AXCP-Müsavat partiyaları arasında 2013-cü ildən başlanan və hələ də səngiməyən qarşıdurmalar yenidən şiddətlənib. Belə ki, hər iki partiyanın rəhbərliyi bu dəfə Referendum Aktı layihəsi ilə bağlı keçirmək istədikləri etiraz mitinqləri üzərində fikir çarpazlığına məruz qalıblar. Xüsusilə, AXCP və "Milli Şura" rəhbərliyi bu məsələdə inadkarlıq göstərərək, Müsavatın bir yerdə etiraz aksiyası keçirmək təklifləri üzərində qarşı tərəfi ittiham edirlər.
Söz yox ki, burada məqsəd var və bu məqsədin əsas faktoru hər iki partiyanın -Müsavatın və AXCP-nin özlərinə arxayın olmaması məsələsidir. Yəni nə Müsavat, nə də AXCP mitinqlərinə istədikləri qədər insan cəlb edə bilməyəcəklərini yaxşı bilirlər. Ancaq inadkarlıq siyasətləri üzündən məğlub durumlarını daha da aşkara çıxarmış olurlar.
"NİDA", "D18", "REAL" kimi hərəkatları da AXCP və Müsavatla birgə mitinqdən imtina edirlər
Belə ki, Müsavat partiyası başqanının müavini Yadigar Sadıqov açıq şəkildə bəyan etdi ki, mitinqlərin birgə təşkili üçün AXCP və Müsavat arasında müzakirələr aparılmayıb. Məsələ isə ondadır ki, qarşı tərəf AXCP olaraq, müzakirələrdən imtina edib. Mətbuata açıqlamasında da partiyasının keçirəcəyi mitinqin tarixinin müəyyənləşməməsinin səbəbinin bəzi siyasi təşkilatlarla müzakirələrin aparılmaması olduğunu deyən müsavatçı funksioner nəninki AXCP-nin, eləcə də "NİDA", "D18", "REAL" kimi hərəkatlarında razılıq vermədiklərini bildirib.
AXCP Müsavatın təklifini rədd edəndən sonra, Müsavat, məhz bu müxalifyönlü hərəkatlara çağırış edib, amma onlar da rədd cavabı veriblər.
Müsavat rəsmisi: "AXCP-nin bu yanaşmasını doğru hesab etmirəm"
Bu arada AXCP-nin birgə mitinqlər keçirmək barədə, hətta müzakirələr aparmaqdan imtina etməsinə Müsavat partiyası divanının üzvü İkram İsrafilin də fikirləri maraqdoğurucudur. SİTAT: "...Bizlər zamanında belə məsələlərdə digər siyasi və ictimai təşkilatlarla əməkdaşlıq etməyin tərəfdarı olmuşuq...AXCP-nin bu yanaşmasını doğru hesab etmirəm. İnanıram ki, ictimai rəy də AXCP-nin bu mövqeyini qəbul etmir".
Nəticə budur ki, müxalifət, ümumiyyətlə, özünə güvənmir və bununla yanaşı, AXCP-Müsavat qarşıdurması fonunda sözügedən amil qabarıq şəkildə görünür. Bu isə, bir daha sübut edir ki, hətta ictimai rəy belə müxalifəti, ümumiyyətlə, qəbul etmir. Ona görə də, xalqın adından danışmağa öyrənən radikal müxalifət, görünür, ictimai rəyin onları dəstəkləməməsini bu kimi aldadıcı açıqlamaları ilə ört-basdır etməyə çalışır.
R.HÜSEYNOVA