Tural Abbaslı: "Onlar xalqda özlərinə qarşı neqativ emosiya yaradırlar"
AXCP sədri Ə.Kərimlinin partiyasının yedəyi sayılan "Milli Şura" ilə birgə sentyabrın 11-də mitinq keçirmək qərarı müxalifət düşərgəsində də birmənalı qarşılanmır. Hətta bununla yanaşı, Müsavat partiyasının da mitinq keçirmək cəhdləri inandırıcı görünmür. Bu barədə artıq müxtəlif fikirlər səsləndirilir. İndidən iddia olunur ki, əgər mitinq baş tutsa belə, onun əvvəlki mitinqlərdən heç bir fərqi olmayacaq.
Məsələn, vaxtilə Müsavat partiyasının ən fəal üzvlərindən və funksionerlərindən biri olan, hazırda isə "Ağ Partiya" adlı siyasi təşikilata sədrlik edən Tural Abbaslı bildirib ki, artıq cəmiyyət də bu cür müxalifətə inamır: "Bizdə eyni simalar eyni şüarlarla cəmiyyətə müraciət edir və bu, illərdir davam edir. Odur ki, mitinqlərdə az sayda insan iştirak edir. Bu qınaqlar altında müxalifət düşərgəsi günü-gündən zəifləyir. Məncə, eyni adamların, eyni simaların eyni şüarlarla eyni meydanlara dəvət etməsi və eyni sözlərin deyilməsi də mitinqlərə gələnlərin sayına mənfi təsir edir".
"Birgə respublika mitinqi keçirmək istəmirlər..."
T.Abbaslı müxalifətin planlaşdırdığı mitinq barədə onu da qeyd edib ki, bunlar öz siyasi dividendlərini güdməkdənsə, mitinqlərin effektinə baxmalıdırlar: "Son illər ümumiyyətlə, heç bir müxalifət mitinqi effektli olmayıb. Baxın, nəyə görə, həmişə iki partiya eyni anda mitinq elan edir və ayrı-ayrılıqda keçirirlər? Bəlkə də bu partiya maraqları ilə bağlıdır. Nədən birgə respublika mitinqi keçirmək istəmirlər, bütün müxalifəti də iştiraka dəvət etmirlər? Təəssüflər olsun ki, bu, baş vermir. Birlikdə mitinq keçirə bilmirlər. Həm də nəzərə alın ki, burada vahid namizəd və ya parlament seçkiləri yoxdur ki, bu məsələdə ümumi anlaşma əldə edilməsin. Müxalifətin 23 il ərzində göstərdiyi fəaliyyət və nəticəsizlik ortadadır. Bu da neqativ emosiya yaradır".
Göründüyü kimi, artıq düşərgənin hansı dairələrdən təlimat alması da məlum olduqdan sonra, azsaylı elektorat da radikal müxlaifətdən imtina edib. Bu isə, bir daha sübut edir ki, onların, xüsusilə, Ə.Kərimli-C.Həsənli cütlüyünün, o cümlədən, A.Hacılı kimilərin planları reallaşmamış qalacaq.
Rəfiqə HÜSEYNOVA