Mirzə Sakitdən isə "qiyamçı səfir"ə "zır dəli" ayaması
Müxalifət mətbuatında "qiyamçı səfir" kimi tanınan və hazırda Avropada mühacirətdə yaşayan Arif Məmmədovun "Milli Şura" və AXCP-nin planına əsasən, "AND" - "Azərbaycan Naminə Demokratiya" təşkilatı yaratmaq istəyi, məhz düşərəgə təmsilçiləri tərəfindən kəskin etirazlarla qarşılanıb. Daxil olan məlumata görə, etiraz edən tərəflər, əsasən, Əli Kərimli-Cəmil Həsənli cütlüyünü bu məsələdə təşəbbüskar kimi çıxış etməsini öyrəndikdən sonra buna qarşı çıxıblar. Belə ki, A.Məmmədovun "Milli Şura"nın maraqlarından çıxış etməsi və hərəkat təsis edilərkən "Milli Şura" rəhbəri C.Həsənlinin orada iştirak etməsidir. Məlumat sırasında bəlli olub ki, "AND"ın təsis tədbirindən çəkilən fotolarda olanların əksəriyyəti AXCP və "Milli Şura" təmsilçiləridir.
Qabil Rzayev: "5-10 nəfər saxta mühacir sənət alverçilərini müxalifət hesab etmirik"
Mühacirətdə yaşayan müxalifətyönlü təşkilar rəhbərləri bu qurumun səmərəsiz və şəxsi ambisiyalara xidmət etdyini bildiriblər. "Avropa Azərbaycanlıları Milli Birlik Şurası"nın sədri Qabil Rzayev bununla bağlı bildirib ki, onlar Avropada nə "Milli Şura"nı müxalifəti qucaqlayan təşkilat olaraq görür, nə də A.Məmmədov adlı keçmiş diplomatı müxalif şəxs olaraq tanıyırlar: "Referendumdan öncə C.Həsənli gəldi və Strasburqda özünü biabir etdi, getdi. Bir qrup Ə.Kərimçiləri başına yığdı və sonra da "AND" adlı nəsə yaratdıqlarını elan etdilər. Biz, milli demokratlar olaraq, Avropanın qaranlıq fondlarından aldıqları qrantlarla 23 ildir müxalifətçilik edən şəxslər və təşkilatlarla əməkdaşlığa isti baxmırıq. Biz nə A.Məmmədovun keçmişini tanıyırıq, nə də onun başına yığışmış 5-10 nəfər saxta mühacir sənət alverçilərini müxalifət hesab edirik".
İsveçdə yaşayan Müsavat partiyasının üzvü Kənan Hacıəkbəroğlu da hesab edib ki, adıçəkilən hərəkatın uğur qazanması qeyri-mümkündür: "...Aşağı-yuxarı hər ölkədə bir təşkilat formalaşıb. Amma bunları bir yerə toplamaq barədə düşünən şəxs yanlış fikirləşir. Sadəcə, məqsəd "mən də bir təşkilat formalaşdırım, söz sahibi olum" düşüncəsindən başqa bir şey deyil".
Müsavatçı daha bir amilə toxunaraq, deyib ki, "AND" adlı qurumda Elşad Abdullayev kimi dələduzun, insan orqanı alverçisinin adı da var: "Hərəkatda E.Abdullayev və başqa bu tipli şəxslər var. Müəyyən dərəcədə tədbirin keçirilməsi və bu kimi işlərə maliyyə yardımı olur. Bu da öz şəxsi mənafelərini güdməkdən irəli gəlir... Onlar özlərini "Milli Şura" və Ə.Kərimlinin yanında görürlərsə, şəxsi işləridir. Bu baxımdan, ola bilər ki, bu hərəkat "Milli Şura"nın monopoliyası altında olsun. Bu təşkilat da bir müddətdən sonra sıradan çıxacaq, yaxud adi bir quruma çevriləcək. Azərbaycana heç bir təsir edə bilməyəcək..."
Sabiq AXCP üzvü, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin Belçikada yaşayan qardaşı Mirzə Sakit isə bu məsələyə konkret fakir bildirərək deyib ki, A.Məmmədovun ağlı işləmir: "A.Məmmədov zır dəlidir. Ona qoşulanlar da elə o ağıldadırlar".
Rövşən NURƏDDİNOĞLU