PDF Oxu

Müxalifət

  • 1 982

Qərb səfirliklərinin məqsədi

image

Yaxud, radikal müxalifətin dəstəklənməsi altında hansı qaranlıq planlar dayanır?

Bəlli olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən Qərb diplomatik nümayəndiliklərinin ölkənin dağıdıcı müxalifət partiyaları, eləcə də təşkilat rəhbərləri ilə görüşləri keçirilib. Xüsusilə, AXCP sədri Ə.Kərimlinin və "Milli Şura"nın sədri C.Həsənlinin Qərb səfirləri və dipkorpus əməkdaşları ilə görüşlərindən sonra bu zümrənin mitinq keçirmək qərarına gəlmələri özü-özlüyündə bir sıra məqamları aşkara çıxarmış olur. Daha dəqiq desək, dövlətimizin inkişaflı gələcəyinin təminatı məqsədilə keçiriləcək Referendum Aktı layihəsi ilə bağlı sentyabrın 26-na təyin olunmuş seçkiləri qaralamaq üçün Bakıdakı ABŞ, Fransa və Böyük Britaniya səfirlikləri dərhal öz köhnə ənənələrini yenidən üzə çıxarmağa cəhd edirlər. Burada isə ilk məqsəd, müstəqil siyasət yürüdən və xalqın böyük dəstəyini alan Azərbaycan hakimiyyətinə qarşı təzyiq etməkdir. Təbii ki, belə bir həssas və önəmli bir ərəfədə xəyanət yolunu tutmuş müxalifəti yenidən özləri üçün alət kimi istifadə etmək Qərb ölkəmizdəki səfirliklərinin köhnə vərdişləridir və bu vasitə daim uğursuzluqla nəticələnib.

Səfirliklərin radikal müxalifət nümayəndələri ilə görüş saatları və intervalları maraqdoğurucudur

Digər tərəfdən, hələ bir müddət öncə, proqnozlaşdırmaq mümkün idi ki, ABŞ Dövlət Departamentinin, Britaniya və Fransada fəaliyyət göstərən bəzi siyasiləşmiş qurumların qərəzli hesabatlarının ardınca, onların Bakıdakı dipkorpusları da hərəkətə keçəcəklər. Belə məqamlarda onların dağıdıcı müxalifət dairələrindən yararlanacaqları da sözügedən proqnozlar içərisində yer alırdı. Göründüyü kimi, onların ilk planları düşərgənin radikal qanadından müstəqil siyasət yürüdən Azərbaycan hakimiyyətinə qarşı təzyiq kimi istifadə etmək olub. Məhz bu görüşlərdən sonra "Milli Şura" sentyabrın 26-da Azərbaycanda keçirilməsi nəzərdə tutulan konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumla əlaqədar sentyabrın 11-də "Məhsul" stadionunda etiraz mitinqi keçirmək barədə qərar qəbul edib. Səfirliklərin onlarla görüş saatları və intervalları da maraqdoğurucudur. Biz, "SƏS" qəzseti olaraq, bu barədə ötən siyasi araşdırmalarımızın birində bildirmişdik. Lakin mövzu ilə bağlı daha bir yazının yazılması bir daha həmin xatırlatmanı etməyi zəruriləşdirir:

-Avqustun 15-də saat 10.00-da "Ümid" partiyasının nümayəndələri Ənvər Ağazadə və Elmar Abbaszadə Fransanın Azərbaycandakı səfirliyində olublar.

-Avqustun 17-də isə "REAL" hərəkatının fəalları Rəsul Cəfərov və Erkin Qədirli ABŞ səfirliyinə gediblər və səfir Robert Sekuta ilə görüşüblər.

-Avqustun 18-də saat 16.50-də jurnalist Xədicə İsmayıl Fransanın Azərbaycandakı səfirliyinə gedib və iki saat sonra oranı tərk edərək "ADİSAD" hüquq şirkətinə yollanıb.

-Avqustun 19-da saat 14.40-da AXCP sədri Ə.Kərimli Böyük Britaniya səfirliyində görünüb. Üç gün sonra isə "REAL" hərəkatının fəalları Erkin Qədirli və Azər Qasımlı səfirlikdə səfir Kerol Kroftsla görüşüblər.

Avqustun 23-də saat 15.10-da Ə.Kərimli və C.Həsənli ABŞ səfirliyini ziyarət ediblər. Növbəti gün C.Həsənli yenidən Amerikanın səfirliyində olub.

-Avqustun 25-də saat 11.35-də Müsavat başqanı A.Hacılı bir saatdan artıq Britaniya səfirinin qonağı olub. 12.45-də isə "NİDA" hərəkatının rəhbərlərindən olan Turqut Qəmbər xanım Kerol Kroftsla görüşüb və o da bir saatdan artıq səfirlikdə ləngiyib.

-Avqustun 29-da A.Hacılı ABŞ səfirliyində, Ə.Kərimli isə Avropa İttifaqının Bakıdakı nümayəndəlində olublar. Bununla da...

Müxalifət mənbələri: "Sentyabrın 11-də "Milli Şura"nın təyin etdiyi mitinqin arxasında ABŞ, Fransa və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri durur"

Nəticədə, avqustun 31-də "Milli Şura" mitinq gününü təyin edib, yaxud onlara həmin gündə mitinqin keçirilməsi barədə əmr verilib. Hələlik, başqa müxalifət partiyalarının həmin mitinqə qoşulacaqları, yoxsa başqa mitinq keçirəcəkləri və yaxud heç bir aksiya təşkil etməyəcəkləri də sual altında qalıb. Çünki eyni düşərgədə təmsil olunmalarına baxmayaraq, həmin siyasi qurumlar arasında ciddi fkir ayrılıqları hökm sürür ki, bu barədə də kifayət qədər məlumatları ictimai rəyin diqqətinə çatdırmışıq. Görünür, bu səbəbdən, planlarının pozulacağından ehtiyat edən ABŞ səfirliyi başda olmaqla, Qərb səfirlikləri artıq siyasi partiyaların, siyasiləşmiş QHT-lərin və hərəkatların ofislərinə zəng edərək, onları 11 sentyabr mitinqinə qoşulmağa dəvət edirlər (?!-R.N.).

Onu da qeyd edək ki, bu barədə məlumat artıq bir neçə mətbu orqanlarına etibarlı mənbələrdən çatdırılır. Məsələn, müəyyən səbəblərə görə adlarının açıqlanmasını istəməyən mənbələrdən ikisi kifayət qədər tanınmış müxalifətçi, digəri isə QHT sədridir. Onların mətbuata bildirdiklərinə görə, artıq bir neçə gündür ki, Qərb səfirlikləri müxalifətə mitinq çağırışları etməyə səsləyir, eləcə də "Milli Şura"ya dəstək göstərməli olduqlarını təşviq edirlər.

Müxalifətçi mənbələrdən biri deyir ki, ABŞ və Qərb dairələri referendum ərəfəsində Azərbaycanda müxalifətin siyasi fəallığını təşkil etmək istəyirlər: "Bizim düşərgədə belə bir əhval yaradılıb ki, sentyabrın 11-də "Milli Şura"nın təyin etdiyi mitinqin arxasında ABŞ, Fransa və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri durur".

Siyasi ekspert: "Onlar bundan istifadə edərək, Azərbaycanın hakimiyyət orqanlarına müəyyən təzyiqlər göstərmək istəyirlər"

Bu arada siyasi ekspertlər də eyni amilə toxunaraq, fikirlərini mətbuatla bölüşüblər. Məsələn, politoloq Qabil Hüseynlinin fikrincə, "Milli Şura"nın 11 sentyabr mitinqinə Qərb dairələri tərəfindən ciddi təbliğati dəstək var: "Qərbin referenduma münasibəti müsbət deyil. Bu səbəbdən də, ölkə daxilindəki müxalifyönlü fikirləri, siyasi və vətəndaş təşkilatlarını hərəkətə gətirməyə çalışırlar".

Siyasi şərhçi bunun üçün radikal düşərgənin mediasının da Qərb səfirlikləri tərəfindən təlimatlandırıldığını, hətta bunun üçün müxtəlif dəstək göstərdiklərini istisna etməyib. SİTAT: "Milli Şura"nın 11 sentyabr mitinqinə də, məncə, həmin dairələr tərəfindən ciddi dəstək var. Qənimət Zahidin "Azərbaycan Saatı" və "Azadlıq" radiosu vasitəsilə mitinqə ciddi dəstək verilir. Müxtəlif səfirliklərin siyasi partiyalar və QHT-lərlə əlaqələri var. Bu yollarla çalışırlar ki, mitinq izdihamlı və gözəgəlimli olsun. Onlar bundan istifadə edərək, Azərbaycanın hakimiyyət orqanlarına müəyyən təzyiqlər göstərmək istəyirlər".

Politoloq deyib ki, Qərb səfirlikləri dünyada cərəyan edən iqtisadi vəziyyətin Azərbaycana da təsir etməsini öz qaranlıq siyasi ambisiyalarının xeyrinə işlətməyə çalışırlar. Bunun üçün isə onlara daha çox lazım olan radikal müxalifətdir: "...Bahalaşma, dolların mövcud vəziyyəti əhali arasında narazılıq yaradır. Qərbin müxtəlif dairələri də bu narazılıqdan öz maraqlarının reallaşdırılması istiqamətində istifadə etməyə çalışırlar. Buna görə də, "Milli Şura"nın mitinqinin kütləvi alınmasına və geniştərkibli olmasına çalışırlar. Amma onu deyim ki, bu o qədər də asan iş deyil. Qərb nə qədər çalışsa da, istədiyinə asan nail olmaz. Sadəcə, mitinqin iştirak dərəcəsini müəyyən qədər artıra bilərlər. Amma onu özlərinin arzu etdikləri kimi izdihamlı və irimiqyaslı bir tədbirə çevirə bilməzlər".

Qərb səfirlikləri əsas gücü Əli Kərimlinin AXCP-si və "Milli Şura" ətrafında qoymaq istəyirlər

Q.Hüseynlinin fikrincə də, müxalifətin bir yerdə ola bilməməsi dağıdıcı düşərgənin kütləvi aksiya arzusunun baş tutmasına əngəl törədir. Məsələn, AXCP-Müsavat partiyaları arasındakı qalmaqallar buna sübutdur: "Üstəlik də, siyasi müxalifətin daxilində siyasi inteqrasiya prosesləri baş tutmadı. AXCP və Müsavat arasında danışıqlar oldu. Amma AXCP Müsavatın mitinqdə iştirakına veto qoydu. Digər partiyaların isə siyasi xətlərini tutmaq da mümkün deyil. Onların əhaliyə təsir imkanlarının necə olduğunu da demək çox çətindir. Demək istəyirəm ki, 11 sentyabr mitinqinin arzu olunan səviyyədə alınması çətin olacaq".

Politoloq onu da bildirib ki, Qərb ölkələri darmadağın olmuş müxalifəti yenidən təşkil etməyə cəhd edirlər: "Qərb istəyir ki, Azərbaycan müxalifəti ayaqüstə qalsın. İndiyə qədər Müsavat daha çox AXCP ilə danışmağa naz edirdi. AXCP ilə qarşıdurmaya meyilli kimi görünürdü. Amma Müsavatın indi AXCP-yə "elçi" düşməsi, Ə.Kərimlinin bunu rədd etməsi Qərb dairələrindən gələn bir göstəriş ola bilər. Qərbdə belə hesab edirlər ki, Müsavat artıq real siyasi müxalifət partiyası deyil. Onlar əsas gücü Ə.Kərimlinin AXCP-si və "Milli Şura" ətrafında qoymaq istəyirlər. Millətin meyilini də bu istiqamətə kökləmək istəyirlər. Etiraf edək ki, Qərbin çoxsaylı institutları, politoloqları, xüsusi xidmət orqanları bunu çox istəyirlər. Onlar əhalinin əhval-ruhiyyəsini proqnoz edirlər. Belə proqnozlar hər ay yekunlaşdırılır və yekun proqnoz ortaya çıxarılır. Onlar indi hesab edirlər ki, ölkədə narazılıq artan xətlə gedəcək. Ümid edirlər ki, narazı kütlənin bir hissəsi müxalifət ətrafında toplaşacaq. Bu prosesdən də Qərb dairələri bəlli niyyətlərini həyata keçirəcəklərini düşünürlər..."

Göründüyü kimi, vəziyyətin heç də radikal müxalifəti və onları dəstəkləyən Qərb səfirliklərinin xeyrinə olmadığını görməkdəyik. Yəni, bütün hallarda xalq amili müxtəlif kütləvi tədbirlərdə aparıcı rol oynadığına görə və xalqın bu kimi xəyanətkar və ambisiozlara dəstək verməmələri baxımından, sentyabrın 11-də keçiriləcək mitinqin də sıradan bir piket olmasını hesab etmək mümkündür. Hər halda, real nəticəni hər birimiz görəcəyik və istər satqın müxalifətin, istərsə də digər ölkələrin daxili işlərinə müdaxilələr etməyə alışmış Qərb dipkorpuslarının uğursuzluqları həmin nəticənin əsas göstəricisi olacaq.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər