PDF Oxu

Müxalifət

  • 2 053

"Ümid"-Müsavat qarşıdurmasına start verildi

image

İqbal Ağazadə İsa Qəmbəri qorxaqlıqda ittiham etdi

2003-cü ilin prezident seçkilərinin ardınca, uğursuzluqları ilə barışmayan dağıdıcı müxalifət təmsilçilərinin 15-16 oktyabr iğtişaşlarını törətmələri və bu hadisələr fonunda, demək olar ki, hər il qarşılıqlı ittihamlarla çıxış etmələri yeni-yeni faktları ortaya çıxarır. AXCP, Müsavat, ADP, "Ümid", AXP və s. dağıdıcı müxalifət meyilli siyasi partiyaların həmin vaxtlarda da Qərbin müxtəlif maliyyə-donor fondlarından, Azərbaycanda fəaliyyət göstərən bəzi səfirlik dipkorpuslarından təlimatlar, safarişlər alaraq hərəkətə keçmişdilər. Ancaq onların xəyanətkar siyasi maraqları təmin olunmadı və sonrakı proseslərdə bu faktor özünü daha bir neçə dəfə sübuta yetirdi.

Lakin sözügedən məsələnin daha maraqlı tərəfi yuxarıda da qeyd edildiyi kimi, qarşılıqlı ittihamlardır. Çünki bəlli olduğu kimi, 16 il öncə baş verən hadisələrin ardınca, bir sıra müxalifətçi partiya liderləri həbs olundular. Ancaq Müsavat başqanı İsa Qəmbərin anidən yoxa çıxması, düşərgədaşlarını dar ayaqda qoyub-qaçması onu hazırkı məqamda lap pis vəziyyətdə qoyub. Hətta iş o yerə çatıb ki, İ.Qəmbər ona qarşı yönəlmiş ittihamlara özü belə cavab vermir.

"Ümid" sədri: "Müsavat başqanına meydana gəlmək üçün yolda olduğu haqda sual edəndə isə, deyib ki, yox, evə gedirəm"

Beləliklə, bu günlərdə 15-16 oktyabr iğtişaşları ilə bağlı Müsavatın sabiq başqanı "Ümid" partiyasının sədri İqbal Ağazadə tərəfindən açıq şəkildə qorxaqlıda suçlanıb. İ.Ağazadə son müsahibəsində 2003-cü ilin oktyabr hadisələrindən danışarkən, deyib ki, dörd dəfə İ.Qəmbərə zəng edərək, onu meydana dəvət edib ki, insanları sakitləşdirsin. Lakin İ.Qəmbər meydana gəlməyib. Hətta "Ümid" sədri vurğulayıb ki, dördüncü dəfə zəng edəndə, İ.Qəmbər deyib ki, yoldadır. Ona meydana gəlmək üçün yolda olduğu haqda, sual edəndə isə, deyib ki, yox, evə gedirəm (?!-R.R.).

Müsavatçı funksioner: "İqbal Ağazadə yalan və əsassız danışır"

O da sirr deyil ki, İ.Qəmbər bu hadisələrdən sonra uzun müddət üzə çıxmadı, evinə qapanaraq, kəskin psixiki sarsıntılar keçirdi. Bir çoxları isə başda İ.Ağazadə olmaqla, onu qorxaqlıqda ittiham etməkdə, bu gün də davam edirlər.

Maraqlı məqamlardan biri də eks-başqanın bu ittihamlara susqun münasibət bildirməsidir. Çünki onun yerinə "Ümid" sədrinə Müsavat partiyasının başqan müavini Yadigar Sadıqov cavab verib. O, İ.Ağazadənin dediklərini yalan və əsassız adlandırıb, bu kimi fikirlərin onsuz da dağılma prosesi yaşayan ənənəvi düşərgəyə mənfi təsir etdiyini deyib: "İddia edilir ki, İ.Qəmbər meydana gəlməyib. Əslində, İ.Qəmbərin meydana gəlməməsi zaman məsələsi olub. İ.Qəmbər həmin zaman təşkilatlarla əlaqə saxlayırmış, daxil olan informasiyaları qəbul edirmiş, ümumi rəhbərliyi həyata keçirirmiş. Həmin vaxt İ.Qəmbər qərargahdakı otağında olub. Bu da normal vəziyyətdir. Meydana gəlmək isə zaman məsələsi olub. İ.Qəmbər həmin vaxt ölkədən qaçmayıb, hardasa qeyri-məlum yerdə gizlənməyib. Yəni burada gizlənməkdən və ya qaçmaqdan söhbət gedə bilməz".

Lakin İ.Ağazadə də, öz növbəsində, bu kimi cavabları çox eşitdiyini deyib və belə cavabları fikir yayındırma kimi qiymətləndirib. "Ümid" sədri, həmçinin, bu gün müxalifətdə olan "liderlərin" reallığı qəbul etmədiklərini, yalnız özlərinə sərf edən məsələlərin qabardılmasına çalışdıqlarını deyib.

Müsavatçılar "Ümid"lə birgə heç bir perspektivin olmadığı qənaətindədirlər

İ.Qəmbərin müdafiəçisi rolunu üzərinə götürmüş müsavatçı funksioner Y.Sadıqov yenə də Ağazadənin ittihamları ilə razılaşmadığını dilə gətirib. Məsələn, o, qeyd edir ki, bəzi partiyaların və onların rəhbərlərinin, mütəmadi olaraq, Müsavatı "qamçılaması" normaldır: "Əvvəla, "Ümid" partiyası Müsavatla rəqabət aparan təşkilat deyil. Ümumiyyətlə, müxalifət düşərgəsində bəzən qınaqlar səslənir. Bu da, təbiidir. Uman yerdən küsərlər. Hazırda özü olub, fəaliyyəti olmayan təşkilatları kimsə qınamır. Görünən odur ki, Müsavatdan daha çox gözləntilər var".

Bütün bunlar isə bir faktı yetərincə sübuta yetirir. Yeni proseslərə baş qoşmağı bacarmayan xəyanətkar müxalifət "liderləri", sadəcə, gündəmdə qalmaqdan ötrü köhnə palanlarını eşələyərək, özünüifşa kampaniyasına start verirlər. Bu baxımdan, sözügedən qarşıdurmanın da ağır nəticələrə - təhqir və təhdidlərə çevriləcəyini gözləmək olar. Çünki radikal təxəyyüllülər özlərinə qarşı və dağıdıcı olurlar. Tarix dəfələrlə bu reallığı isbatlayıb.

Rövşən RƏSULOV

Digər xəbərlər