"Ölkəmizin daha güclü tərəqqisinə təkan verəcək Referendum Aktı layihəsi xalqımız tərəfindən alqışlanır, çünki dünyanı bürüyən siyasi və iqtisadi böhrandan yalnız inkişaf yolu ilə çıxmaq olar. Mən təəssüf edirəm ki, özlərini müxalifət lideri adlandıran bəzi siyasətbazlar hələ də öz ucuz təfəkkürlərinə əsaslanaraq, meydan siyasəti ilə məşğul olurlar". Bu fikirləri "SƏS"-ə Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının qadınlar şurasının sədri Təranə Kərimova AXCP sədri Ə.Kərimlinin əsassız iddialırına münasibətini bildirərkən deyib.
YAP təmsilçisi bildirib ki, əslində, Ə.Kərimlinin xəyanətkar və anti-azərbaycançılıq obrazı hər kəsə məlumdur: "Azərbaycan dövləti ölkəmizin güclənməsinə səbəb olacaq istənilən uğurlu addıma gedərkən, AXCP sədri və onun əlaltıları dərhal ortaya çıxıb səs-küy qaldırır, bu vasitə ilə xarici ağalarının qarşısında xal toplamağa çalışırlar. Görünür, bu səbəbdəndir ki, son vaxtlar xarici səfirliklərin qapılarına getməkdən ayaqları döyənək olan Ə.Kərimli indi bunun əvəzini xalqdan, dövlətdən çıxmağa çalışır."
Təranə Kərimova, eyni zamanda, bildirib ki, Ə.Kərimli hər zaman - istər seçkilər ərəfəsində, istərsə də ölkəmiz üçün digər əhəmiyyətli zamanlarda şər qüvvə qismində çıxış edir: "Bu adam öz dili ilə etiraf etmişdi ki, hakimiyyətə yiyələnməkdən ötrü, hətta şeytanla olsa belə iş birliyinə gedər. T.Kərimova, eyni zamanda, qeyd edib ki, bu gün ona təlimatları da, məhz Azərbaycan əleyhinə işləyən qaranlıq xarici dairələr verirlər: "Ümumiyyətlə, daim bu halı müşahidə etmişik. Ona görə də, ortada təəccüblü nə isə axtarmağa da ehtiyac qalmır. Ə.Kərimli vaxtilə lideri Əbülfəz Elçibəyə xəyanət etmiş bir şəxsdir və ondan istənilən amilə və kəslərə qarşı, eləcə də, dövlət maraqlarına qarşı xəyanət etməyini gözləməyə dəyər".
Təranə Kərimova daha bir xatırlatma edərək deyib ki, əslində, Ə.Kərimlinin "FETÖ" lideri F.Gülənlə iş birliyinə gedib Türkiyədəki ssenarilərin Azərbaycanda da reallaşdırılmasına cəhd etməsi də onun barəsində olan təəssüratları, təsəvvürləri tam çılpaqlığı ilə ortaya qoymuş olur: "Baxın, bu yaxınlarda ABŞ-da yaşayan F.Gülən Türkiyə dövlətinin ən çətin anlarında yanında olan Azərbaycan hakimiyyətinə qarşı iç üzünü sərgilədi. İddia etdi ki, o, ona qaşrı çıxan hər kəsi Xəzər dənizinə töküb məhv edər. Bax, budur F.Gülən. Bu gün ona xidmət edən Ə.Kərilmidən başqa nə gözləmək olar? AXCP sədri gah bir, gah da digər xarici səfirliklərin qarşısına gedib təlimatlar almaqdansa, bugünə qədər buraxdığı səhvlərini etiraf etməlidir. Mitinqlərinə gələn 300-500 nəfərin deyil, xalq qarşısına çıxıb üzr isməlidir, günahlarını qəbul etməlidir. Görünür, onu danışdıran xarici ağalarından aldığı növbəti qarantlardır".
YAP Səbail rayon təşkilatı qadınlar şurasının sədri son olaraq bildirib ki, artıq radikalizm, dağıdıcılıq siyasəti heç vaxt Azərbaycanda ayaq açıb yürüyə bilməz, çünki ölkəmizdə xalq-dövlət vəhdəti mövcuddur: "Bu gün Azərbaycan xalqının Prezidenti İlham Əliyev yalnız dövlətin güclənməsi və xalqının daha firavan yaşaması üçün əlindən gələni əsirgəmir. O, yorulmadan, gecə-gündüz xalqını və dövlətinin gələcəyini düşünür, bunun üçün yorulmadan fəaliyyət göstərir. Əlbəttə ki, xalqımız da bunu bilir və hər zaman öz Prezidentinin ətrafında dayandığını sərgiləyir. Referendum Aktının qəbulu da, məhz bu kimi faktorlara söykənir. Hər bir Azərbaycan vətəndaşı yaxşı bilir ki, Ə.Kərimli kimi bitmiş siyasətbazların sonu çatıb və gec-tez belələri dövlət, qanun və xalq qarşısında cavab verməli olacaqlar. Onların və havadarlarının qaranlıq planları isə daim məhvə düçar olacaq. Buna hər kəs əmin olmalıdır".
R.HÜSEYNOVA