TƏRS BAXIŞ
Xalqdan təcrid olunmuşlardan bundan artığını gözləməyə dəyməz!
Qardaş Türkiyədə xain FETÖ-nun dövlət çevrilişinə cəhd planının iflasa uğramasından sonra təşkilatın Azərbaycana tərəf uzanan əlləri də "kəslimək" üzrədir. Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən sözügedən məsələ ətrafında ciddi araşdırmalar aparır və bu istiqamətdə proseslər davam etdirilir. Nə qədər qəribə görünməsə də, xain planın icraçılarının AXCP təmsilçilərinə qədər gəlib-çıxması, bir daha sübuta yetirir ki, müxalifətin siyasi partiyası adı altında fəaliyyət göstərən AXCP və onun sədri öz dediyi fikriklərini əməlləri ilə təsdiq edib. Söhbət Ə.Kərimlinin hakimiyyətə yiyələnməkdən ötrü şeytanla da əməkdaşlığa getməsi barədə bir neçə il öncə səsləndirdiyi fikirləridir. Faktlar da belə qənaətə gəlməyə əsas verir ki, gah "qərbyönümlü siyasət", gah "dini radikalizm siyasəti", gah da digər yönümlü siyasət yürüdən Kərimlinin bu dəfə F.Gülənlə işbirliyinə getməsi onun ayağısürüşkən ünsür olmasından xəbər verir. Kim daha çox pul-para verərsə, dərhal onun yanına qaçan Kərimlidən onsuz da başqa hər hansı bir addım gözləməyə dəyməz.
Faiq Əmirlinin həbsindən öz çirkin məqsədləri üçün istifadə edib referendum əleyhinə kampaniyaya start verməyə cəhd edirlər
Yeri gəlmişkən, ötən həftə "Azadlıq" qəzetinin maliyyə direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirlinin həbsindən sonra saxta haray-şüvən salan Ə.Kərimli yedək qurumu sayılan "Milli Şura" ilə mətbuat konfransları keçirib kimsənin marağında olmayan bəyanatlar səsləndirir. Guya onun tərəfdarlarının "repressiyaya" uğradığını iddia edən Ə.Kərimli, o cümlədən, onun siyasi kuklası sayılan C.Həsənli bu və ya digər şəkildə kimlərəsə mesajlar ötürməyə cəhdlər göstərirlər. Belə ki, onlar bu dəfə F.Əmirlinin həbsindən öz çirkin məqsədləri üçün istifadə edib referendum əleyhinə kampaniyaya start verməyə cəhd edirlər. Məsələ ondadır ki, xalqın da dəstəklədiyi referendum aktına öz "donlarını" geyindirməyə çalışan AXCP və "Milli Şura" bu dəfə də heç bir haqları olmadan xalqın adından danışırlar. Guya heç kim referendum aktını dəstəkləmir və hər kəs işini-gücünü ataraq, Kərimli-Həsənli cütlüyünün dediklərinə qulaq verib F.Əmirlinin həbsinə görə küçələrə tökülüşəcəkmiş...Gülüncdür!
Əbəs yerə deyil ki, Əli Kərimli "cəbhəsi" dağıdıcı, radikal kimi qiymətləndirilməkdədir
Başqa bir tərəfdən, Ə.Kərimli iddia edir ki, Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunan F.Gülənlə onun özünü əlaqələndirməyə çalışan hakimiyyət guya "şərlənərək", həbs olunmasına çalışır. Əslində, Ə.Kərimlinin bu məsələdən ciddi narahatlıq keçirməsinin özü belə deməyə əsas verir ki, onun bu təxribatçı-terror şəbəkəsi ilə sıx əlaqələri olub. Çünki AXCP partiya olaraq, siyasi fəaliyyətdən daha çox təxribatçılıq fəaliyyəti göstərir, hətta əlinə imkan düşərsə, terrorçuluq fəaliyyətinə də əl atar. Əbəs yerə deyil ki, Ə.Kərilminin "cəbhəsi" dağıdıcı, radikal kimi qiymətləndirilməkdədir. Faktları bir kənara qoyub, onların mətbuat konfransı keçirmələri, bayaq da qeyd edildiyi kimi, yaxalarını kənara çəkmək cəhdindən başqa bir şey deyil. Yəni fakt budur ki, "Azadlıq" qəzetinin maliyyə direktoru olan F.Əmirlinin saxlanılmasının səbəbi onun maşınının yük yerindən F.Gülənin 3 kitabının tapılmasıdır. İndi bunlar iddia edirlər ki, guya F.Əmirlinin maşının yük yerindəki kitablar guya ona məxsus olmayıb və kimlərsə maşının yük yerinə həmin kitabları qoyub. Hətta şahid də varıymış (?!). Maraqlıdır, əgər şahid varsa, hanı, niyə danışmır?
Əli Kərimli real faktlardan kənarda dayanıb, öz bildiyi havanı çalmaqda davam edəcək
Digər tərəfdən, elm və texnika əsri olduğuna görə, hər yerdə kameralar mövcuddur. Ən gizli cinayətləri belə bu kameralar vasitəsilə açır, cinayətkarları ifşa edirlər. Əgər Ə.Kərimli bu qədər iddialıdırsa, buyurub kameralara baxa bilər ki, görsün, köməkçisinin maşınına həmin kitablar qoyulub, yoxsa F.Əmirli daha öncədən özü bu kitabları maşınının yük yerinə yerləşdirib? Təbii ki, Ə.Kərimli bu kimi real faktlardan kənarda dayanıb, öz bildiyi havanı çalmağa davam edəcək. Kərimlinin dərdi isə öz dərdidir. O, qorxur ki, gülənçi olduğu faş olandan sonra həbs olunacaq və "Azadlıq" qəzeti də bağlanacaq.
Fətullah Gülənə məktub ünvanlayıb və bu məsələ artıq öz təsdiqini tapmaqdadır
Xatırlatmaq yerinə düşərdi ki, AXCP sədri Ə.Kərimlinin Gülənlə əlaqələrinə sübutlar, hətta Rusiyanın dövlət televiziyasında da tirajlanıb, AXCP sədri Ə.Kərimlinin həyatını zəhərlədiyi növbəti gənclərdən biri - Fuad Əhmədli isə onun təlimatlarını yerinə yetirən tərəf kimi həbs edilib. Belə ki, Ə.Kərimli F.Gülənə məktub ünvanlayıb və bu məsələ artıq öz təsdiqini tapmaqdadır.
Beləliklə, "Milli Şura" pərdəsi altında Ə.Kərimlinin AXCP sədri kimi "repressiyalara" uğraması ətrafındakı hay-küyü onun bu məsələdə günahkar olmasını bir daha təsdiq etmiş olur. Xalqdan, millət və dövlətdən təcrid olunaraq, "siyasi fəaliyyət" adı altında ölkə maraqlarını satmağın isə bir adı var: xəyanət! Xəyanətə görə isə Ə.Kərimli gec-tez cavab verməli olacaq. Buna heç bir şübhəsi olmasın!
Rövşən RƏSULOV