PDF Oxu

Müxalifət

  • 2 065

Düşərgə mitinq qərarına etiraz edir

image

TƏRS BAXIŞ

ADP də AXCP və "Milli Şura"nı ittiham etdi

AXCP-"Milli Şura" cütlüyünün sentyabrın 11-nə təyin etdiyi mitinq qərarının ardınca, ölkədə faəliyyət göstərən bir sıra ənənəvi, eləcə də yeni yaradılan müxalifət partiyaları eyni mövqelərdən çıxış edərək, bu aksiyaya qatılmayacaqlarını bəyan ediblər. Belə ki, VİP, VHP, KXCP, "Ümid", "Ağ Partiya", AzDP, "Azərbaycan Demokratiya və Rifah Hərəkatı" və s. kimi siyasi qurumlar mitinqin uğurlu olacağına şübhə ilə yanaşdıqlarını, o cümlədən, bunu Ə.Kərimlinin, eləcə də C.Həsənlinin referendumöncəsi Qərb təşkilatları qarşısında dividend qazanmaq istədikləri kimi qiymətləndiriblər.

"Biz mitinq qərarının verilməsi prosesində iştirak etməmişik"

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da özünəməxsus tərzdə mitinqlə bağlı fikirlərini bildirib və mətbuata açıqlamasında deyib ki, rəhbərlik etdiyi siyasi təşkilatın mitinqə qatılmaq fikri yoxdur. SİTAT: "Milli Şura"nın mitinqinə qatılmaq sözü düzgün ifadə deyil. Əvvəla, "Milli Şura" bununla bağlı bizə müraciət etməyib. İkincisi, biz mitinq qərarının verilməsi prosesində iştirak etməmişik".

Göründüyü kimi, S.Cəlaloğlu bununla demək istəyib ki, nə "Milli Şura" ADP-yə təklif göndərib, nə də ADP-nin mitinqə marağı yoxdur. Daha dəqiq desək, "prosesdə iştirak etməmişik" ifadəsi ilə o, demək istəyib ki, Ə.Kərimli-C.Həsənli cütlüyü hələ avqustun ortalarından başlayaraq, ABŞ, Böyük Brtitaniya və Fransa səfirliklərində təlimatlar alıblar və bu prosesin ADP-yə heç bir bağlılığı yoxdur.

"Nə onlar bizi mitinqə dəvət edib, nə də biz bu mitinqdə iştirak etmək haqqında düşünürük"

Digər tərəfdən, ADP AXCP və "Milli Şura" kimi siyasi qurumların xarici dairələrə işləmələrini satqınçılıq kimi qiymətləndirir. S.Cəlaloğlu bunu açıq şəkildə deməsə də, dolayısı ilə bu cür ifadə edib. Bununla yanaşı, "nə şiş yansın, nə kabab" prinsipini əsas götürərək, mövqeyini bu cür qiymətləndirib: "Sadəcə olaraq, biz partiya üzvlərinə hər hansı bir qadağa qoya bilmərik. Çünki bu konstitusiya hüququna ziddir. Lakin özümüz mitinqə qatılmayacağıq".

Buna baxmayaraq, ADP sədri söyləyib ki, əslində, hansısa partiya rəhbərliyinin hansısa partiyanın mitinqində iştirak etməsi kimi təcrübə yoxdur: "Nəzərə almaq lazımdır ki, belə aksiyalarda iştirak etmək həm də qrup maraqlarla bağlıdır. İndiki halda, nə onlar bizi mitinqə dəvət edib, nə də biz bu mitinqdə iştirak etmək haqqında düşünürük".

Beləliklə, daha bir ənənəvi müxalif partiyası Ə.Kərimli-C.Həsənli cütlüyünün keçirməyə çalışdıqları etiraz aksiyasını rədd etdi.

Rövşən RƏSULOV

Digər xəbərlər