PDF Oxu

Müxalifət

  • 2 344

"Milli Şura"nın mitinq şousu niyə baş tutmadı..?

image

Bunun yerinə isə vacib faktlar ortaya çıxdı

"Milli Şura"nın sentyabrın 11-də metronun "İnşaatçılar" stansiyasının yaxınlığında keçirdiyi mini mitinqin daha çox şou göstərilməsinə bənzəməsi artıq bir sıra faktlara əsaslanmaqdadır. Bəri başdan deyə bilərik ki, siyasi-ictimai hadisələrdən yalnız öz məqsədləri üçün istifadə etməyə çalışan radikal müxalifət "liderləri" bunun üçün bir neçə müddət öncə müvafiq təlimatlarını alıblar. Çünki mitinq şousundan qabaq Əli Kərimli-Cəmil Həsənli cütlüyü, o cümlədən, dağıdıcı müxalifətə yaxınlığı ilə seçilən digər şəxslər Qərb səfirliklərinə çağırılaraq ABŞ, Böyük Britaniya və dipkorpusların əmrlərinə müntəzir dayanıblar. Yəni bu gün kimsə iddia etsə ki, "Milli Şura" rəhbərliyi heç də xarici dairələrə xidmət göstərmir, məqsədi və amalı yalnız xalqın maraqlarını təmin etmək uğrunda mübarizə aparmaqdır, bu, ən azından sadəlövlük olardı.

FAKT - Əli Kərimli Qərb səfirliklərindən 100 min dollar aldığı halda, siyasi şousuna uzağı 2000 nəfər adam yığır

Beləliklə, uğursuz mitinq şousu başa çatar-çatmaz, sosial şəbəkədə açdığı səhifəsinə qapanan Ə.Kərimli hər zamankı kimi, mitinqi "əhəmiyyətinə" görə deyil, kəmiyyətinə görə qiymətləndirdi. Təbii ki, bu addımın atılmasının özü aksiyanın əhəmiyyətsizliyini gizlətməyə hesablanmışdı. Bu səbəbdən, Ə.Kərimli ictimai diqqəti mini aksiya iştirakçılarının sayı ətrafına yönəldərək, yenidən "on minlərlə" ifadəsini işlətdi. Halbuki mitinqdəki jurnalistlərin, polis güclərinin sayını çıxsaq, orada uzağı 2000 civarında insanın olub-olmamasını hesablamaq mümkündür.

Başqa tərəfdən, tutaq ki, "Milli Şura"nın mitinq şousuna 2000-dən də çox, lap elə "3000", hətta "4000" adam toplaşıb, məgər həmin rəqəmlər onların etiraz etdikləri referendum aktı layihəsinə qarşı hər hansı siyasi gücünü nümayiş etdirə bilərmi? Əlbəttə ki, xeyr, çünki bu adamlar hətta əllərində maliyyələri olduğu halda (bayaq da qeyd edildiyi kimi, Qərb səfirlikləri bir müddət öncə etiraz aksiyalarının başladılması üçün, o cümlədən, ölkədəki ictimai-siyasi sabitliyi pozmaq üçün bunlara 100 min ABŞ dolları məbləğində pul ayırıb-R.N.), ətraflarına 2000 nəfərdən artıq adam toplamağı bacarmadılar. Buna isə "siyasi uğur", yaxud "məqsədə nailolma" demək qətiyyən doğru deyil.

MƏNTİQSİZLİK - Avropadakı müsəlmanlar dini diskriminasiyalara uğrayır, Ə.Kərimli isə dini ekstremistlərə Avropa İttifaqının bayraqlarını qaldırtdıraraq "hicaba azadlıq" şüarını çağırtdırır

Mitinqin gedişi zamanı diqqətçəkən məqamlardan biri də Ə.Kərilminin din amilindən öz siyasi məqsədləri istiqamətində istifadə etməsidir. Məsələn, biz "Məhsul"dakı mitinq zamanı kənarda dayanmış bir neçə hicablı qadın və kişiləri müşahidə etdik. Maraqlıdır, həmin mitinqdə Avropa İttifaqının da bayraqları qaldırıldığı halda, mövzuya heç bir aidiyyatı olmayan din amilinin mitinqə daxil edilməsi hansı anlamı daşıya bilər? Çünki bildiyimiz qədər, aparıcı Qərb ölkələrində, xüsusilə ABŞ-da, Böyük Britaniyada və Fransada ictimai yerlərdə müsəlman qadınlara baş örtüyünün örtülməsi qadağan olunub. "Demokratiya, insan azadlığı və dəyərlərini" öz tərzləri ilə başqa ölkələrə sırımağa çalışanların bayraqlarının bu "Milli Şura"nın mitinqində dalğalanması, həqiqətən də məntiqə sığmır. Təbii ki, Ə.Kərimlinin bu məsələdəki marağı başqadır - Taleh Bağırzadə-Fuad Qəhrəmanlı cütlüyü və "Nardaran işi" ilə əlaqədar bu addımı atmaq AXCP sədri üçün vacib idi. Ancaq bunun nə qədər reallığa söykənməsi böyük sual altında qalmaqdadır. Baxın, Avropada müsəlmanlar, xüsusilə Yaxın Şərqdəki müharibədən qaçaraq, qoca qitəyə sığınan insanlar dini və mrqm-ayrıseçkilik baxımdan diskriminasiyalara uğrayırlar, Ə.Kərimli və Avropa İttifaqının bayrağını başı üzərinə qaldırıb, bir növ "hicaba azadlıq" şüarını ətrafına yığdığı beş-on nəfər dini ekstremistə səsləndirir. Qəribə və gülünc bir vəziyyətdir, deyilmi?

NƏTİCƏ - Bu cür şouların daha öncəki nəticələrini xatırlayaraq qənaətə gələ bilərik ki, Ə.Kərimlinin sentyabrın 17-də daha bir mitinq şousu təşkil etmək istəyi onun növbəti ifşalarını ortaya çıxarmış olacaq

Bütün bunlardan sonra Ə.Kərimli siyasi eyforiyaya qapılaraq, hətta elə sanıb ki, ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. Amma o diqqət mərkəzində olsa da, bu amil gülüş hədəfi ilə eyni müstəvidə görünməkdədir. Nəticədə, aydın şəkildə göründü ki, Ə.Kərimli-C.Həsənlinin (sədrin mitinq zamanı xarici səfər etrməsi də bəzi sualları yaradır - R.N.) timsalındakı "Milli Şura" heç də xalqın marağını deyil, öz marağını təmin etməyə növbəti dəfə cəhd göstərib. Bu cür şouların isə daha öncəki nəticələrini xatırlayaraq, qənaətə gələ bilərik ki, Kərimlinin sentyabrın 17-də daha bir mitinq şousu təşkil etmək istəyi onun növbəti ifşalarını ortaya çıxarmış olacaq. İşfalar isə saysız-hesabsıızdır!

Məsələn, artıq indidən hesab etmək olar ki, Ə.Kərimli mitinqə cəlb edə bildiyi insanlara istədikləri məbləğdə mitinqpulu vermədiyinə görə, bu dəfə daha az iştirakçı qarşısında "bəlağətini" nümayiş etdirəcək. Çünki əldə etdiyimiz informasiyaya görə, o mitinq şousuna uzağı 20 min ABŞ dolları civarında xərc çəkib, yerdə qalanı isə hər zaman olduğu kimi, mənimsəyib. Qondarma etirazçılar isə ondan daha çox məbləğ tələb etdiklərinə görə, yaxid tələbləri yerinə yetirilmədiyinə görə avqustun 17-nə təyin olunan aksiyaya qatılmayacaqlar. Nəticə isə belədir - "Milli Şura"nın növbəti mitinqi (əgər baş tutacaqsa-R.N.) artıq indidən dalana dirənib. Çünki ayın 11-dəki şou hər şeyi tam çılpaqlığı ilə ortaya qoyub.

Rövşən NURƏDDİNOĞLU

P.S. Fakt budur ki, mitinqin ucuz keyfiyyəti və məntiqsiz nəticəsi qalıb bir kənarda, Ə.Kərimli ortaya düşərək, adam sayı üstündə "dava döyür"...

Digər xəbərlər