PDF Oxu

Müxalifət

  • 2 237

AXCP-Müsavat: köhnə ədavətin yeni sifəti

image

Adil Qeybulla: "Müxalifətin keçirdiyi mitinqlər onlara nüfuz gətirmir və insanları ruhdan salır"

Müxalifət düşərgəsində günbəgün artmaqda olan ziddiyyətlər və qarşılıqlı ittihamlar səngimək bilmir. Xüsusilə də, radikalizmdən uzaq sivil siyasi təşkilatların yaranmasına mane olan AXCP və Müsavat arasında uzun illərin davam edən ədavəti bu gün bütün çılpaqlığı ilə daha gərgin formada özünü göstərir. Cəbhəçilərin müsavatçılara, eynilə də müsavatçıların cəbhəçilərə qarşı qarşılıqlı ittihamları, sosial şəbəkələrdə təxribatçı qruplar yaratması da bunun nəticəsidir. Təkcə, 2 il ərzində Müsavat və AXCP-dən bir neçə dəfə təkrar olunmaqla insanlar kütləvi şəkildə istefa veriblər. Heç şübhəsiz ki, bu istefaların da əsas səbəbkarları yarıtmaz, səriştəsiz işləri ilə partiyadaşlarını ələ salan, onların illərini girov götürən Ə.Kərimli, İ.Qəmbər və A.Hacılıdır. Müsavatdan səs-küylü şəkildə istefa verənlərdən biri də ixtisasca həkim olan A.Qeybulla idi. O, hazırda "ADR" hərəkatı adlanan qurumda təmsil olunur. Bir neçə ilə öncə Müsavatda baş alıb gedən özbaşınalıqlara, etiraz əlaməti olaraq, partiyanı tərk etmişdi.

A.Qeybulla uzun müddətdən sonra Müsavat partiyasında baş verənlərlə bağlı, eyni zamanda, müxalifət güşərgəsindəki vəziyyət haqqında mətbuata danışaraq, mühüm məqamlara toxunub. Müsavat partiyasından ayrılmasını məntiqli addım adlandıran A.Qeybulla qeyd edib ki, bu uzun müddət daxildə davam edən ziddiyyətlərin nəticəsi idi və biz zamanla bunun da şahidi olduq. O, Müsavatın 18 sentyabrda keçirdiyi mini aksiya haqqında da danışıb: "Müsavat partiyası son hadisələrdən sonra kifayət qədər bazasını itirib. Bu, mitinqlərdə görünür. Başqa sözlə, görünən dağa bələdçi lazım deyil. Mitinqlər keçirmək fundamental azadlıqlardan biridir, lakin hesab edirəm ki, bununla məsələ bitmir. Siyasi partiyanın etirazı başqa formada-bəyanatla da ifadə edilə bilər. Normalda bu da ciddi qarşılanır. Ancaq cəmiyyəti ruhdan salan aksiyalara ehtiyac yoxdur. Təcrübə göstərir ki, belə mitinqlər keçirmək müxalifətə nüfuz gətirmir. Əksinə, bu aksiyalar azalmaya doğru gedir".

A.Qeybulla AXCP-Müsavat funksionerləri arasındakı dartışmalar haqqında da öz fikirlərini ifadə edərək, bildirib ki, Müsavat partiyası "Milli Şura"nı tərk etdi və bundan sonra qarşılıqlı ittihamlar yaşandı: "İndi Müsavat AXCP ilə əməkdaşlıq etmək istəyir, AXCP isə Müsavata bu addımını xatırladır. Bu gün müxalifət daxilində inteqrasiya prosesləri xeyli zəifləyib. Bu, daha çox siyasi proseslərin tempinin azalması, perspektivsizliyin olmasından qaynaqlanır. Digər tərəfdən, Müsavat daxilində gedən proseslər bu partiyaya ciddi zərbə vurdu. Bunu biz bir müddətdən sonra dərk edəcəyik. Bu məsələdə günahkar olan şəxslər zamanla səhvlərini daha aydın görəcəklər. Müsavat heç vaxt güclü ola bilməyəcək. Elə bu, AXCP-yə də aiddir".

Samir

Digər xəbərlər