PDF Oxu

Müxalifət

  • 6 904

"Milli Şura" növbəti sərsəm iddialara düşüb

image

Bu, onların sonu olacaq

"Milli Şura" 20 ildən artıq bir müddətdir ki, yüzlərlə rüsvayçı mitinqlərdən ibrət dərsi götürməyərək, ölkədə keçiriləcək referedumərəfəsi yenidən mitinq keçirmək qərarına gəlib. Doğurdan da, həmin qurumda təmsil olunanların həyasızlığının yüksək dərəcədə olduğunun göstəricisidir. Yenə də eyni adamlar, eyni şüarlar. Bu mitinqdə də "referedumu boykot etmək" məsələsi ətrafında maxinasiyalar edərək, xarici təşkilatlar qarşısında xal qazanmağa çalışan ənənəvi müxalifət təşkilatları növbəti qrant həvəsindən yan keçə bilmədiklərini açıq şəkildə sərgiləməkdədirlər.

Milli Şura"nın növbəti sərsəm çağırışları da uğursuzluqla nəticələnəcək

Yenə də özlərinə məxsus qərəzli don geyindirən "Milli Şura" sentyabr ayının 11-də mitinq keçirəcəklərini bildirir. Hər şeyi qara rəngdə görən "Milli Şura"nın başbiləni Ə.Kərimli və ətrafı xarici havadarlarından əlavə qrant qoparmaq üçün bu dəfə qanunvericiliyimizə qarşı məkrli münasibətini "islahatçısayaq" məntiq və düşüncələrinə, xəyallarına uyğun tərzdə formalaşdırır. Onun başlıca məqsədi mitinqlər keçirib, aksiyalar təşkil etməklə maliyyə vəziyyətini yaxşılaşdırmaqdır. "Milli Şura" da daxil olmaqla, ötən siyasi kampaniyalarda özünü doğrultmayan dağıdıcıların mitinq təşəbbüslərinin acı nəticələri, deyəsən, Ə.Kərimli və onun ətrafına toplaşan zümrələr üçün ibrət dərsi olmayıb. 20 min nəfərlik mitinq sevdasına düşənlərin heç 200 nəfəri belə toplamaq iqtidarında olmadıqları yaxın illərin müşahidələri də təsdiqləyir.

Aydın Mirzazadə: "Heç kim qatılmayacaq"

Sözügedən məsələyə münasibət bildirən YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə "Milli Şura"nın sentyabrın 11-nə təyin etdiyi mitinqə heç kimin qatılmayacağını bildirib: "Ümumiyyətlə isə, "Milli Şura" referenduma ən hazırlıqsız təşkilatdır. Çünki nə təşviqatla bağlı təşəbbüs qurupu yaratdılar, nə də təklif edilən dəyişikliklərlə bağlı konstruktiv mövqe ortaya qoya bildilər. "Milli Şura" adı olub, özü olmayan, ancaq iddiası imkanlarından böyük olan bir təşkilat təəssüratı bağışlayır. Mitinq keçirilsə belə, çox cüzi sayda insanlardan başqa aksiyaya heç kim qatılmayacaq".

Araz Əlizadə: "Uşağı döyəndə atasının, iti döyəndə sahibinin yanına qaçır"

"Onların çalışdıqları odur ki, xaricdəki yiyələri pullarını kəsməsin"- bu fikirləri ASDP sədri, millət vəkili Araz Əlizadə qəzetimizə açıqlamasında "Milli Şura"nın referendumla bağlı sentyabrın 11-də aksiya keçirmək niyyətini şərh edərəkən bildirib.

"Milli Şura"nın keçirdiyi bütün aksiyaların xalq dəstəyindən məhrum olduğuna diqqət çəkən A.Əlizadə, bu dəfə də eyni mənzərənin təkrarlanacağına əminliyini vurğulayıb: "Bu vaxta kimi özünü "Milli Şura" adlandıran qurumun elə bir aksiyasını görmüsünüzmü ki, onu kütləvi aksiya kimi xarakterizə etmək mümkün olsun? Xeyr. Onlar ancaq özlərini gündəmdə saxlayırlar ki, xaricdəki yiyələri pullarını kəsməsin. Bu qurumun keçirdiyi aksiyalar buna xidmət edir".

Millət vəkili onu da bildirdi ki, bu günlərdə bir jurnalist sual edib ki, son günlər AXCP sədri Ə.Kərimli tez-tez ABŞ səfirliyinə gedir. Mən də cavab verdim ki "uşağı döyəndə atasının, iti döyəndə sahibinin yanına qaçır".

ADP sədri Sərdar Cəlaloğlu: "Faktiki yox olan "Milli Şura"nın mitinqinə nə ehtiyac?"

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da bildirib ki, "Milli Şura" deyilən bir şey yoxdur axı. Mitinq keçirmək, bununla da hər hansı bir uğur əldə edə bilmək şansı sıfır həddindədir. Bu qurum ölü bir qurum kimi, sadəcə, quru adı üzərində "yaşayır. Bu baxımdan, ölü bir qurumun heç bir tədbirinə ciddi yanaşmırlar. Çünki qeyri-ciddidən ciddilik gözləməyin özü də absurd fikirdir".

Dağıdıcı müxalifət miskinliyini növbəti dəfə nümayiş etdirəcək

Göründüyü kimi, dəfələrlə təsdiq olunub ki, sosial bazadan tamamilə məhrum olan dağıdıcı müxalifətin çağırışlarını cəmiyyətimiz qəbul etmir. Çünki Azərbaycanın milli maraqlarına qarşı çıxır, antiazərbaycançı şəbəkənin tapşırığını yerinə yetirir. Ona görə də, insanlar bu partiyalara etimad göstərmir ki, onlar cəmiyyətə hansısa yenilik təqdim etmək qabiliyyətində deyillər.

Beləliklə, görünən də budur ki, müəyyən xarici qüvvələrin əlində alətə çevrilərək, konkret maddi maraqlara söykənən, bu qüvvələr qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək naminə ucuz siyasi şoular təşkil etməyə yönəlmiş ölü qurum olan "Milli Şura" fəaliyyəti ilə Azərbaycan cəmiyyətində ikrah hissi yaratmaqdan başqa bir "iş" görməyə qadir deyil. Bu özünü dəfələrlə sübut edib. Belə olan halda, növbəti biabırçılığın da sentyabrın 11-də olacağı şübhəsizdir. Çünki cəmiyyətin belə perspektivsiz, mənasız və məzmunsuz mitinqlərə heç bir ehtiyacı yoxdur.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər