Yaxud AXCP-nin marioneti olan "Milli Şura" niyə mitinqdən imtina etdi?
Bəlli olduğu kimi, AXCP-nin egidası altında fəaliyyət göstərən "Milli Şura" bir müddət əvvəl daha bir mitinq keçirəcəyini bəyan etsə də, sonradan bu fikrindən imtina etdi. Özü də Müsavat partiyasının da həmin fikir əsnasında birgə mitinq keçirmək təklifinin ardınca. Hər iki siyasi təşkilatın aralarında dərin uçurumun olmasına rəğmən, "Məhsul" stadionunda keçirilmiş mitinqlərdə Müsavat partiyası üzvləri "Milli Şura"nın mitinqinə qatılmışdılar. Görünür, bu, A.Hacılının Ə.Kərimliyə tərəf atdığı növbəti yaxınlaşma fəndi idi və məlum səbəblərə görə, bu, onda alınmadı. AXCP və Müsavat arasındakı münasibətlərin düzəlməsi isə qeyri-mümkündür. Hətta Ə.Kərimli A.Hacılıya qarşı addım atsaydı belə, müsavatçıların əksəriyyəti bu addımı dəstəkləməyəcəkdilər. Ona görə də, indi, yəni mitinq qərarından imtina edildikdən sonra hər iki partiyanın arasında sosial şəbəkədə müharibəyə başlanılıb.
Hazırda ikitərəfli zərbədən ayıla bilmirlər
İndi isə qayıdaq AXCP-nin və onun marioneti olan "Milli Şura"nın mitinqdən imtina etməsi məsələsinin digər tərəfinə. Çünki "Milli Şura"nın planlaşdırdığı növbəti mitinqdən imtina etməsi, bütövlükdə, bu quruma dəstək verənlər üçün də gözlənilməz olub. Daha dəqiq desək, "Milli Şura"da təmsil olunanlar və onun təəssübkeşləri, o cümlədən, qurumda dominantlıq təşkil edən AXCP üzvləri mitinqdən imtina qərarına sərt etiraz edirlər, hətta Ə.Kərimlini qorxaqlıqda belə ittiham etməkdən çəkinmirlər. Halbuki bir müddət öncə, "facebook"da "Milli Şura" təmsilçiləri adından Bakı Şəhər İcra Hakimiyyətinə növbəti mitinqə yer ayrılması ilə bağlı rəsmi müraciətin mətni yayılmışdı. Qurum rəhbərliyi isə vəziyyətin onların xeyrinə olmadığını gördükdən sonra yalan uyduraraq tərəfdarlarına deyiblər ki, guya bu məktub hər ehtimala qarşı göndərilib və onların mitinq keçirmək qərarını yalnız özləri elan edə bilər (?-R.R.). Sual yaranır, məktuba cavab gəlməmiş mitinqdən imtina etməyin özü hansı anlamı daşıyır? Bəlkə mitinqə icazə veriləcəkdi, bəs onda necə olacaqdı? Bu faktorun özü tərəfdarlarla "siçan-pişik" oyununa çevrilmirmi? Göründüyü kimi, Ə.Kərimli və C.Həsənli cütlüyü ciddi qorxu içindədir və hazırda ikitərəfli zərbədən ayıla bilmir. Birinci zərbə mitinqlərin uğursuz nəticələnməsi, ikinci zərbə isə mövcud vəziyyətləridir.
Xədicə İsmayıl: "Niyə..?"
Bu arada "Milli Şura"nın qatı tərəfdarlarından olan X.İsmayıl da Ə.Kərimlini ittiham edib. Belə ki, o, "facebook"da mitinq təşkilatçılarına "Niyə" sualını ünvanlayıb. O cümlədən, dəqiq ünvanlara adları ilə müraciət etsə belə, yenə də cavab ala bilməyib. Hətta C.Həsənli də X.İsmayıldan yaxa qurtarmaq üçün başını götürüb haradasa gizlənib.
Nəticədə sosial şəbəkə istifadəçiləri X.İsmayıla məsləhət görüblər ki, bu sualı Ə.Kərimliyə versin. SİTAT: "Onu Ə.Kərimlidən soruşsun, bir zəhmət". Çünki faktiki "Milli Şura"da təmsilçiliyin böyük qismi cəbhəçilərə aiddir. Sədr C. Həsənlidən daha çox Ə.Kərimli bu qurumda ağalıq edir".
Necə deyərlər, milçək itdən əl çəksə də, it milçəkdən əl çəkmədiyi kimi, X.İsmayıl da C.Həsənli-Ə.Kərimli cütlüyündən əl çəkməyərək, suallarını yağdırır: "BŞİH-ə imtina məktubu göndərilməyibsə, "Milli Şura" qərarına yenidən baxsın deyirəm. Siz nə deyirsiz?" Lakin Ə.Kərimli və tərəfdarları bu çağırışa, ümumiyyətlə, susqun davranıblar. Beləliklə, sualları və çağırışları cavabsız qalan X.İsmayılın səbr kasası dolub və o, "Milli Şura"nı mitinqlə bağlı oyun oynamaqda suçlayıb: "Bilmirəm, məni daha çox dilxor edən nədir? Burdakı müxalifətin mitinqlə bağlı oyunu, yoxsa xaricdə oturub "niyə mitinq eləmirsiz" deyənlər. Barı onlar sussunlar".
Əli Kərimli əsas günahkarı tapdı - Arif Hacılı!
Hətta sabiq səfir, xəyanətkar Arif Məmmədov da X.İsmayıla "ürək-dirək" verərək, Ə.Kərimlinin mitinqdən imtina qərarının taktika ola biləcəyinə işarə etsə də, bu qənaət onu sakitləşdirməyib və bunun xüsusi taktika (???-R.R.) olmadığını dilə gətirib. Amma bu da heç nəyə təsir etməyib və sən demə, taktika olmasına olub, amma Müsavata qarşı! Nəticədə, Ə.Kərimli susqunluğu ortaya ataraq, öz uğursuzluqlarını da Müsavat başqanı A.Hacılının belinə yükləyərək, onu ittiham edib: "Bir başqasından xahiş etməmişik ki, bizim əvəzimizdən 24 sentyabra mitinq elanı versin. Bir müddət öncə, sentyabrın 11-i və 17-də mitinq keçirməklə bağlı "Milli Şura" təmsilçiləri Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndərib. "Milli Şura" rəhbərliyindən kimlərsə xalqı 24 sentyabrda mitinqə çağırıbmı? Xeyr, olmayıb belə bir şey".
Ancaq Ə.Kərimli burada da yalan danışıb və hətta bəzi cəbhəçilər Kərimlinin tribunada mitinq zamanı kənara çəkilərək Gültəkin Hacıbəyli və Eldəniz Quliyevlə növbəti mitinqin keçirilməsi barədə ayaqüstü məsləhətləşmələr də aparıb. Bu isə aşkarlanaraq, mitinq iştirakçılarına bəlli olub. İndi isə düşdüyü vəziyyətdən çıxmaq üçün, qorxudan yalan danışan Ə.Kərilmi ciddi sarsıntı keçirir. C.Həsənli isə haradasa onun quyruğu qismində sağa-sola bulanır...
Rövşən RƏSULOV