Proseslər Arif Hacılının ziyanına işləyir
Son vaxtlar Müsavatda baş verən başqan Arif Hacılı ilə "Yeni Müsavat"ın baş yazarı Rauf Arifoğlu arasında yaşanan olaylar və ardıcıl olaraq istefalar bir çox mətləblərin üzə çıxmasına səbəb olub. Xüsusilə də, bütün baş verənlərin ilk səbəbkarı Müsavat partiyasının başqan müavini Tofiq Yaqublu həbsdən çıxdıqdan sonra onun ölkənin siyasi müxalifət düşərgəsində əzəli rəqiblər kimi qiymətləndirilən AXCP və Müsavat partiyaları arasındakı soyuq münasibətlərin aradan qaldırılması prosesinə start verməsi olub. Ancaq T.Yaqublunun bütün canfəşanlığı heç bir nəticə vermədi. Hətta göründüyü kimi, bu gün ölkədaxili siyasi proseslərdə hər iki partiyanın ayrı-ayrı baxışları mövcuddur və zaman-zaman qarşılıqlı ittihamlar davam erdirilir.
İsa Qəmbərin sonrakı peşmançılığı
Son günlərin olayları Müsavat partiyasının sabiq başqanı İ.Qəmbərlə hazırkı başqan A.Hacılı arasında ciddi münasibət korluğunu daha qabarıq şəkildə büruzə verir ki, burada da AXCP sədri Ə.Kərimli amilini ortaya çıxarır. Yəni ötən tarixə diqqət yetirsək, görərik ki, AXCP-Müsavat arasındakı düşmənçilik münasibətlərinin əsası, bilavasitə, şəxsi müstəvidə olan münasibətlərə - Ə.Kərimli-İ.Qəmbər münasibətlərinə söykənir. Bu gün İ.Qəmbər Müsavatın başqanı deyil və fakt budur ki, onun partiya sədrliyindən getməsi siysi təşkilatı böhrana sürükləyib. A.Hacılı və onun yeni komandası Müsavatda baş verənlərlə ayaqlaşa bilmir.
Ancaq bu da faktdır ki, A.Hacılı da başqan olduğu dövrdən etibarən AXCP sədri Ə.Kərimli ilə münasibətlərini düzəltməyə çalışıb. Ə.Kərili də Müsavatla yeni əməkdaşlığın yalnız "Milli Şura" formatında mümkün olduğunu bildirib. Sözsüz ki, A.Hacılı da fikirləşəcəyini deyib, eyni zamanda, Müsavatı yenidən "Milli Şura"ya üzv etdirməsində İ.Qəmbərin mane olduğunu da vurğulayıb.
Doğrudur, İ.Qəmbər bu gün partiyada belə vəziyyətin yaranacağını nəzərə almayaraq, A.Hacılının saxta yolla başqan seçilərkən ona dəstək olanda, heç gözləmirdi ki, sonradan Hacılı AXCP sədri Ə.Kərimli ilə birlik təşkil edərək, ona qarşı xəyanət edəcək. Ancaq bu gün düşünülməmiş addımından peşmançılıq çəkdiyini deyən İ.Qəmbər artıq hər şeyin gec olduğunu başa düşür və susmağa üstünlük verir.
İstefa edənlərin xam xəyalları
"Yeni Müsavat"ın baş redaktoru Rauf Arifoğlu A.Hacılı klanıının başlatdığı kampaniyanı qaragüruhçuluq, anti-demokratik addım kimi qiymətləndirib. İstefaya gedənlər isə xam xəyallarla yaşayaraq, bildirirlər ki, əgər İ.Qəmbər Müsavata yenidən başqan kimi qayıdarsa, Müsavata geri dönəcəklərini də bildiriblər. Ancaq T.Yaqublu fiqurunun yenidən gündəmə gəlməsi isə İ.Qəmbərin Müsavata yenidən başqan kimi qayıtmasının mümkünsüz olduğunu bir daha təsdiqləyir. Səbəbi də, yuxarıda qeyd etdiyimiz kimi, T.Yaqublu müsavatçı olmasına rəğmən, Ə.Kərimliyə tərəf yıxılmasaydı, eləcə də, A.Hacılını Ə.Kərimlinin ayağına getməyə təhrik etməsəydi, bu gün vəziyyət mövcud hala qədər inkişaf etməzdi. Artıq partiyada elə bir vəziyyət yaranıb ki, Müsavatda İ.Qəmbər amili də silinmək üzrədir və Hacılının yanlış qərarları buna aşkar sübutdur.
Ancaq bütün hallarda proseslər A.Hacılının ziyanına işləyir və belə olan halda, onun yalnız bir çıxış yolu qalır: Müsavat başqanlığından getməklə, "siyasətə əlvida" demək.
Ü.ƏSGƏROV