"Kimsəyə sirr deyil ki, Müsavat və AXCP arasındakı qarşıdurmalar əsasında dayanan köklü səbəblərdən biri "ana müxaifət" adına sahib olmaq iddiası dayanıb. Çünki onlar, məhz bu ada sahib olduqdan sonra guya hakimiyyətə yiyələnəcəklərini xəyal edirlər". Bu fikirləri Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının qadınlar şurasının sədri Təranə Kərimova adıçəkilən partiyaların bir-birlərinin aksiyalarına qatılmamaları səbəblərini şərh edərkən deyib. T.Kərimovanın sözlərinə görə, hazırda hər iki partiya ictimai rəydə qaragüruhçu, dağıdıcı və xəyanətkar siyasi təşkilatlar kimi tanınır: "O cümlədən, bu partiyaların sədrləri arasında uzun illərdir ki, hərc-mərclik hökm sürür, AXCP sədri Ə.Kərimlinin istər Müsavatın sabiq başqanı İ.Qəmbərə, eləcə də hazırkı sədri A.Hacılıya qarşı platonik nifrəti var. Həmçinin, sonuncuların da eynilə Ə.Kərimliyə qarşı münasibətləri mövcuddur. Bu adamlar, hətta birillik hakimiyyətdə olduqları zaman bir-birlərinə qarşı hakimiyyətdaxili savaş elan etmişdilər. Əbəs yerə deyil ki, AXC 1992-ci ildə iqtidarı ələ keçirdikdən az sonra hakimiyyət daxilində hakimiyyəti təmsilı edən ikinci siyasi təşkilat - Müsavat partiyası İ.Qəmbərin rəhbərliyi altında yarandı".
"Milli Şura" yarandıqdan sonra da bu insanlar bir-birləri ilə yola getmədilər"-deyə xatırladan Təranə Kərimova qeyd edib ki, buna səbəb 2013-cü ilin prezident seçkilərində "vahid namizəd" məsələsində iddialarının təmin olunmaması olub: "Həmin vaxt Rüstəm İbrahimbəyovun namizədliyi məlum səbəblərə görə qeydə alınmadı və onun yerinə Cəmil Həsənli ehtiyat "vahid namiuzəd" kimi seçildi. İ.Qəmbər isə o zaman Müsavat başqanı kimi buna razı deyildi. O cümlədən, ortada digər iddialar da var idi ki, bütün bunların nəticəsində Müsavat partiya olaraq "Milli Şura" sıralarından çıxdı".
"Təbii ki, həmin aksiyaların əsas marağı Azərbaycandakı mövcud sosial sabitliyi pozmağa yönəlib"
YAP Səbail rayon təşkilatının qadınlar şurasının sədri son proseslərə də toxunaraq qeyd edib ki, bu gün aksiyalar və s. adlar altında ölkədəki ictimai-siyasi sabitliyi pozmağa çalışan xəyanətkarlar indi də Qərbin bəzi diplomatik nümayəndəliklərini özlərinə xilaskarlıq missioneri kimi seçiblər: "Biz hələ avqust ayından etibarən mətbuatdan da gördük ki, AXCP, "Milli Şura", "REAL", "Ümid" partiyası və siyasiləşmiş QHT-lər Qərbin bir sıra ölkələrinin Azərbaycandakı səfirliklərində olublar, orada sifarişlərini qeydə aldırdıqdan sonra verilən təlimatları icra etməyə başlayıblar. Məhz həmin görüşlərdən sonra bunlar aksiyalar planlaşdırmağa başladılar. Təbii ki, həmin aksiyaların əsas marağı Azərbaycandakı mövcud sosial sabitliyi pozmağa yönəlib. Ancaq görünən budur ki, onların bu xəyalları heç vaxt baş tutmayıb, indi də eyni hal yaşanacaq".
T.Kərimova onu da bildirib ki, Azərbaycan xalqı inkişafın, tərəqqinin və yüksəlişin tərəfindədir: "Bunun üçün xalqımız daim dövlət rəhbərliyinin, ölkə başçısının ətrafında sıx birləşib, vəhdət təşkil edib. Bu vəhdəti isə heç bir daxili və xarici qüvvələr poza bilməzlər".
RƏFİQƏ HÜSEYNOVA