PDF Oxu

Müxalifət

  • 2 121

Müsavatla AXCP arasında dərin rəqabət var

image

Mais Səfərli: "Müxalifət mənasız mitinqlər keçirməklə xaricdə olan bəzi qüvvələrə də bir mesaj verir ki, biz müxalifətik və sizin tapşırıqlarınızı yerinə yetirməyə hazırıq"

Bu gün müxalifət düşərgəsində iddialı partiyalar arasında mövqe savaşı gedir. Xüsusilə də, Müsavatla AXCP arasında mübarizə daha amansız və gərgindir. Bu iki partiya mitinqlər xatirinə mitinq keçirməklə rəqabətdə bir-birindən geri qalmadığını göstərməyə çalışır. Hər iki partiyanın bir-birinin ardınca mitinq planlaşdırmaları da rəqiblikdən doğan bir mübarizənin nəticəsidir. Baxmayaraq ki, hər iki partiya rəsmiləri nəzərdə tutduqları aksiyalara ictimai marağın sıfır həddində olduğunu başa düşürlər. Sadəcə, bir-birinə olan düşmənçilik, rəqiblik münasibətləri aksiya keçirmək fürsətindən imtina etməyə imkan verməir. "Yurddaş" partiyasının sədri Mais Səfərli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, aksiyalar keçirməyə cəhd etməklə istər Müsavat, istərsə də AXCP özlərini düşərgə daxilində ən radikal mövqedə olan və əsl müxalifət adına iddialı partiya olduqlarını nümayiş etdirməyə çalışırlar: "Lakin bu, digər müxalifət partiyaları tərəfindən rişxədlə qarşılanır. Ə. Kərimli iddia edir ki, "müsavatçılar mitinq keçirtmək istəmirlər, sadəcə olaraq, aksiya ilə gündəmdə qalmağa çalışırlar. Bu da onların zəifliyindən, yəni "Milli Şura" ilə rəqabət aparmaq gücündə olmadıqından irəli gəlir".

Ona görə də, Müsavatla AXCP arasında dərin rəqabət var. Bu rəqabət hakimiyyətə gəlməkdən ötrü deyil, sadəcə olaraq, onlar arasında olan bu rəqabət hansının əsl müxalifət, "ana" müxalifət və hansı partiyanın liderinin güclü olması uğurundadır. Bir sözlə, müxalifət cəbhəsindəki savaş liderlik uğrunda gedən bir savaşdır". "Parçalanmış bir durumda olan müxalifətin kütləvi aksiya keçirməsi nə dərəcədə inandırıcıdır" sualını cavablandıran M.Səfərli qeyd etdi ki, Müsavatın mitinq yox, yürüş-mitinqi keçirmək haqqında qərar verməklə özlərinin zəifliklərini etiraf etmiş oldular: "Çünki Müsavatdaxili ziddiyyətlər mövcuddur. Yəni daxilən partiya parçalanmış bir vəziyyətdədir. Burada nəinki AXCP-Müsavat bir-birini ittiham edir, hətta Müsavatın öz içindəki qruplar da bir-birlərini ittiham edirlər. Ona görə də, Müsavatın kütləvi aksiya keçirməsi inandırıcı deyil".

"Sizcə, müxalifətçilər bu cür aksiyalar keçirməklə düşdükləri böhranlı vəziyyətdən çıxa bilərlərmi və yaxud hər hansı bir xarici maraqlı qüvvələrin diqqətlərini özlərinə cəlb edə bilərlərmi" sualını cavablandıran partiya sədri qeyd etdi ki, müxalifəti təmsil edən şəxslər bu cür aksiyaları keçirməklə heç də düşdükləri böhranlı vəziyyətdən çıxa bilməyəcəklər: "Müxalifət təmsilçilərinin hazırda istəyi özlərinə sosial baza yığmaqdır. Ancaq bu, heç vaxt alınmayıb və alınan da deyil. Xalq, birmənalı şəkildə bunlara heç bir dəstək vermir. Amma müxalifət təmsilçiləri bu reallığı görmək istəmirlər və yenə də yersiz hərəkətlərə əl atırlar. Digər tərəfdən də, müxalifət mənasız mitinqlər keçirməklə xaricdə olan bəzi qüvvələrə də bir mesaj verirlər ki, biz müxalifətik və sizin tapşırıqlarınızı yerinə yetirməyə hazırıq".

GÜLYANƏ

Digər xəbərlər