Tofiq Yaqublu və Arif Məmmədov "Milli Şura"nı parçalayır
Son günlər AXCP sədri Ə.Kərimlinin nəzarəti altında olan "Milli Şura"da gözlənilməz hadisələr baş verməyə başlayıb. Belə ki, bu qurumun sədri C.Həsənli Ə.Kərimli ilə müzakirələr aparmadan, onun rəyini öyrənmədən Avropada müxalifyönlü mühacirlər sayəsində "təşkilatlanma" işlərinə cəhd edib. Ona isə bu işdə "Milli Şura"da qalan yeganə müsavatçı Tofiq Yaqublu və "qiyamçı səfir" kimi tanınan Arif Məmmədov yardım göstərir. Hətta məsələ ilə bağlı C.Həsənli, T.Yaqublu və A.Məmmədov arasında razılaşdırılmış görüş də keçirilib.
Diqqətçəkici məqamlardan biri də budur ki, "Milli Şura"nın ötən ayın 11-də keçirilən mitinqində C.Həsənlinin orada olmaması bu amillə əlaqələndirilir.
Əsas ip Əli Kərimlinin əlindədir
Artıq belə də düşünmək mümkündür ki, C.Həsənli sözügedən ideyası vasitəsilə özünə xarici ölkələrdən tərəfdar toplamağı və Ə.Kərimlinin buxovundan azad olmağı planlaşdırıb. Bu missiya isə, bilavasitə "qiyamçı səfir" Məmmədova tapşırılıb. O da yaxşı bilir ki, C.Həsənli ilə Ə.Kərimli arasında son dövrlər intriqalar, toqquşmalar yaşanır və "Milli Şura"nı itirməmək üçün indidən tədbir tökməyin vaxtıdır. Çünki hazırkı məqamda C.Həsənlinin "Milli Şura"da sədr kimi yalnız adı mövcuddur. Əsas ip Kərimlinin əlindədir.
Qarşıdurmaların kökündə isə, əlbəttə ki, maliyyələşmə, xarici fondlardan və səfirliklərdən əldə edilən pullar dayanır. Daha dəqiq desək, onlara ayrılan vəsaitlər, bütövlükdə Ə.Kərimli tərəfindən mənimsənilir və adına olan hesablara yatızdırılır.
AXCP sədrinin iki seçimi var - ya Cəmil Həsənlinin ideyasına dəstək verməli, ya da ondan uzaqlaşmalı
Daha bir məqam isə, bu günə qədər C.Həsənlinin "Milli Şura"dan ayrılmağa hazırlaşması ilə bağlı yayılan informasiyalardır. Düzdür, həmin informasiyalar təsdiqini tapmasa da, bunun nə vaxtsa baş verəcəyi gözlənilir. İndi görünən isə budur ki, sözügedən məsələ reallaşmasa da, müəyyən mənada təsdiqini tapır. Artıq Ə.Kərimli iki seçim qarşısında qalıb. O ya C.Həsənlinin ideyasına dəstək verməli, ya da ondan uzaqlaşmalıdır. C.Həsənlinin isə "Milli Şura"nın sədri adından imtina etməsi inandırıcı görünmür.
"Qiyamçı səfir" Əli Kərimlinin dəvətinə nə demişdi?
Qaldı ki A.Məmmədova, onun Ə.Kərimliyə deyil, məhz C.Həsənliyə "stavka" etməsi daha bir hadisəyə söykənir. Xatırlatmaq yerinə düşərdi ki, Ə.Kərimli "qiyamçı diplomatı" istefaya getdikdən sonra AXCP-yə üzv olmağa çağırmışdı. Lakin Məmmədov daha yüksək ranqa və siyasi bilgiyə sahib olduğunu bildirərək, "Yurd" şefinin təklifinə "yox" demişdi.
Daha bir neçə detalı analiz edib, növbəti nəticəyə gəlmək olar. Bu məsələdə müsavatçı T.Yaqublunun yer alması, onun hələ də "Milli Şura" sıralarında qalması Müsavat rəhbərliyini narahat edir. Ona görə də, Yaqublunun da partiyadan çıxarılacağı gün uzaqda deyil. O, bu gün C.Həsənlinin yanında olmaqla, gələcək addımlarını, başına gələ biləcək hadisələri kompensasiya edir.
"Milli Şura"nın parçalanması danılmaz reallıq kimi qiymətləndirilə bilər
O cümlədən, A.Məmmədov da özünə sığınmaq üçün yer və tərəfdar axtarır. Bu baxımdan, prosesə nəzarət edənlərdən biri də onun özüdür.
Sonda nəzərə almalıyıq ki, Qərbi Avropa ölkələrində məskunlaşmış bir sıra müxalifətyönlü mühacirlər nə Ə.Kərimlini, nə C.Həsənlini qəbul etmirlər. Onlar qarşı tərəfi milli maraqları satmaqda ittiham edirlər. Ona görə də, C.Həsənli-T.Yaqublu-A.Məmmədov triosunun məlum planlarının baş tutmaması ehtimalı da çox yüksək görünür. Hər halda, bu plan baş tutsa da - tutmasa da, artıq "Milli Şura"nın yarandığı gündən ölü qurum kimi fəaliyyət göstərməsi, hazırkı məqamda isə parçalanması danılmaz reallıq kimi qiymətləndirilə bilər.
Rövşən RƏSULOV