Rufiz Qonaqov: "Müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur"
"Milli Şura", Müsavat və digər bir-birinə əks olan müxalifət qüvvələri mitinqlər planlaşdırırlar. Sizcə, cəmiyyətin referenduma kökləndiyi bir məqamda belə bir aksiyaların keçirilməsinə nə dərəcədə zərurət var?" Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov "Səs" qəzetinə açıqlamasında bildirdi ki, cəmiyyətin müxtəlif təbəqələri siyasi partiyalardan, QHT-lərdən, kütləvi informasiya vasitələrindən və müxtəlif qurumlardan, təşkilatlardan və təbəqələrdən ibarətdir: "Məlumdur ki, hakim Yeni Azərbaycan Partiyası bu gün referendumda aktiv şəkildə təbliğat-təşviqat qrupu farmatında iştirak edir. "Yeni Azərbaycan" Təşviqat Qrupu Mərkəzi Seçki Komissiyasında rəsmən qeydə alınıb. Hazırkı məqamda referendumun əsas aparıcısı Yeni Azərbaycan Partiyasıdır. Ölkəmizin hər yerində YAP geniş təbliğati işlər aparır, insanlara konstutsiyada nəzərdə tutulan əlavə və dəyişikliklərin mahiyyət barədə geniş məlumat verirlər. Çox sakit və rahat bir şəraitdə insanlar bu prosesdə iştirak edirlər. Belə bir şəraitdə cəmiyyətin bütün təbəqələrinin təmsil olunduğu və bu təşviqatda iştirak etdiyi bir şəraitdə, əlbəttə ki, özünü müxalifət adlandıran müəyyən siyasi qüvvələrin hər hansı bir formada mitinq təşkil etməsi, mitinq keçirmək təşəbbüsləri heç bir nəticə verməyəcəkdir".
R.Qonaqovun sözlərinə görə, 2013-cü ilin prezident seçkilərində də müxalifət təmsilçilərinə meydan verildi və bütünlükdə, "Milli Şura" adı altında nə qədər müxalifət qüvvələri vardı birləşdilər və nəticədə isə, stadionun bir cərimə meydançası qədər insan toplaya bilmədilər: "Belə olduğu halda, referendumla bağlı onların nəsə edə biləcəyi məsələsi, ümumiyyətlə, müzakirə oluna bilməz. Çünki müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Onların keçirmək istədikləri mitinqlərə kimlərsə gələcək? Əlbəttə ki, heç kəs gəlməyəcəkdir".
"Nəyə görə müxalifətin yalnız Azərbaycanda seçkilər ərəfəsi aksiyaların keçirilməsi yadlarına düşür? Bunun arxasında hansısa xarici qüvvələrin dayandığını söyləmək olarmı" sualını cavablandıran R.Qonaqov bildirdi ki, bu gün müxalifəti maliyyələşdirən, burada saxlayan, onlara əmək haqqı verib məlumatlandıranlar, əlbəttə ki, xarici maraqlı qüvvələrdir: "Belə olan halda, onlar da, sözsüz ki, aldıqları məvacibin dəyərini ödəmək üçün belə bir aksiyalar, mitinqlər adı altında hansısa əllaməliklər edirlər. Hansı ki, bunun heç bir nəticəsi olmur. Demək olar ki, onlar bu cür əməlləri, yalnız özlərinin təlumat aldıqları yerlərdən və xarici havadarlarına özlərinin varlığını sübut etmək üçün edirlər. Əslində isə, onlar bilirlər ki, xalqın arasında onların heç bir nüfuzi və dayağı yoxdur. Yaxşı olardı ki, bu şəxslər belə hərəkətlərindən əl çəksinlər. Əks-təqdirdə, bu, onların özləri üçün pis olacaq".
GÜLYANƏ