TEZİS ƏSASINDA
Yaxud buradan hansı nəticələrə gəlmək olar?
"FETÖ" lideri Fətullah Gülənin ölkəsinə yönəldilmiş olduğu əsas fəaliyyətinin xəyanətdən ibarət olması artıq danılmaz faktdır. Məlum iyul hadisələri və bu hadisələr fonunda qardaş ölkədə həbs edilmiş yüksək vəzifəli şəxslərin - dövlət məmurlarının, generalların etiraflarından sonra gülənçi şəbəkəsinin uzun illər ərzində digər ölkələrə də sızması amilləri öz təsdiqini tapmış oldu. Belə bir vəziyyətdə Türkiyə ilə bütün dövrlərdə qardaşlıq münasibətlərində olmuş Azərbaycanda da gülənçi şəbəkənin fəaliyyət göstərməsi təsdiqini tapmış oldu. Bu barədə "SƏS" qəzeti olaraq silsilə yazılarla çıxış etdik və əsaslı arqumentləri, sübut və dəlilləri apardığımız araşdırmalar zamanı ictimai rəyin diqqətinə çatdırdıq.
Kiçik bir xatırlatma edərək, qeyd etmək istərdik ki, F.Gülən şəbəkəsinin Azərbayvana ayaq açması prosesində AXC (indiki AXCP-R.N.) rəhbərliyinin xüsusi canfəşanlığı olub. Əbəs yerə deyil ki, bu gün faktlar-sübutlar ortada ola-ola AXCP sədri Ə.Kərimli və ona yaxınlığı ilə seçilən tərəflər hər vəchlə bu ittihamlardan yaxa qurtarmaq üçün dıridən-qabıqdan çıxırlar. Halbuki bir müddət öncə Ə.Kərimlinin F.Gülənə yazığı, öz imzası ilə təsdiqlədiyi məktubu da mediada nümayiş olundu.
Hansı amillər AXCP sədrinin F.Gülənin Azərbaycandakı baş imamı, yəni FETÖ-nün ölkəmizdəki emissarı olduğunu isbatladı?
Digər tərəfdən, Ə.Kərmli iddia edirdi ki, guya bu təşkilatla əlaqəsi yoxdur, hətta Türkiyədə hadisələr başlayar-başlamaz o, sosial şəbəkədə gülənçiləri ittiham edib. Ancaq təbii ki, sonradan üzə çıxan digər faktlar- onun həmin hadisələr fonunda oğlu Türkel Kərimlini ABŞ-a göndərməsi, "Azadlıq" qəzetinin mühacirətdəki baş redaktoru, xain "Azərbaycan saatı" verilişinin aparıcısı Qənimət Zahidin, məhz F.Gülənə məxsus TV-lərdə efirlərə çıxması, yenə də F.Gülənin yazılı mediya orqanı olan "Kurultay" dərgisinin "Azadlığ"ın saytında reklam edilməsi Ə.Kərimlinin saman altından su yeritmək siyasətini ifşa etdi. Beləliklə, ortada bu və bu kimi digər danılmaz faktlar ola-ola daha bir faktın tam çılpaqlığı ilə üzə çıxması AXCP sədrinin F.Gülənin Azərbaycandakı baş imamı, yəni FETÖ-nün ölkəmizdəki emissarı olduğunu isbatladı.
Məsələ ondadır ki, bu dəfə F.Gülənin müdafiəçisi qismində çıxış edən və Ə.Kərimliyə xüsusi dəstəyi ilə seçilən, o cümlədən, fəaliyyətini Qərb ölkələrində Azərbaycan əleyhinə quran dairələrin sifarişi əsasında aparan "Meydan" TV-də F.Güləni dəstəkləyən müsahibənin yer alması bəzi sualları yaratmağa başlayır. Daha dəqiq desək, belə bir sual yaranır: məgər F.Güləni dəstəkləmədiklərini, hətta Türkiyədəki hərbi çevriliş planının ilk saatlarında bu halı pisləyədiyini iddia edən Ə.Kərimli deyildimi? Halbuki "Meydan" TV-nin ən çox öndəgedən ismlərindən biri də, məhz AXCP sədri Ə.Kərimlidir! Düzdür, "Meydan" TV F.Güləndən, bilavasitə, müsahibə almasa da, onun "Politico" saytına verdiyi müsahibəsi yerli-yataqlı qaydada, tam şəkildə verilib.
Fətullah Gülən-Əli Kərimli moizələrindəki oxşar cəhətlər və bənzərliklər
İctimai rəyə bu məsələnin tam şəkildə, dolğun çatdırılması üçün qeyd edək ki, sözügedən müsahibədə F.Gülən törətdiyi əməldən peşman olmaması ilə yanaşı, dostlarının da peşman olmadığını bildirib. Əgər nəzərə alsaq ki, Gülənin Azərbaycandan olan əsas dostlarından biri və birincisi Ə.Kərimlidir, onda nəyin nə olduğunu anlamaq çətinlik yaratmır.
Ümumiyyətlə, sözügedən müsahibədə Gülənin digər fikirləri də diqqət çəkir ki, həmin fikirlərin Ə.Kərimli fikirlərinə bənzəməsi aşkarlığı ilə seçilir. Baxın, F.Gülən öz müsahibəsində "Hizmet" hərəkatının (FETÖ-nün digər adı-R.N.) qaranlıq tərəfləri, hakimiyyətə gəlməyi hədəfləməsi (!-R.N.) barədə indiyədək moizələrini qanun və etika çərçivəsində apardığını deyib. Nə qədər bənzər ifadədir deyilmi? F.Gülən Türkiyədə silahlı herbi çevriliş edir, insanlara bütün silahlardan atəş açılır, tanklar, hərbi təyyarələr, helikopterlər dövlət binalarını, parlament binasını bombalayır, o isə deyir ki, qanun və etika çərçivəsində hakimiyyətə yiyələnməyə çalışıb (?!-R.N.) Ə.Kərimli də iddia edir ki, guya sivil yolla müxalifətçilik edir, bu yolla hakimiyyətə yiyələnməyə səy göstərir. Maraqlıdır, 2003-cü ilin oktyabr, 2005-ci ilin noyabr aylarında onun arxasında dayanan qaranlıq qüvvələrdən biri də "Hizmət" hərəkatı olmayıbmı? Əslində, bu mövzu elə bir faktorlara söykənir ki, onu araşdırdıqca, Ə.Kərimlinin Gülənlə əlaqəli olması barədə tutarlı isbatlar daha çox nəzərə çarpmağa başlayır.
Fakt faktlığında qalır və Əli Kərimlinin ruporlarından biri olan "Meydan" TV Fətullah Güləni dəstəkləyən addımlar atır
Məsələn, son günlər, xüsusilə, Türkiyədə baş verən hadisələrin ardınca, daha dəqiqi isə, avqust ayının ortalarından başlayaraq, AXCP sədri Ə.Kərimli və onun ətrafı ABŞ, Böyük Brtitaniya, Fransa səfirliklərində və ATƏT-in Bakı nümayəndəliyində ardıcıl görüşlər keçirdilər. Sirr deyil ki, F.Gülənin əsas dəstəkləyicilərindən biri də, məhz Qərb ölkələridir. Hətta ABŞ bugünə qədər onun Türkiyəyə ekstradisiyası yönündə bəhanələr gətirir və aşkar şəkildə ekstradisiya prosesini əngəlləməyə çalışır. Ə.Kərimlinin ruporlarından biri olan "Meydan" TV də F.Güləni dəstəkləyən addımlar atır. Onda məsələ öz təsdiqini tapır - Ə.Kərilmi F.Gülənin Azərbaycandakı sağ əlidir və bu məsələnin dərhal araşdırılması vacibliyi özünü daha çox qabarıq göstərməyə başlayıb. Fakt öz faktlığında qalır!
Rövşən NURƏDDİNOĞLU