PDF Oxu

Müxalifət

  • 2 010

AXCP-Müsavat arasındakı kəskin gərginlik partiyalararası savaşa doğru

image

SİYASİ RAKURS

Partiya funksionerləri açıq ittihamlara başladılar

Son günlər AXCP və Müsavat partiyaları arasındakı pozuq münasibətlərin kəskin gərginlik halından çıxaraq partiyalararası savaşa doğru istiqamət alması bir daha sübut edir ki, adıçəkilən siyasi təşkilatlar arasındakı vəziyyət heç vaxt yaxşılığa doğru dəyişilməmiş qalacaq.

Ə.Kərimlinin müavinləri Nurəddin Məmmədli və Gözəl Bayramlıdan Müsavat partiyasına : "AXCP üzvlərinə qarşı əsl düşmən kimi davranırlar...Gedib öz mitinqlərinə hazırlaşsınlar"

Artıq bu proses özünü dəfələrlə təkzibedilməz şəkildə təkrar edib. Maraqlı məqamlardan biri də Müsavatn vaxtilə təmsil olunduğu "Milli Şura" sıralarından çıxmasından sonra səngiməyən ittihamlardır ki, indi həmin faktor adıçəkilən təşkilatların - AXCP-"Milli Şura" və Müsavatın keçirməyə cəhd etdikləri uğursuz aksiyaları fonunda özünü sərgiləyir. Məhz belə bir məqamda qarşılıqlı ittihamlar artmağa başlayıb.

Məsələn, bir neçə gün öncə AXCP-nin sədr müavini, "Milli Şura"nın üzvü Nurəddin Məmmədli açıqlamasında bildirib ki, "Bir sıra partiyaların təmsilçiləri AXCP üzvlərinə qarşı əsl düşmən kimi davranırlar". Cəbhə rəsmisi burada konkret ad çəkməyə ehtiyat etsə də, söhbətin Müsavat partiyasından getdiyi kimsəyə sirr deyil.

Digər AXCP və "Milli Şura" funksioneri Gözəl Bayramlı isə kəskin şəkildə bəyan edib ki, Müsavat funksionerləri "Milli Şura"nın tədbirini müzakirə etməkdənsə, gedib öz mitinqlərinə hazırlaşsınlar".

Müsavatın Məclis sədri Nüçabə Sadıqlıdan AXCP-çilərə: "AXCP və ya "Milli Şura" mübarizəsini müxalifətin daxilinə daşıyır, bunun üçün işləyir, mübarizəni Müsavatla aparır... Ölkədə bir ana müxalifət var və o da Müsavatdır"

Məhz belə bir məqamda Müsavat partiyası məclisinin sədri Nüşabə Sadıqlının qarşı tərəfə cavabı gecikməyib və o, məsələnin tamamilə əksini bildirərək deyib ki, əslində, AXCP-"Milli Şura" bu vasitəylə Müsavata qarşı hücuma keçib. Müsavatçı funksioner deyib ki, cəbhəçilər mənəm-mənəmliklə məşğul olmaqdadırlar. "Məncə, siyasətdə ən yanlış qərar və hərəkət budur"-deyə billdirən Sadıqlı əlavə edib ki, AXCP və "Milli Şura"dan fərqli olaraq, onlar "birinci mənəmlik" prosesində iştirak etmək niyyətində deyillər. Bununla AXCP və "Milli Şura"nın Müsavatın bostanına atdığı daşı geriyə qaytaran müsavatçı xanım dolayı yolla düşmən münasibətində olduqları cəbhəçilərə qarşı ittihamlarını davam etdirib: " Çox təəssüflər olsun ki, bəzi siyasi partiyalar, yəni AXCP və ya "Milli Şura" mübarizəsini müxalifətin daxilinə daşıyır, bunun üçün işləyir, mübarizəni Müsavatla aparır".

Maraqlı məqamlardan biri də Nüşabə Sadıqlının belə bir qarşıdurma və savaş əsnasında yenidən Müsavatı "ana müxalifət partiyası" qismində təqdim etməsidir: "Müxalifət deyəndə, ölkədə bir ana müxalifət var və o da Müsavatdır".

Müsavatçı funksioner Ə.Kərimlinin və ətrafının insanlara yalan danışdığını, çaşqınlıq yaratmaq istədiyini də iddia edib. O, bu iddiasını belə əlaqələndirib ki, AXCP və "Milli Şura" aksiyalar keçirmək istəyərkən, müsavatçıların tədbirlərinə əngəl yaratmağa cəhd göstərirlər: "Yəni insanları aldatmaq, çaşdırmaq, yanlış rəy formalaşdırmağa yönələn siyasət yürüdürlər".

ADP sədri Sərdar Cəlaloğludan AXCP-"Milli Şura" və Müsavat rəhbərliyinə ittiham: "Bu xəstəlik hələ də onlarda qalmaqdadır"

Bu arada AXCP və Müsavat arasında yaşanan yeni və daha gərgin böhrana digər müxalifət partiyalarından da münasibətlər bildirilməkdədir. Belə ki, ADP sədri S.Cəlaloğlu AXCP-nin və Müsavatın arasındakı qarşıdurmaları önə keçmək istəyinin ifadəsi kimi qiymətləndirib. ADP sədri də də hesab edir ki, müxalifət birincilik uğrunda mübarizə aparır: "...Ayrı-ayrı partiyaların bir-biri ilə "ana müxalifət mənəm" yarışı keçirməsi lazım deyil...Azərbaycan müxalifətinin bu xəstəliyi hələ də qalmaqdadır. Təbii ki, bu da çox yanlış addımdır".

Cəlaloğlu əlavə olaraq, qeyd edib ki, öz aksiyalarında insanların sayını şişirtməklə siyasi reytinq qazanmağa cəhd etmək yanlışlıqdır.

Beləliklə, görünən budur ki, artıq hər iki radikal və dağıdıcı müxlaifət partiyaları arasındakı münasibətlər açıq savaş həddinə doğru inkişaf edib və bu dəfə həmin savaşdan heç birinin salamat şəkildə çıxacağını demək olmaz.

Rövşən RƏSULOV

Digər xəbərlər