Tahir Kərimli: "Xarici qüvvələr müxalifət partiyalarını ələ almaqla öz məkrli siyasətlərini həyata keçirməyə ümid bəsləyirdilər"
Müsahibimiz Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimlidir
- Tahir bəy, ADP ilə VİP bir araya gələrək, yeni blok yaratmaq istəyindədirlər. Sizcə, Sərdar Cəlaloğlu və Əli Əliyev müxalifətin birliyinə nail ola bilərmi?
- Əgər AXCP və Müsavat partiyaları bir araya gələ bilmirlərsə və hətta bir araya gəldikdə belə, nə isə bir iş görə bilmirsə, onda ADP ilə VİP hansı gücü nümayiş etdirə biləcək ki? Hansı müxalifəti birləşdirəcək? Bu baxımdan, bu məsələyə real olmayan bir məsələ kimi baxıram. Əgər bu birlik alınsa belə, real gücə malik olmayan bir birlik olacaq.
- Necə düşünürsünüz, müxalifətin birliyinə hesablanan yeni təşəbbüslərin arxasında hansısa xarici təsirlərin olduğunu ehtimal etmək olarmı?
- Referendum vaxtı Qərbin hansı təsirləri, qüvvələri, beynəlxalq təşkilatların hansı rəhbərlərinin hansı müxalifət lideri ilə görüşü keçirildi. Əgər xaricdə olan bəzi qüvvələr referendum dövründə müxalifəti bir ayara gətirə bilmədilərsə, inanmıram ki, bundan sonra da xarici qüvvələr müxalifət düşərgəsini təmsil edən partiyaları birləşməsini istəsinlər. Demək olar ki, Azərbaycanı istəməyən xarici qüvvələrin istəyi o idi ki, müxalifət partiyalarını ələ almaqla, öz məkrli siyasətlərini həyata keçirməyə ümid bəsləyirdilər. Amma hər zaman olduğu kimi, nə xarici qüvvələrin, nə də ki, müxalifətin planları baş tutmadı.
- Müxalifətin inteqrasiyası bütün hallarda iflasa uğrayıb. Günahkarlar da bütün hallarda İ.Qəmbər, A.Hacılı və Ə. Kərimli olub. Bu baxımdan, demək olarmı ki, yeni təşəbbüslər, yeni ideyalar bu şəxslərin hesabına yenidən iflasa uğrayacaq?
- Demək olar ki, AXCP və Müsavat partiyaları ömürləri boyu "ana" müxalifət, müxalifətin "vahid lideri" müxalifətdən prezidentliyə "vahid namizəd" olacaq kimi məsələlərlə bağlı mübarizə aparıblar. Amma istəkləri baş tutmayıb. Çünki iddiaların sayı cox olduğundan və maraqlar toqquşduğundan, istəklər baş tutmayıb. Hətta referendum qabağı AXCP və Müsavat partiyalarına rəhbərlik edən şəxslər birləşib, bir yerdə mitinq keçirə bilmədilər. Səbəb də hər iki partiaya liderlərinin bir-birinə düşmən kəsilmələridir. Bu baxımdan, demək olar ki, müxalifət partiya liderləri bir-birləri ilə yarışa giriblər ki, hansı güclüdür, hansı digərini sıradan çıxara bilər. Bu da müxalifətin məhvinə və sıradan çıxmasına gətirib çıxaran başlıca amildir.
GÜLYANƏ