SİYASİ ARAŞDIRMA
Gülənçi şəbəkəsi Əli Kərimliylə iş birliyini qurduğu növbəti planı vasitəsilə davam etdirir
Sirr deyil ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Ə.Kərimlinin hazırda ABŞ-da yaşayan "Gülən camaatı"nın lideri, "FETÖ" terror təşkilatının bu ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhddə bulunan rəhbəri F.Gülənlə bu və ya digər şəkildə bağları, əlaqələri var. Bu əlqələri kifayət qədər sübuta yetirən faktlar barədə isə Azərbaycan mediasında, eləcə də "Səs" qəzetində kifayət qədər yazılar və məqalələr yer alıb. Eyni zamanda, qardaş ölkədə baş verən məlum hadisələrdən sonra Ə.Kərimlinin oğlu Türkel Kərimlinin ABŞ-a səfər etməsi, həmin dönəmdə "Gülən camaatı"na məxsus TV-lərin bağlanması olayları da sübuta yetirdi ki, AXCP sədrinin "FETÖ" lideri ilə sıx əlaqələri mövcuddur. Çünki bağlanan televiziyalarda ("Barış" TV, "Can Ərzincan" TV), nəşrləri dayandırılan qəzet və dərgilərdə ("Kurultay" və s.) Azərbaycan iqtidarına qarşı xüsusi proqramlar, yazılar dərc olunurdu ki, onların hər biri, bilavasitə Ə.Kərimlinin nəzarətində olan "Azalıq" qəzetində, o cümlədən, Kərimliyə məxsus sosial şəbəkə səhifələrində də işıq üzü görürdü. Ortada olan və sübuta yetirilən faktlardan biri də F.Gülən şəbəkəsinin Azərbaycana "xeyriyyəçilik" adı altında sızmasına birbaşa 1992-1993-cü illərdə hakimiyyətdə olmuş AXC siyasilərinin şərait yaratmaları olub. Bu barədə əldə edilən faktlar link və s. sübutlarla ölkə ictmaiyyətinin diqqətinə çatdırılıb. Xüsusilə, Azərbaycanın Qərb bölgələrindən başlayan bu səfərlərin hər birində "Gülən şəbəkəsi"nin adamları cəbhəçilər tərəfindən alqışlarla, gül-çiçəklə qarşılanıb. Bütün bunların isə videogörüntüləri mövcuddur.
1990-cı illərin qışında gülənçiləri Gəncə şəhərində AXC-nin şəhər rəhbərliyi qarşılayaraq, onları bir neçə gün qonaq da saxlayıb, sonra isə üzü Bakıya yola salıb
Belə olan bir vəziyyətdə Ə.Kərimlinin yenidən ortaya çıxaraq, "gühansız keçi" rolunu oynamağa çalışması isə onun barəsində olan digər araşdırmalar aparılmasını zəruri edir. Məsələ ondadır ki, bu günlərdə qardaş Türkiyədə "Gülən camaatı"na işləməsi şübhə doğurmayan bir jurnalistin - İlhami Yangının "Cemaat'in ilk darbesi" adlı kitabını yazmasıdır. Hadisələri doğru şəkildə qiymətləndirməyi bacarmayan və qeyri-peşəkar, o cümlədən, heç bir siyasi məntiq daşımayan bu kitabda iddia olunur ki, guya F.Gülən AXC-Müsavat iqtidarını "devirib" və bunun nəticəsində hazırkı hakimiyyət iqtidara gəlib (???!!!-R.N.). Əslində, şər-böhtan yığnağı hesab edilən bu dırnaqrarası kitabcıqda irəli sürülən iddiaların yalan olması məlumdur. Çünki bir daha təkrarlamağa ehtiyac yaranır ki, "Gülən camaatı"nın Azərbaycana ayaq açmasında əsas təşəbbüskar, dəstəkləyici qismində AXC hakimiyyəti, bu hakimiyyətin dövlət katibi olmuş Ə.Kərimli çıxış edib. Hətta 90-cı illərin qışında gülənçiləri Gəncə şəhərində AXC-nin şəhər rəhbərliyi qarşılayaraq, onları bir neçə gün qonaq da saxlayıb, sonra isə Bakıya yola salıb. Bu barədə isə bir neçə sübutedici video-linklər xalqın diqqətinə çatdırılmışdı və lazım gələrsə, bir daha bunu təkrarlamaq olar.
Kitabın müəllifi gizli şəkildə "FETÖ" üzvü olaraq qalmaqdadır
Belə olan təqdirdə, adıçəkilən kitab barədə Ə.Kərimliyə məxsus media qurumunda məlumatların verilməsi, kitabın reklam olunması isə növbəti dəfə AXCP sədrinin "FETÖ" ilə bağlılığını isbatlamış olur. Söz yox ki, Kərimli burada bəzi sirləri gizlədib ki, biz həmin sirləri ictimai rəyin diqqətinə çatdırmaq istərdik.
Məsələn, kitabın müəllifi, jurnalist İlhami Yangın iyul hadisələrinin ardınca, istintaqa cəlb olunan onlarla türkiyəli jurnalsitlərdən biridir. Məlumatımıza görə, o, uzun müddət Gülənə yaxın media qurumlarında şəbəkə üzvü kimi çalışıb. Lakin sonradan günahını boynuna alıb, səhv etdiyini etiraf edib, aldandığını bildirib və onun barəsində istintaq işi dayandırılıb. Buna baxmayaraq, həmin adam qəlbən "FETÖ" tərəfdarı kimi qalmaqda davam edir və yuxarıda adı qeyd edilən - "Gülən şəbəkəsi"ni "pisləyən" kitab da ictimai rəyi çaşdırmağa görə çap edilib. Çünki "FETÖ" lideri, terrorçu F.Gülən Azərbaycanda ona və onun şəbəkəsinə qarşı olan nifrətli münasibəti yaxşı bilir. Bu səbəbdən də, o, şəbəkəsinin gizli üzvü İ.Yangına qısa müddətdə Azərbaycan dövlətinə və hakimiyyətinə qarşı kitab yazmağı tapşırıb.
İkibaşlı oyunun nəticəsi dərhal Ə.Kərimlinin nəzarətində olan media qurumunda müşahidə olunub
Beləliklə, kitab yazılıb və guya "FETÖ" təşkilatına qarşı ittiham, nifrin, etiraz püskürən həmin kitabda dolayı yollarla AXC "günahsız" elan edilib. Təbii ki, ikibaşlı oyunun nəticəsi dərhal Ə.Kərimlinin nəzarətində olan media qurumunda müşahidə olunub. Qısası, belə məntiqi hasilata gəlmək mümkündür ki, hazırda F.Gülənlə gizli iş birliyində olan Ə.Kərimli öz lideri tərəfindən gizli bir jestlə mükafatlandırılıb. Guya onun şəbəkəsinin Azərbaycana gəlməsində AXC-nin rolu olmayıb. Plana əsasən də, məhz bu amil nəzərdə tutulub. Bu baxımdan, indi Ə.Kərimliyə məxsus qəzetdə sözügedən kitab barədə yazı dərc olunub. Ancaq göründüyü kimi, Ə.Kərimlinin F.Gülənlə hazırladığı bu planı da çox qısa zamanda ifşa edilib və bu ifşa həm də onun Gülənçi şəbəkəyə bağlılığı iddialarını daha da netləşdirib və dəqiqləşdirib.
Yəqin ki, bundan sonrasını müvafiq hüquq-mühafizə orqanları araşdırmalıdır. Çünki bu, baş verməsə, Ə.Kərimlinin bu dövlətə və xalqa vurduğu zərərlərin, etdiyi xəyanətlərin, alçaqlıq və rəzalətlərin sayı daha da arta bilər!
Araşdırmanı davam etdirəcəyik.
Rövşən NURƏDDİNOĞLU