AXCP və Müsavata qarşı yeni müxalifət birliyi yaranır
Referendumdan sonra müxalifət düşərgəsində gedən proseslərdə yeni acınacaqlı vəziyyət yaranıb. Belə ki, Azərbaycan Demokrat Partiyası ilə "Vətəndaş və İnkişaf Partiyası" arasında görüş keçirilib və təşkilat sədrləri Sərdar Cəlaloğlu ilə Əli Əliyevlə razılaşma əldə ediblər. Qəzetimizə daxil olan məlumata görə, razılaşma ilə bağlı ADP sədri S.Cəlaloğlu deyib ki, referendumdan sonra müxalifət düşərgəsində də yeni situasiya yaradılmalıdır. Onun fikrincə, müxalifətdə yeni situasiya yaradılmırsa, köhnə situasiya vəziyyətə adekvat ola bilməz.
ADP və "VİP" kimi partiyalar düşərgədəki köhnəlik, mənəm-mənəmlik, iddia və ambisiya amillərini rədd edirlər
Göründüyü kimi, ADP sədri "yeni" və "köhnə" situasiyalar barədə fikrini bildirərkən, burada demək istəyib ki, müxalifətin yenilənməsinə və ənənəvi, uzun illərdir ki, eyni sözləri təkrarlayan, ictimai rəydə rəğbət qazanmayan, elektorat qıtılığı yaşayan müxalifətin siyasi arenadan getməsinə zərurət yaranıb. Köhnə situasiya üzrə hərəkət edən isə, məhz AXCP və Müsavat partiyalarıdır. Bu baxımdan, fərqli siyasi orientasiyalarına rəğmən, eləcə də müxalifət cinahında təmsil olunmaqla zaman-zaman hakimiyyətlə dialoqa da getməyə hazır olduqlarını gizlətməyən ADP və "VİP" kimi partiyalar düşərgədəiki köhnəlik, mənəm-mənəmlik, iddia və ambisiya amillərini rədd edirlər. S.Cəlaloğlu bu müstəvidə Ə.Əliyevlə fikirlərinin uzlaşdığını bildirib: "Biz razılaşmışıq ki, uzunmüddətli əməkdaşlıq yaradaq. Hər iki partiyanın müvafiq orqanları bu məsələləri müzakirə edəcək. Beləcə əməkdaşlıq formatı yaranacaq. Arzu edən digər siyasi partiyalar bu uzunmüddətli əməkdaşlıq formatına qoşula biləcək".
Sərdar Cəlaloğlu: "Gəldiyimiz qənaət budur ki, Müsavat və AXCP indiki mərhələdə hər hansı bir birlik modelinə hazır deyil və ya bu barədə düşünmür"
ADP sədri müxalifət düşərgəsinin, xüsusilə, AXCP və Müsavatın əldə olan real imkanlarından düzgün istifadə etməməsinə eyham vurub və qeyd edib ki, əslində, müxalifət düşərgəsində yeni inteqrasiya və münasib əməkdaşlıq formatı üçün geniş imkanlar var: "...ADP ilə "VİP" arasında olan əməkdaşlıq təcrübəsi göstərir ki, burada ciddi problem olmamalıdır. Lakin bu açıq format olmalıdır və arzu edənlər bu prosesdə iştirak edə bilməlidir. Açığı, biz kənardan Müsavat və AXCP-nin verdiyi bəyanatları, liderlərin hərəkətlərini, davranışlarını, mitinq təcrübələrini təhlil edirik. Gəldiyimiz qənaət budur ki, Müsavat və AXCP indiki mərhələdə hər hansı bir birlik modelinə hazır deyil və ya bu barədə düşünmür".
"İdeyamızı zorla onlara diktə edə bilmərik"
Cəlaloğlu yeni müttəfiqi Ə.Əliyevin də adından danışaraq deyib ki, əslində, onlar AXCP və Müsavat da daxil olmaqla, düşərgədəki bütün siyasi təşkilatlarla bir araya gəlmək arzusundadırlar, lakin hesab edir ki, adıçəkilən hər iki siyasi partiyaya etibar etmək də olmur. Daha dəqiq desək, həm AXCP, həm də Müsavat yalnız təklikdə fəaliyyət göstərməyə üstünlük verirlər. Bu isə müxalifətin birliyinə zərbə vurur: "Biz istərdik ki, AXCP və Müsavat da bu formatda iştirak etsin. Yox, əgər onlar bu haqda düşünmürlərsə, hesab edirlərsə ki, təkbaşına fəaliyyət aparmaq daha münasibdir, bu zaman biz ideyamızı zorla onlara diktə edə bilmərik".
Beləliklə, partiya sədri dolayısı ilə ənənəvi düşərgə partiyalarını demokratik prosesləri dəstəklədiklərini deyil, əksinə, buna qarşı çıxdıqlarını deyib. Nəticədə, hesab etmək olar ki, ADP "VİP"-lə anlaşmaqla, reallıqda AXCP və Müsavata qarşı yeni müxalifət birliyi yaradırlar. Bu birlik yarandığı zaman ənənəvi düşərgəyə hansı təsirləri edəcəyini isə zaman göstərəcək.
Rövşən NURƏDDİNOĞLU