PDF Oxu

Müxalifət

  • 6 757

Radikal müxalifətin mitinq yarışı...

image

Yaxud xarici ölkələrin səfirliklərinin "qrantları" Müsavatla AXCP-ni qarşı-qarşıya qoyur

Məlum olduğu kimi, sentyabrın 11-də "Milli Şura" adlı dərnək məlum xarici ölkələrin səfirliklərindəki bazarlamalardan sonra mitinq şousu düzənlədi və açıq-aydın mesaj verdi ki, bu şounu Qərbdəki anti-azərbaycançı qüvvələrin maliyyə dəstəyilə təşkil edib. Əlbəttə ki, mitinq şousunun fiaskosundan geniş danışmağa da ehtiyac yoxdur. Çünki bu şou ilə "Milli Şura"nın həm açıq şəkildə sosial dəstəkdən məhrum olduğu üzə çıxdı, həm də şablonluq məsələnin mahiyyətini açıq ortaya qoydu. Eyni zamanda, mitinqdən əvvəl 10-20 min iştirakçı toplayacaqları barədə gözləntilərinə nail olmayan "Milli Şura" və AXCP sədri Əli Kərimli Müsavata qarşı düşmən mövqeyini bir daha göstərdi. Lakin burada digər diqqətçəkən başqa məqamlar da vardır.

Belə ki, keçirilmiş mitinqə qatılmaq istəyən Müsavat partiyası "Milli Şura"ya müraciət etsə də, əli boşda qalmışdı. Çünki Əli Kərimli mitinq üçün ayrılan pulları A.Hacılı-İ.Qəmbər cütlüyü ilə bölüşmək istəmədi. Bundan başqa, mitinqdən əvvəl "Milli Şura"nın "təşəbbüsünə" qoşulmaq istəsə də, Ə.Kərimli tərəfindən rədd cavabı alan Müsavatın məqsədi 18 sentyabra təyin etdikləri şoularına tərəfdar toplamaq idi. Lakin "Milli Şura"nın mitinqinə qoşulmaqla qarşı tərəfdən öz aksiyasına dəstək göstəriləcəyinə ümid edən müsavatçılara qapının arxa tərəfi göstərildi.

O da bəllidir ki, mitinqdən əvvəl ölkəmizdə fəaliyyət göstərən, Azərbaycanda siyasi sabitliyin pozulması üçün qrantlar ayıran ABŞ, Fransa və Böyük Britaniya səfirliklərində olaraq təlimatlar alan Ə.Kərimli diplomatik korpuslardan qopartdığı 100 min dolların cəmi 20 minini mitinq şousuna xərcləyib. Elə mitinqə qatılmaq üçün ayrı-ayrı şəxslərə 10-20 manat təklif edilməsi, şouya bu qiymətə "tərəfdar" qatması bunun sübutu idi. Mitinqdə iştirak edənlər də təsdiqləyirdilər ki, onlara meydanda durmaq üçün saatına 10 manat veriblər.

Göründüyü kimi, Ə.Kərimli C.Həsənlini ofsaytda saxlayaraq, ayrılan bütün pulları şəxsən mənimsəyib. Buna dözüm nümayiş etdirə bilməyən Müsavat da sentyabrın 18-də mitinq keçirmək üçün BŞİH-ə müraciət edərək razılıq alıb. Amma bu dəfə də Ə.Kərimli cəld tərpənərək, sentyabrın 17-də mitinq təyin edib və beləliklə də, Müsavatı kölgədə qoymaq üçün növbəti gedişini edib.

Bu mənada, A.Hacılının komandasının fikrinə görə, Ə.Kərimli tələm-tələsik yeni mitinq təyin etməklə, əslində, Müsavatı siyasi arenadan uzaqlaşdırmaq və bununla da simasında "alternativsiz müxalifət lideri" obrazı formalaşdırmaq istəyir. Müsavat sədrinin müavini Yadigar Sadıqovun fikrincə, Ə.Kərimlinin bu addımı "yeganə müxalifət bizik, Müsavat satqındır" fikrini formalaşdırmaq kimi xəyanətkar niyyətindən qaynaqlanır. Radikal dindarların bir qismi də Ə.Kərimlinin onların adından qərar qəbul edib, Müsavatı sıxışdırmaq cəhdlərini pisləyib.

Yaranan vəziyyətə münasibət bildirən düşərgə mənsubları AXCP-nin məlum qərarını pisləyərək, özündən müştəbehliyi müxalifət daxilində önə keçmək istəyinin ifadəsi hesab edirlər. Onların fikrincə, AXCP kimi Müsavatın da mitinq keçirməkdə məqsədi düşərgədə birincilik şansına sahib çıxmaqdır.

Göründüyü kimi, radikal müxalifətin nümayəndələri xarici ölkələrin səfirliklərinin ayırdığı maliyyə vəsaitinə sahib çıxmaq üçün mitinq keçirmək yarışına girişiblər. Onları, əslində, düşündürən siyasi-iqtisadi problemlər deyil, məhz şəxsi maraqlarıdır.

"Səs" Analitik Qrupu

Digər xəbərlər