TƏRS BAXIŞ
Və ya düşərgə "liderləri" adicə mitinq məsələsində belə bir araya gələ bilmədikləri halda, hansı üzlə xalqın qarşısına çıxıb hakimiyyət əleyhinə şüarlar səsləndirirlər?
"Milli Şura"nın uğursuz və ictimai rəydə heç bir maraq doğurmayan və nəticəsiz mitinqinin ardınca, dağıdıcı müxalifətin digər siyasi təşkilatı – Müsavat partiyasının da bu ayın 18-nə mitinq təyin etməsi cəmiyyətdə istehza ilə qarşılanır. Məsələ ondadır ki, vaxtilə "Milli Şura"nın tərkibində olan, lakin sonradan məlum səbəblərə görə, bu qurumun tərkibindən çıxan Müsavat partiyasının eyni məzmnlu mitinq keçirəcəyi barədə bəyanatlar səsləndirməsi, həqiqətən də, heç bir məntiqə sığmayan faktordur. İctimai rəy sual edir ki, əgər müxalifət, yəni AXCP-nin egidası altındakı "Milli Şura" və Müsavat eyni şüarlara malik mitinq keçirirlərsə, nəyə görə bunu birlik şəklində deyil, ayrı-ayrılıqda keçirməyi üstün tuturlar? Təbii ki, burada bir sıra maraqlar dayanır və əsas maraqlardan biri də xarici iaraqlı təşkilatlardan və Azərbaycandakı bəzi dipmissiyalardan əldə edilən maliyyələrlə bağlıdır. Çünki bildiyimiz qədər, AXCP sədri Ə.Kərimli ilə yanaşı, Müsavat başqanı A.Hacılı da avqust ayında Bakıdakı Qərb səfirliklərində məqsədi bəlli olan görüşlər keçirmişdi. Həmin görüşlərdə onlara mitinqləri bir yerdə keçirmək təlimatı da verilmişdi, lakin onlar bu məsələyə məhəl qoymayaraq, sonda mitinqlərini ayrı-ayrılıqda keçirməyə qərara gəliblər. Əlbəttə ki, belə məqamda növbəti sual yaranır – müxalifət "liderləri" adicə mitinq məsələsində bir araya gələ bilmədikləri halda, hansı üzlə xalqın qarşısına çıxıb hakimiyyət əleyhinə şüarlar səsləndirirlər? Bax, bu sualın cavabı 20 ildən artıqdır ki, verilmir. Çünki əsaslı suala veriləsi cavabları yoxdur!
Yalnız şəxsi mənfəətlərini güdən müxalifətin real siması
İndi Müsavat partiyası sentyabrın 18-də mitinq keçirmək niyyətindədir. Özü də "Milli Şura"nın ikinci mitinq qərarından sonra. Çünki icazə verilərsə, Ə.Kərimli-C.Həsənli cütlüyü bir gün öncə - sentyabrın 17-də mitinq keçirmək istəyir.
AXCP sədrinin müavini Gözəl Bayramlı Müsavat partiyasının birgə mitinqlərlə bağlı təklifinin Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən imtina edilməsindən danışıb. Bu arada AXCP-nin sədr müavini G.Bayramlının mitinqlə və Müsavatla bağlı fikirləri də maraq doğurur. SİTAT: "Konkret keçirəcəyimiz mitinqlə bağlı danışa bilərəm. Partiyada belə bir məsələ heç vaxt müzakirə mövzusu olmayıb. Biz "Milli Şura" olaraq mitinq keçirməyə qərar vermişik və bu, belə də davam edəcək. Hər hansı bundan kənar müzakirələr barədə fikir bildirmək istəmirəm. Kim hansı təşkilatın keçirdiyi mitinqdə iştirak etmək istəyirsə, ora da gedə bilər".
Müsavat partiyasının başqan müavini Yadigar Sadıqov mediaya açıqlamasında mitinqlərin birgə təşkili üçün AXCP-yə etdikləri müraciətdən imtina edildiyini bildirmişdi. Məhz bu faktın özü pərakəndə, yararsız, yalnız şəxsi mənfəətlərini güdən müxalifətin real simasını ortaya qoymuş olur. Belə olan təqdirdə isə, xalqın onlara olan inamı necə ola bilər? Əlbəttə ki, neqativ!
Əslində, mitinqlər heç də sosial sifarişin nəticəsi deyil, sosial sifarişin əksinə olan mitinqlərdir
Təbii ki, biz eyni vəziyyətin dəfələrlə şahidi olmuşuq. Çünki əvvəlki mitinqlərdə də mövcud hallar yaşanıb. Məhz həmin ayrı-ayrılıqda keçirilən, nəticəsiz qalan mitinqlər də göstərdi ki, dağıdıcı müxalif düşərgə Azərbaycan cəmiyyəti tərəfindən dəstəklənmir. Bu baxımdan, radikal düşərgənin referendumla bağlı əks-təbliğatları cılız, məntiqsiz, soyuq, inamsız görünür və kimsənin onların bu mövqeyini, narazılıqlarını dəstəkləyəcəyi də, ümumiyyətlə, ağlabatan deyil. Bu səbəbdən, istər "Milli Şura"nın, istərsə də Müsavatın cəmiyyətin iradəsinə və seçiminə uyğun gəlməyən mitinqinə vətəndaşların kütləvi şəkildə, özlərinin də iddia etdikləri kimi, "on minlərlə" şəklində gedəcəyi qətiyyən mümkün görünmür. Demək, həmin mitinqlər heç də sosial sifarişin nəticəsi deyil, sosial sifarişin əksinə olan mitinqlərdir.
Onlar üçün 2000 rəqəmi dəyişilməz olaraq qalmaqdadır
İkincisi, "Milli Şura"nın budəfəki mitinqində elə ənənəvi müxalifət nümayəndələri və partiya üzvlərinin də ötəndəfəki sayda toplaşacağını demək olmaz. Çünki hələ ötən ilin mayında keçirilmiş bənzər razılaşdırılmış mitinqdə cəmi 2 min nəfəri keçməyən iştirakçı sayı ərsəyə gəlmişdi. Burada isə bütün müxalif "konqlomerat" təmsil olunurdu. Müsavat da, həmçinin, eyni aqibəti yaşayır. Onlar üçün 2000 rəqəmi dəyişilməz olaraq qalmaqdadır.
İstər "Milli Şura"nın, istərsə də Müsavatın bu cür görüntüləri öz zəifliklərinin özləri tərəfindən car çəkilməsidir
Diqqətçəkili məqamlardan biri də radikalların mitinqdə insanlara yeni heç nə deyə bilməmələri, yalnlz monoton nitqə və tənqidə üstünlük vermələridir ki, nəticədə, nəinki pulla ələ alınan muzdlu mitinqçilər, eləcə də onların partiya üzvlər də vaxtından əvvəl maraqsız aksiyalardan, demək olar ki, başlarını götürüb qaçırlar. Bütövlükdə isə, qənaət belədir – istər "Milli Şura"nın, istərsə də Müsavatın bu cür görüntüləri öz zəifliklərinin özləri tərəfindən car çəkilməsidir. Yaxşı olardı ki, belə rüsvayçılıqlara düçar olmaqdansa, vəziyyətləri ilə barışsınlar. Təəssüf ki, onlarda belə bir düşüncə tərzi yoxdur.
Rövşən RƏSULOV