PDF Oxu

Müxalifət

  • 2 304

ADP-"VİP" razılaşması digər müxalifət partiyalarını narahat etdi

image

Siyasi partiyaların əməkdaşlıq mərkəzi çaşqın durumda

Sərdar Cəlaloğlunun sədri olduğu Azərbaycan Demokrart Partiyası ilə "Vətəndaş və İnkişaf Partiyası"nın sədri Əli Əliyevin bir araya gələrək, müxalifətdə yeni birlik ideyası ilə çıxış etmələrinin ardınca, bu məsələ ətrafında bəzi söz-söhbətlər də yaranmağa başlayıb. Bütün bunlara qədər ADP sədri dolayısı ilə bildirmişdi ki, "VİP"-lə əməkdaşlığın əsas məqsədi ənənəvi düşərgədə özlərini "ana müxalifət" kimi təqdim edən Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat partiyasını siyasi arenadan çıxdaş etməkdir. Uzun illərdir ki, hər iki müxalifət partiyası düşərgədaxili ziddiyyətləri və ambisiyaları baxımından, digər müxalifətçi siyasi təşkilatların fəaliyyətlərinə ciddi fəsadlar törədiblər. Əlbəttə ki, ADP və "VİP"-in müxalifətdə yeniləşmək, sivil, dialoq mühiti çərçivəsində fəaliyyət göstərmək istiqamətində atdıqları addımları pis tərəfə yozula bilməz və bu, heç də demokratik prinsipləri pozmur, əksinə, inkişaf etdirir.

Məşvərət Məclisindən qısqanc münasibət

ADP ilə "VİP"-in bir araya gəlməsində digər müxalifət partiyaları narahat olmağa başlayıblar. Daha dəqiq desək, "VİP"-in də təmsil olunduğu "Azadlıq" siyasi partiyaların əməkdaşlıq mərkəzi (Məşvərət Məclisi) bu anlaşmaya müsbət yanaşmadığını sərgiləyib. Məsələn, adıçəkilən mərkəzdə təmsil olunan "Azadlıq" partiyasının sədri Əhməd Oruc əvvəlcə deyib ki, onların "VİP" və ADP-nin yeni əməkdaşlıq formatı yaratması haqda anlaşmasından məlumatları yoxdur. Belə ki, "VİP" sədri Ə.Əliyev bu haqda əməkdaşlıq mərkəzinə məlumat verməyib. Ancaq Ə.Oruc deyib ki, əgər VİP ADP ilə birgə birlik yaradırsa, bu, onların öz işidir.

Göründüyü kimi, "Azadlıq" partiyasının sədri eyham vurub ki, "VİP" sədri ADP ilə əməkdaşlıq qurması barədə onlara məlumat verməliydi, ancaq bunu etməyib və hörmətsizlik göstərib. Burada isə daha bir maraqlı məqam var...

"Azadlıq" siyasi partiyaların əməkdaşıq mərkəzi: "Probleminə görə gedir"

Xatırlatmaq yerinə düşərdi ki, ADP də bir ara Məşvərət Məclisində təmsil olunurdu, ancaq qısa müddətdən sonra bu qurumun perspektivsizliyi görərək, oradan çıxıb. Ona görə də Məşvərək Məclisindən çıxmış bir partiyanın onlardan daha bir partiyanı qoparıb yeni müxalifət birliyi qurması qarşı tərəfdə narahatedici məqama səbəb olub. Əbəs yerə deyil ki, Ə.Oruc ADP-"VİP" uzunmüddətli əməkdaşlıq formatı ilə bağlı qısqanc dolu açıqlaması ilə yadda qalıb. Partiya sədri mətbuata sözügedən məsələ ilə bağlı bildirib ki, əgər kimsə gedirsə, bu, o deməkdir ki, nəsə probleminə görə gedir: "Ən etibarlı partiya "Azadlıq", KXCP və "BAP"-dır. Bunlar milli-mənəvi dəyərlərə sadiq qüvvələrdir".

Beləliklə, Ə.Oruc Ə.Əliyevi həm də etibarsızlıqda, xəyanətdə də suçlamış olub. Bu isə yaxın gələcəkdə yaradılacaq yeni müxalifət birliyinin digər müxalifət birliyi ilə normal münasibətdə olmayacağını proqnozlaşdıran bir məsələdir. Əgər nəzərə alsaq ki, ortada olan əsas məqsədlərdən biri də AXCP və Müsavatı siyasi arenadan çıxdaş etməkdir, onda düşərgə daxilində yenidən aranın qızışacağını bəri başdan ehtimal etmək olar.

Rövşən RƏSULOV

Digər xəbərlər