PDF Oxu

Müxalifət

  • 1 758

Əli Kərimli ilə Arif Hacılı özlərini alçaldırlar

image

"AXCP ilə Müsavat arasındakı düşmənçilik hər iki partiyanın dağılmasına gətirib çıxaracaq"

Bu gün heç kəsə sirr deyil ki, AXCP ilə Müsavat arasındakı düşmənçiliyin gərgin xarakter alması sıravi üzvlər arasında istefaların baş verməsinə gətirib çıxarır. Ötən gün "Milli Şura"nın və AXCP-nin üzvü Sahib Kərimlinin də istefası iki partiya arasında mövcud olan gərgin qarşıdurmaların nəticəsidir. Proseslərin bu formada davam edəcəyi təqdirdə, AXCP və Müsavatdan kütləvi istefaların daha geniş xarakter alacağı istisna edilmir. AXCP Ali Məclisinin keçmiş üzvü, Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov "Səs" qəzetinə açıqlamasında AXCP ilə Müsavat arasındakı düşmənçiliyin hər iki partiyanın dağılmasına gətirib çıxaracağını bildirdi: "Ataların belə bir məsəli var: iki qoçun başı bir qazanda qaynamaz. Düzdür, bunlar qoç olmasalar da, hər halda, pis-yaxşı hərəsinin bir başı var. Xaricdəki məkrli qüvvələr həm AXCP-dən, həm də Müsavatdan öz maraqları üçün istifadə edirlər. Belə olan halda da, AXCP və Müsavat ayrı-ayrılıqda çalışırlar ki, bundan özlərinə daha çox imic toplasınlar, xal qazansınlar və həmin xarici qüvvələrin gözündə başları uca olsun. Ona görə də, AXCP ilə Müsavat istər-istəməz hərəsi müxtəlif variantlar fikirləşirlər - nə etsinlər ki, xaricdəki qüvvələrin onlara olan inamları artsın və bununla da daha cox maliyyə yardımları ala bilsinlər. Bu baxımdan, AXCP ilə Müsavat xarici qüvvələrin gözündə daha yüksək olması üçün əllərindən gələni edirlər".

T.Novruzovun sözlərinə görə, Ə.Kərimli və A.Hacılı belə yersiz hərəkətlərə əl atmaqla, özlərini daha da alçaldaraq, gözdən salırlar: "Bu gün AXCP və Müsavat funksionerləri çox gözəl bilirlər ki, onların nə etmələrindən asılı olmayaraq, heç vaxt öz istəklərinə çata bilməyəcəklər. Belə olan halda, bu kimi qüvvələrin yeganə çıxış yolu müxalifət fonundan çıxış edərək, xaricdə olan qüvvələrdən pul qoparmaqdır. Burada da kimin daha çox xaricdən pul qoparmaq məsələsi var. Yəni pul əldə etmək üçün Ə.Kərimli, İ.Qəmbər, A.Hacılı və C.Həsənli arasında mübarizə gedir və bu mübarizə də düşmənçiliyə gətirib çıxarır". T.Novruzov onu da bildirdi ki, bu gün özünü müxalifət kimi təqdim edən qüvvələrin bütün fəaliyyətinin arxasında xarici qüvvələrin dayandığı birmənalıdır: "Məsələ burasındadır ki, hər zaman Azərbaycanda seçkilərin keçirildiyi bir məqamda, müxalifət qüvvələri reallığı özündə əks etdirməyən məsələləri gündəmə gətirərək aksiyalar keçirirlər. Təbii ki, həmin aksiya keçirmək istəyən qüvvələrin arxasında duranlar da, məhz xarici qüvvələrdir. Demək olar ki, məhz xarici qüvvələrin sifarişi ilə müxalifət təmsilçiləri aksiyalar keçirir ki, ölkədə nə isə xoşagəlməz bir vəziyyət yaratsınlar. Amma hər zaman olduğu kimi, bu dəfə də həm xarici qüvvələr, həm də müxalifət təmsilçiləri istəklərinə çatmayacaqlar. Çünki xalqımız bu şəxslərin necə məkrli və yaramaz olduqlarını çox gözəl bilirlər".

GÜLYANƏ

Digər xəbərlər