TƏRS BAXIŞ
Yaxud AXCP sədrindən növbəti feysbuq qəhrəmanlığı
Müxalifətyönlü "Turan" informasiya agentliyi "etibarlı mənbəyə" istinad edərək "sensasion" məlumat əldə edib. Məlum olub ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Ə.Kərimli həbs olunacaq. Əslində, bu məsələnin müxalifətyönlü sayt tərəfindən şişirdilərək, cəmiyyətə təqdim olunması kimsədə təəccüb doğurmur və AXCP sədri həbs olunarsa, əslində, bu daha ədalətli qərar olardı. Çünki bu adamın siyasi partiya sədri adı altında oynamadığı xəyanət oyunları qalmayıb. Bu barədə illərdir ki, yazılır, vurğulanır.
Əli Kərimli Azərbaycan müxalifətinin bir nömrəli üz qarasıdır
O cümlədən, itqidar mətbuatı ilə yanaşı, vaxtilə Ə.Kərimlinin yanında gəncliklərini, həyatlarının ən mənalı zamanlarını, canlarını qoymuş, ona inanmış, lakin sonda işlənmiş əl kağızı kimi kənara tullanılmış şəxslər də bu barədə dəfələrlə qeyd ediblər. Ə.Kərimli Azərbaycan müxalifətinin bir nömrəli üz qarasıdır. İndi həmin bu üz qarası yenidən partiyasının təmsilçilərinin həbsindən "narahat" olmağa başlayıb. Çünki növbənin ona tərəf gəldiyini dərk edir. Bu səbəbdən, "Turan" informasiya agentliyi Ə.Kərimlinin həbs olunacağını "sensasiya" kimi qələmə verib, ictimai rəydə özünə lazım olan dividendləri qazanacağını hesab edirsə, möhkəm şəkildə yanılır.
O, bu haqları nə bu dünyada, nə də o biri dünyada ödəyə bilməyəcək
Məsələ ondadır ki, Ə.Kərimlinin boynunda bəlkə də yüzlərlə sabiq cəbhəçinin haqqı var. O, bu haqları nə bu dünyada, nə də o biri dünyada ödəyə bilməyəcək. Çünki həbs olunduqdan sonra bir çox cəbhəçi Ə.Kərimlinin onlara qarşı nə qədər etinasız olduğunu görüb. İndi bu adamın faktiki olaraq Fətulla Gülənə işləməsi barədə reallıqları bütün çılpaqlığı ilə ortaya çıxıb. Belə olan vəziyyətdə Ə.Kərimli Qərbdəki ağalarına mesaj verməyə başlayıb. Əlbəttə ki, çoxdan alışdığı çığır-bağırları ilə. Amma bu məsələnin digər maraqlı cəhətləri var. Bu barədə az sonra qeyd edəcəyik.
Ancaq Kərimlinin həbsinə qədər, bəlli olduğu kimi, onun əsas əlaltıları qanunun bütün tələblərinə cavab olaraq, istintaqa cəlb ediliblər. Belə ki, avqustun 19-da axşam Dövlət Təhlükəsizlik Xidməti və Azərbaycan Baş Prokurorluğu "Azərfon" mobil rabitə şirkətinin əməkdaşı Fuad Əhmədlinin abunəçilərin şəxsi məlumatlarının yayılması, habelə, Türkiyədə bədnam ilahiyyatçı F.Gülənə qarşı rəğbəti olması ittihamı ilə həbsi haqqında birgə bəyanatla çıxış edib.
Avqustun 20-də isə "Azadlıq" qəzetinin maliyyə direktoru, F.Gülənin "Hizmet" hərəkatının imamı elan edilən Faiq Əmirli həbs olunub. Avqustun 24-də AXCP üzvü İsmayıl Rəsulov saxlanılıb. Ümumiyyətlə, son 10 gündə, ümumilikdə, 6 AXCP üzvü müvafiq cinayətlərinə görə həbs olunublar və onlar istintaqa ifadə verəcəklər.
Kılıçdaroğlunun mərdliyi ilə müqayisədə Kərimlinin namərdliyi, ümumiyyətlə, tərs mütənasibdir
İndi isə qayıdaq Ə.Kərimlinin plagiatlıq məsələsinə. Bildiyimiz kimi, bir neçə gün öncə Türkiyənin ana müxalifət partiyalarından olan Cümhuriyyət Xalq Partiyasının sədri (türkcəsi CHP-R.N.)Kamal Kılıçdaroğlunun bölgələrə səfəri zamanı ona qarşı sui-qəsd planı hazırlanıb. Belə ki, onun özü sui-qəsddən sağ-salamat çıxsa da, cangüdənlərindən biri həyatını itirib. Kılıçdaroğlu sonradan mətbuata açıqlamasında bildirib ki, əgər onu öldürmək istəyənlər varsa, birbaşa özünü qətlə yetirsinlər və ətrafındakı insanlarla kimsənin işi olmasın. CHP sədri heç bir günahı olmayan insanların onun yürütdüyü siyasətə görə zərər çəkməli olmamalarını da vurğulayıb, bildirib ki, bu yola çıxanda, ölümünü belə gözə alıb. Və...
Və nə qədər qəribə görünsə də, türkiyəli ana müxalifət partiyası liderinin həmin ifadələri səhəri gün AXCP sədri Ə.Kərimlinin feysbuk səhifəsində öz adından yayımlanıb. Təbii ki, bir az düzəlişlərlə. Məsələn, türkiyəli partiya sədrinin ifadələrini işlədən AXCP sədri deyib ki, o, bu yola çıxanda, nəinki həbs edilməyini, hətta ölümü də gözə alıbmış (?!-R.N.).
Göründüyü kimi, kişilik siyasətindən tamamilə məhrum olan bu fərd aşkar şəkildə həyasız, hətta ləçərsayaq siyasət yürüdür, özü də başqalarının ifadələrini plagiat etməklə. Halbuki Kamal Kılıçdaroğlu ilə müqayisədə Ə.Kərimli çox kiçik, hətta mikroskopik ölçüdə zorla görünə biləcək varlıq ola bilər. Kılıçdaroğlunun mərdliyi ilə müqayisədə Kərimlinin namərdliyi, ümumiyyətlə, tərs mütənasibdir. AXCP sədri indi də plagiatçılıq yolu ilə "siyasət" yürüdüb, Qərbədəki ağalarının diqqətini özünə cəlb edəcəyini hesab edirsə, çox möhkəm şəkildə yanılır. Bunu ictimaiyyət də yaxşı bilir.
Rövşən NURƏDDİNOĞLU
P.S. Adama deyərlər ki, tutulacaqsansa, tutulacaqsan da. Sənin yanlış yolunda bu qədər adam tutuldu, nə olar ki, bir dəfə də sən tutulasan. Üzüyünün qaşı düşməyəcək ki...