar. Bir səbəb o ola bilər ki, bu gün Türkiyədəki dövlət çevrilişi cəhdinin arxasında Qərbə bağlı mərkəzlərin durması haqqında açıq mətnlə danışılır. Azərbaycan çevrilişə cəhd edənlərə haqq qazandıran KİV-lərin, demək olar ki, böyük əksəriyyətinin maliyyəsi, məhz Qərbdən gəlir. Onlar bir növ bağlı olduqları dairələrin işinə informasiya dəstəyi verməyi özlərinə borc bildilər. Digər tərəfdən, bəzi media qurupları var ki, orda anarxist, heç bir təşkilatlanmanı, sistemli dövləti qəbul etməyən, hər şeyə dağıdıcı aspektdən yanaşan insanlar toplaşıblar. Onlar dünyanın istənilən bölgəsində oturuşmuş hakimiyyətlərə qarşı olan istənilən cəhdi guya xalq inqilabı kimi qələmə verib dəstəkləyirlər. Türkiyədəki proseslər zamanı da baş verənlərə bu müstəvidən yanaşdılar. Ümumilikdə, media camiəsi, dövlət qurumları bu cür ekstremal durumlarda medianın davranışları ilə bağlı müzakirələr aparmalı, fors-major hallarda davranış qaydalarını gözdən keçirməlidir. Peşə etikası qaydalarını, yerli qanunvericiliyi pozan, beynəlxalq konvensiyalara zidd fəaliyyət göstərən KİV-lərin adları açıqlanmalıdır. Mətbuat Şurası bu cür qurumlarla bağlı monitorinqlər aparmalı, nəticələr ümumiləşdirməli və gələcəkdə də bu cür halların baş verməməsi üçün ən azından profilaktik iş həyata keçirilməlidir.
BAXCP sədr müavini Niyaməddin Orduxanlı:
- "Azadlıq" qəzeti, "Meydan" TV, "Azadlıq" radiosu kimi KİV-lər terrorizmi təbliğ edirsə, bu, birbaşa cinayətdir. Azərbaycan dövlətinin qanunları ilə bu insanlar cinayət məsuliyyətinə cəlb edilməlidilər, kimliyindən asılı olmayaraq. Adları çəkilən KİV-lər birbaşa Ə.Kərimlinin nəzarətindədir. Onun icasəzi olmadan "Azadlıq" qəzetində bir yazı belə gedə bilməz. Əgər Ə.Kərimli qəzetində "Bin Ladenə eşq olsun" tipli şüarları ilə çıxış edilirsə, daha nə demək olar? Radikal müxalifət indiki məqamda özünü Qərbə yaxın göstərmək istəyir. Bilirsiniz ki, F.Gülən ABŞ da yaşayır və onun dəstəkçisi ABŞ-dır. "Meydan" TV də Qərbin maliyəsi ilə fəaliyyət göstərən qurumdur. Hətta bunlar ermənilərin də təblığatını aparmaqdan utanmırlar. Ə.Kərimli də daxil olmaqlar, bunlar üçün əsas maliyyə mənbəyidir. Neçə deyərlər, pulunu ver, nə istəyirsən yazdır.
"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev:
- Hesab edirəm ki, AXCP ilə fətullahçılar arasında əməkdaşlığa dair faktların araşdırılması xüsusi xidmət orqanlarının işidir. Heç şübhə etmirəm ki, Azərbaycanın xüsusi xidmət orqanları bu məsələni araşdıracaqlar. Azərbaycanın daxilində hər hansı bir siyasi qüvvənin xaricdəki müəyyən siyasi və qeyri-siyasi dairələrlə qeyri-şəffaf şəkildə əlaqələr saxlaması, əməkdaşlıq etməsi tamamilə yolverilməzdir. Belə hallar olsa, buna qarşı tam şəkildə tədbirlər görülməlidir. Ona görə ki, siyasi qüvvələrin fəaliyyətinin şəffaflığı bir nömrəli prinsipdir. Çünki siyasi qüvvələrin fəalliyyətində şəffaflıq olmayanda, burada müxtəlif şübhələr baş qaldırır. Ona görə də, düşünürəm ki, ölkəmizin içindəki bütün siyasi qüvvələrin siyasi fəaliyyəti tam şəffaf olmalıdır. Əgər əməkdaşlığa dair şübhələr olsa, bu, mütləq araşdırılmalıdır.
GÜLYANƏ