Yaxud Əli Kərimlinin rəhbərliyilə "yurdçu"lar "Hizmət hərəkatı"nın Azərbaycandakı təbliğatçıları rolunu oynayırlar
"FETÖ"-cülərlə bağlı istintaq dərinləşdikcə, Ə.Kərimli ilə bu terror təşkilatı arasındakı əlaqələrin yeni sübutları gün işığına çıxmaqdadır. Artıq cəmiyyətə bəlli olur ki, bu günə qədər Ə.Kərimli Azərbaycan dövlətinin və xalqının milli maraqlarına zərbə vurmaq üçün bütün anti-Azərbaycan dairələrilə, hətta, fətullahçılarla da əməkdaşlıq edib. 15 iyul tarixində Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhddən sonra bütün mətləblərin üstü açıldı və aydın oldu ki, Ə.Kərimli və AXCP-çilər "FETÖ"-cülərə də xidmət edirmişlər. Bunu bir neçə gün öncə Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə əməliyyatından sonra yayılmış məlumatda da sübut edən faktlar ortaya çıxdı.
Belə ki, F.Gülənin rəhbərlik etdiyi "Hizmət hərəkatı"nın Azərbaycanda "fətullahçılığı" təbliğ edən, sosial, dini nifrət və düşmənçiliyin salınmasına, vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına yönələn qanunazidd hərəkətlərinin araşdırılması və qarşısının alınması məqsədilə, Respublika Baş Prokurorluğu tərəfindən cari ilin avqust ayının 12-də cinayət işi başlanılaraq Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı mobil operatorların bəzi əməkdaşları tərəfindən əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərinin pozulması və vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarına görə Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə "Azərfon" MMC-nin operatoru vəzifəsində işləyən Azərbaycan Xalq Cəbhəsi Partiyasının Xətai rayon Gənclər təşkilatının sədri Fuad Əhmədlinin yaşadığı ünvana baxış keçirilib. Baxış zamanı digər maddi sübutlarla yanaşı, F.Gülənin çıxışları, "Gülən camaatı" adlandırılan qrupun üzvləri və "Hizmət imam"ları adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələri barədə sənədlər, "fətullahçılığın" təbliğini nəzərdə tutan dini məzmunlu müxtəlif ədəbiyyat, elektron informasiya daşıyıcıları aşkar edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ekspertləri tərəfindən həmin maddi sübutların məzmununda sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına yönələn çağırışların olması barədə rəy verilib.
Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində eyni məzmunlu cinayət işinin istintaqının aparılması ilə əlaqədar Fuad Əhmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin icraatında olan cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğa göndərilərək, vahid icraatda birləşdirilib.
Davam etdirilən istintaq zamanı Azərbaycan Xalq Cəbhəsi Partiyasının daha bir üzvü - partiya sədrinin köməkçisi, "Azadlıq" qəzetinin maliyyə direktoru Faiq Əmirov öz qulluq mövqeyindən sui-istifadə edərək, "Hizmət hərəkatı"nın təəssübkeşləri ilə birlikdə, məzmununda "fətullahçılığı", sosial və ya dini nifrət və düşmənçiliyin salınmasını təbliğ edən, milli ləyaqətin alçaldılması məzmunlu ədəbiyyatı və elektron-informasiya daşıyıcılarını yaymaq məqsədilə saxlamasına, habelə, öz adının və mobil telefon nömrələrinin olduğu "Hizmət imam"ları siyahısında adları qeyd olunan şəxslərlə də qarşılıqlı əlaqələrinə dair əsaslı şübhələr müəyyən olunub. Bu baxımdan, cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən, F.Əmirovun yaşadığı ünvanda və avtomobilində həyat yoldaşının, eləcə də özünün dəvət etdiyi hal şahidlərinin və "Azadlıq" qəzetinin əməkdaşı Təzəxan Mirələmlinin iştirakilə axtarış aparılıb. F.Əmirov dindirilmə prosesinə cəlb edildiyindən, avtomobilinin açarlarını T.Mirələmliyə şəxsən təqdim edib və sonuncu onun həyat yoldaşının və hal şahidlərinin iştirakilə avtomobilin qapılarını və yük yerini açıb.
Axtarış zamanı avtomobildən idxalına müvafiq razılıq tələb edilən F.Gülənə həsr olunmuş 3 kitab, onun xütbələrinin videoyazısı olan 8 disk, mənzilindən isə "Azadlıq" qəzeti redaksiyasının qaimə-fakturalarının toplandığı 2 sellofan torba, elektron informasiya daşıyıcıları və iş üçün əhəmiyyət kəsb edən digər əşyalar aşkar edilərək, maddi sübut kimi götürülüb.
F.Əmirov Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Hizmət hərəkatı"nın Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən mənsublarının xarici ölkələrdə, o cümlədən, Türkiyədə olan tərəfdaşları ilə əlaqələrinin, maliyyələşmə mənbələrinin, üsullarının və digər xüsusatların müəyyənləşdirilməsi məqsədilə, Avropa Konvensiyasının tələblərinə müvafiq olaraq Türkiyə Respublikası ərazisində istintaq hərəkətlərinin həyata keçirilməsi barədə həmin ölkənin Baş prokuroru qarşısında vəsatət qaldırılıb. Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb olunmaları istiqamətində zəruri prosessual hərəkətlər və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Göründüyü kimi, Ə.Kərimlinin rəhbərliyilə AXCP "FETÖ"-cülərlə kompleks əməkdaşlıq əlaqələrinə malik olublar. Sübut olunur ki, Azərbaycanda gülənçiliyin sosial bazası olmadığından, bu rolu ənənəvi radikal müxalifət, daha dəqiqi, AXCP yerinə yetirməyə çalışıb. Eyni zamanda, sirr deyil ki, hələ Azərbaycanda 2003-cü il prezident seçkiləri zamanı fətullahçıların Ə.Kərimlinin daxil olduğu seçki ittifaqına gizli dəstək verdiyi üzə çıxıb. Məhz 2005-ci ildə Azərbaycanda hazırlanan çevriliş cəhdinin müəlliflərindən biri "FETÖ" olub. Bu məqsədlə də Rəsul Quliyev-Əli Kərimli-Fərhad Əliyev qruplaşmasına dəstək verib, "narıncı inqilab"ın Qərbdəki ideoloji mərkəzləri ilə çevrilişçilər arasında vasitəçi rolunu oynayıb. 2009-cu ildə isə Türkiyə-Ermənistan sərhədlərinin açılmasına nail ola bilməyən F.Gülən Azərbaycan ictimai rəyini gələcəkdə buna hazırlamaq üçün Ə.Kərimlidən maddi-mənəvi yardımını əsirgəməyib.
Bir sözlə, araşdırmalar dərinləşdikcə, Ə.Kərimlinin, AXCP-nin "FETÖ"-cülərlə əlaqələrinə dair daha yeni faktlar üzə çıxacaqdır. Bütün bunlar isə bir daha Ə.Kərimlinin AXCP-nin timsalında radikal müxalifətin xəyanətkar mövqe tutduğuna bir daha işıq tutmuş olur.
"SƏS" Analitik Qrupu