Pərdənin arxasından Əli Kərimli, Fuad Qəhrəmanlı kimi xəyanətkar ünsürlər çıxır
Nardaran hadisələri ətrafında aparılan müzakirələr, analitik fikirlər və gəlinən nəticələr hələ çox mətləblərin üzə çıxmasına səbəb olacaq. Belə ki, Taleh Bağırzadə, eləcə də özünü "xəlifə" elan etdiyi "Müsəlman Birliyi Hərəkatı", o cümlədən, radikal dini qruplaşmanın ona biət etmiş üzvləri heç də islami dəyərlərə hörmət qoymadıqlarını, məhz Nardaranda sübuta yetirmiş oldular. Çünki T.Bağırzadənin dünyəvi və tolerant Azərbaycanda kirli maraqları, qaranlıq niyyətləri olan xarici qüvvələrlə iş birliyi bəs-bəlli idi. Biz bunu proseslərin sonunda da gördük. Belə ki, "Milli Şura"nın "Müsəlman Birliyi Hərəkatı"na qahmar çıxması təsadüfi deyil. Lakin sözügedən oyunun daha bir görünən tərəfi var. Bu, radikal dini qruplaşmanın yaxın dəstəkçisi kimi çıxış edən və yenə də radikalizm amilindən çıxış edən siyasi müxalifət qurumu "Milli Şura" və onun özəyini təşkil edən AXCP-dir. Məsələn, məlumdur ki, həbsdən çıxandan bəri daim kəskin, sabotajçı, provokativ fikirli bəyanatlarla çıxış edən, çağırışlar edib, şüarlar səsləndirən T,Bağırzadə həmin vasitələrlə müxalif düşüncəli adamları özünə cəlb etməyi bacarmışdı və söz yox ki, bu məsələdə ona dəstəkçi olan tərəf "Milli Şura" və AXCP olub. Halbuki istər "Milli Şura"nın sədri Cəmil Həsənli, istər AXCP sədri Ə.Kərimli, istərsə də AXCP sədrinin müavini Fuad Qəhrəmanlı kimi ünsürlər ona dəstəkçi oldular. Daha dəqiq desək, onlar da T.Bağırzadə və yandaşları kimi satqınçılıq, dağıdıcılıq psixologiyasına mənsub olan avantürist, sabotajçılar kütləsinin bir parçasıdırlar. Məsələn, necə ki, T.Bağırzadə onun kimi olmayanları öz təbirincə real müsəlman hesab etmirsə, Ə.Kərimli, C.Həsənli, F.Qəhrəmanlı da onlar kimi olmayanları öz təbirlərincə real demokrat və real müxalifətçi hesab etmirlər.
Fuad Qəhrəmanlı terrora necə dəstək verdi?!
AXCP sədrinin müavini, "Milli Şura"nın koordinasiya mərkəzinin üzvü F.Qəhrəmanlı sosial şəbəkədə Nardaranda həbs olunan T.Bağırzadənin və onun terrorçu qruplaşmasının üzvlərinə dəstək verməyən nardaranlıları, o cümlədən, terrordan kənar dayanan inanclı kəsimi heç bir əsası olmadan ittiham edib, bununla da təxribatçı şüarlar səsləndirib: "Haradadır İmam Hüseyn üçün ağlayıb, Yezidi lənətləyənlər? Niyə səsiniz çıxmır, görmürsünüzmü Nardaranda insanlara edilən zülmü? Əmin olun, bu düşüncə və xarakterlə sizlər İmam Hüseyn dövründə yaşasaydınız, həbs, ölüm qorxusu ilə o zaman da səsinizi çıxarmazdınız, onu Hacı Taleh kimi meydanda tək buraxardınız..."
Təxribatçı fikirlərinin sonunda "Məhərrəmlik ayında məscidə gedib ağlamaqla, İmam Hüseyn yolçusu olmaq olmaz" kimi ifadələrə yer alan Ə.Kərimlinin sevimli müavini bununla inanclı kəsimi küçələrə çıxmağa səsləyib. Beləlkilə, günü-gündən daha aydın şəkildə həmin xarici qüvvələrə işləyən milli satqınların iç üzü aşkarlanıb.
Göründüyü kimi, F.Qəhrəmanlı ən azı onun qədər məsuliyyəti bölüşən sədri Ə.Kərimlinin səhifəsində də açıq şəkildə dövlətin Nardaranda məskunlaşan terrorçu dəstənin zərərsizləşdirilməsindən narahatlığını da ifadə edib və şərhlərində "Müsəlman birliyi" və qeyri-konstitusion yolla dövlət çevrilişinə hazırlaşan ekstremistləri dəstəklədiyini açıq-aşkar da bildirib.
Beləliklə, AXCP sədrinin müavininin dövlətçilik əleyhinə xarici qüvvələrlə işbirliyində olan T.Bağırzadə və dəstəsinin yanında olması təkzibolunmaz faktlarla öz təsdiqini tapır. Proseslər onu deməyə əsas verir ki, AXCP rəhbərliyi siyasi mübarizə ilə hakimiyyətə gələ bilmədiyini dərk edərək, terrorçularla əlbir olub, dövlət çevrilişi yolu ilə iqtidara gəlməyi planlaşdırırmış. Aparılan operativ əməliyyatlar nəticəsində radikal müxalifətin bu iyrənc niyyəti də ifşa olundu.
Təsadüfi deyil ki, F.Qəhrəmanlı V çağırış Milli Məclisə seçkilərin keçirildiyi 1 noyabr tarixli statusunda bunu açıq bəyan edir. O yazır ki, "xalq seçki yolu ilə hakimiyyəti dəyişmək hüququndan məhrum edilib. Deməli, ölkəmizdə demokratik dəyişikliklərin yolu, saxta seçkilərdən yox, xalqın meydana çıxaraq, davamlı və kütləvi etiraz aksiyaları keçirməsindən keçir".
Bu statusdan da aydın görünür ki, T.Bağırzadə ilə birləşən Ə.Kərimlinin AXCP-si ölkədə iğtişaşlar, silahlı qarşıdurma yaratmaq niyyətində olub.
Ancaq şükürlər olsun ki, məkrli, çirkin niyyətlərin qarşısı zamanında alındı və Azərbaycan dövləti, əslində, bütün dünyaya sübut etdi ki, nə erməni lobbisinin milyardlarla pulları, nə də qondarma islamçıların "ideologiyaları" ayaq tutub, yeriyən deyil. Bu, artıq sübut olunub. Sübut olunub ki, Azərbaycanda hakimiyyət və xalq birliyi əbədi və dönməzdir.
Rəfiqə HÜSEYNOVA