TƏRS BAXIŞ
Yaxud Əli Kərimli neofaşizmi ilə Arif Hacılı neobolşevizmi arasındakı bənzər çalarlar
Beləliklə, həm AXCP sədri Ə.Kərimlinin - sədri C.Həsənli olan və yedək qurumu hesab edilən "Milli Şura"nın, həm də İ.Qəmbərin qeyri-rəsmi başqanı olduğu və bunu saxta başqan A.Hacılı vasitəsilə ört-basdır etdiyi Müsavatın ikisinin birinə, birinin isə heç birinə dəyməyən mitinq-şouları başa çatdı. Düzdür, onlar yenə də şou keçirmək arzusunda olduqlarını bəyan etsələr də, ötən həftədə yekunlaşdırdıqları "mitinqləri" növbəti dəfə ölkəmizin siyasi tarixinə qara ləkə kimi düşdü. Rüsvayçılıqla, Azərbaycan atributlarına həqarətlə, təxribatçı şüarlarla, terrorçuluq hədələri ilə və s...
Paradoks...
Məsələ ondadır ki, sözügedən şoularda vacib məqamlar nəzərə çarpmış oldu. Məsələn, radikal dindarları da müəyyən vasitələri sayəsində öz şousuna qatmağı bacaran şoumen Ə.Kərilmi "Məhsula" gələnlərin şənlərinə bir-iki ağız tərif deyərkən, hətta müsavatçıların da orada iştirak etdiklərini bildirdi.O cümlədən, digər siyasi şoumen A.Hacılı öz çıxışı əsnasında müsavatçıları "Milli Şura"nın aksiyalarına qatılmağa səsləyib. Nəticədə, belə bir paradoks yaranır: dünənə qədər bir-birlərinin ətlərini yeyib, sümüklərini xıncımlayan, "xəyanətkar", "satqın", "şeytan" adlandırıb təhqir edənlər, indi necə oldu ki, birdən-birə bu qədər "mehribanlaşdılar"?
Bunları belə bir çıxış etməyə məcbur edən Qərb amildir
Məgər 2013-cü ilin prezident seçkilərinə az müddət qaldığı bir vaxtda "Milli Şura"nın sıralarından çıxmalarının səbəbini başda Ə.Kərimli və C.Həsənlinin ruslara satılması ilə əlaqələndirənlər də, məhz müsavatçılar - İ.Qəmbər və A.Hacılı deyildimi? Yaxud Müsavat rəhbərliyi "Milli Şura"nın sıralarını tərk edərkən, onları "iqtidara satılanlar"-deyə adlandıran tərəflər Ə.Kərilmi-C.Həsənli cütlüyü deyildimi? Əcəba, nə baş verdi ki, bunlar indi bir-birlərinə qarşı bu qədər "etimad" göstərməyə başladılar?Təbii ki, bunları belə bir çıxış etməyə məcbur edən Qərb amildir. Həmin Qərb amili ki, ötən aydan başlayaraq ABŞ, Britaniya, Fransa və Avropa İttifaqının səfirliklərinə ayaq döyürdülər. Nəticədə, AXCP-"Milli Şura" yetkililəri və müsavatçılar on minlərlə dollar maddi dəstəklər qarşılığında təlimatlarını alıb işə girişdilər. Axı sonda hesabat verməlidirlər. Gələcəkdə də (əgər gələcəyə salamat çıxarlarsa...) qərbli ağalarından növbəti sifarişlərini almaqdan ötrü və s.
"Hayl Hitler!" və "Da zdrastvuet proletariy!"
Yeri gəlmişkən, istədikləri vaxt buqələmunsayağı rəng, tövr, davranış dəyişən bu adamların, xüsusilə, Ə.Kərimli ilə A.Hacılının keçirdikləri siyasi şouları daha bir məqamı ilə nəzərə çarpdı. Daha dəqiq desək, AXCP sədri Ə.Kərimli neofaşizmliyi, A.Hacılı isə neobolşevizmliyi ilə. Hətta bunu onların öz tərəfdarlarını salamlamaları ilə bağlı yayılmış fotolarından da görmək olar. Məsələn, Ə.Kərimli Adolf Hitlerin verdiyi faşist salamı ilə, A.Hacılı isə Vladimir Leninin bolşevik salamı ilə diqqət cəlb etdi. Sanki Ə.Kərimli "Hayl Hitler!", A.Hacılı isə "Da zdrastvuet proletariy!" bağıraraq, özlərini sübuta yetirməyə cəhd göstəriblər.Bunlardan zatən, başqa nə isə gözləməyə də dəyməzdi. Çünki onlar hər zaman kimlərsə bənzəməyə çalışıblar. Fəqət, belə bir məsəl də var ki, bənzəməyə çalışdıqları adamların ayaqqabılarını geyinsələr də, onlar kimi yeriyə bilməzlər. İndi Hitlerin bir yandan, Leninin də o biri yandan gorları çatlayar yəqin ki...
Rövşən NURƏDDİNOĞLU