TƏRS BAXIŞ
Bu eşq sentyabrın 11-də puç olacaq!
Dəsti-xətt eyni, şeytançılıq eyni, ifadələr eyni... Bütün bu eyniliklər "ana müxalifətçilik" iddiasında olan iki fərddə, daha dəqiqi, ünsürlərində - AXCP sədri Əli Kərimlidə və onun yedək qurumu sayılan "Milli Şura" sədri C.Həsənlidə olunmaqdadır. Ümumiyyətlə, bu ünsürlərin real hədəflərinin dövlət maraqlarına, konstitusiya quruluşuna qarşı çıxmaları kimsədə təəccüb doğurmamalıdır. Çünki daha öncəki önəmli hadisələr ərəfəsində - prezident və parlament seçkilərində, məhz Ə.Kərimli aşkar şəkildə bildirmişdi ki, hakimiyyətə gəlmək üçün lazım gələrsə, hətta şeytanla belə iş birliyinə getməyə hazırdır. Məhz bu ərəfədə də - Referendum Aktı layihəsi ilə bağlı keçiriləcək tədbir öncəsi Kərimli-Həsənli cütlüyünün aşkar şeytançılıqları baş qaldırıb. Onlar bu dəfə də xalqın adından ağızlarına, necə deyərlər, "çullu dovşan" sığışmayan fikirlər səsləndirirlər. Təbii ki, bu məsələdə onların yardımına çatan yenə də "Azadlıq" qəzeti və onun internet saytı, o cümlədən, "facebook" sosial şəbəkəsidir.
Ə.Kərimlinin siyasi kuklası rolunu məharətlə ifa edən C.Həsənli məhz AXCP sədrinin fonunda "müraciət" yazıb
O da sirr deyil ki, adı bir müddət öncə "FETÖ" terrorbaşısı F.Gülənin mediaları sırasında yer alan "Azərbaycan saatı" verilişinin kərimovçu qanadının təmsilçisi Qənimət Zahid də bu məsələdə canfəşanlığını əsirgəmir. Ümumiyyətlə, bu dırnaqarası zümrənin yenidən ortaya çıxaraq, siyasi həyazıslıqlara yol verməsi arxasında xarici dairələrin dayanması kimsədə şübhə doğurmur.
Beləliklə, bu ünsürlər toplumu sentyabrın 11-nə mitinq təyin ediblər və elə sanırlar ki, onların budəfəki mitinqləri cah-cəlallı, səsli-küylü keçəcək. Amma bunun belə olmayacağını indidən proqnozlaşdırmaq mümkündür. Məsələn, Ə.Kərimlinin siyasi kuklası rolunu məharətlə ifa edən C.Həsənli, məhz AXCP sədrinin fonunda "müraciət" yazıb.
Əgər sizlər etiraf edirsinizsə ki, məqsədiniz konstitusiyaya və dövlət quruculuğuna qarşı çıxış etmək deyil, bəs "monarxiya" sərsəmliyi haradan peyda olur?
Həmin "müraciətin" nə qədər ucuz təfəkkürə söykənməsini sonrakı sərsəm iddialarda görməkdəyik. Demokratik dəyərlərə sığmayan bu iddiaların arxasından dağıdıcılıq, aqressiya, siyasi terror və monarxiya iyi gəlir. Bunlar ucuz düşüncələri ilə xalqa zorla sırımağa çalışırlar ki, onların hədəfləri heç də antikonstitusion çağırışlara yönəlməyib. Lakin digər tərəfdən deyirlər ki, şüarlarından biri də "Referenduma yox"dur (?!-R.N.) Bütün dünya bilir ki, Azərbaycanda mövcud olan dövlətçilik quruluşu konstitusiya əsaslarının və demokratik dəyərlərə söykənir. Bir daha təkrar edirik: bunu bütün dünya bilir. Ona görə də Azərbaycan hüquqi, konstitusion və demokratik dövlət qismində istər Avropanın, istərsə də sivil dünyanın bir çox ölkələrində, nüfuzlu beynəlxalq təşkilatlarda layiqincə təmsil olunur.
Bu şeytanların meydan eşqləri isə çox yaxında yox olacaq, elə düz sentyabrın 11-dəcə...
Beləliklə, əgər Ə.Kərimli-C.Həsənli cütlüyü ŞEYTANÇILIQ (!!! -R.N.) edib, ictimai rəyi özlərinə bu istiqamətdə cəlb etməkdən ötrü siyasi maxinasiyalara yol verirlərsə, demək sifarişlər alıblar. Bu sifarişlərin isə haralardan verildiyi məlumdur. Biz bu barədə ötən yazılarımızda qeyd etmişdik. Qeyd etmişdik ki, Ə.Kərimli, C.Həsənli və onların yan-yörələri avqustun ortalarından başlayaraq Qərb ölkələrinin səfirliklərinin qapı astanalarını, el dili ilə desək, yağır ediblər. İndi isə aldıqları tapşırıqları aşkara çıxarmaqdadırlar. Şeytançılıq da, məhz budur!
Xalq isə kimin kim, nəyin də nə olduğunu çox yaxşı bilir ki, əsl şeytan kimlərdir. Bu şeytanların meydan eşqləri isə çox yaxında yox olacaq, elə düz sentyabrın 11-dəcə...
Rövşən NURƏDDİNOĞLU