PDF Oxu

Müxalifət

  • 5 023

Əli Kərimlinin illər öncə müxalifətə qarşı törətdiyi xəyanəti

image

TƏRS BAXIŞ

Yaxud AXCP sədri nəyə görə siyasi ambisiyalarına nail ola bilmir?

Zaman-zaman, xüsusilə, Azərbaycanda seçki mühiti yarandığı vaxtlarda, o cümlədən, digər ictimai-siyasi və s. proseslər dövrü özünü "ana müxalifətin lideri" kimi təqdim etməyə çalışan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Ə.Kərimlinin son anda ətrafına toplaşmış adamları aldatması haqqında çoxsaylı faktlar mövcuddur. Ortada olan danılmaz faktlara rəğmən, onun hələ də gündəmə çıxması, hadisələrə münasibət bildirməsi ictimai rəyə siyasi həyasızlıq təsiri bağışlayır. Ümumiyyətlə, siyasi arenada barəsində kifayət qədər faktlar danışılan Kərimlinin bu günə qədər partiyasına sədrlik etməsi anlaşılmaz olaraq qalmaqdadır.

İllər öncə baş vermiş plagiat "narıncılar" mitinqi niyə uğursuz başa çatmışdı?

Bu baxımdan, Kərimlini ifşa edən daha bir fakt üzə çıxıb. Belə ki, 2005-ci ildə müxalifətin "Azadlıq" siyasi bloku Bakı şəhərində davamlı mitinqlər keçirməyə başlamışdı. Plagiat xarakterli "narıncılar" adı altında keçirilən mitinqlər keçmiş "Qələbə" kinoteatrının qarşısında olan meydanda keçirilirdi. Belə bir vaxtda Ə. Kərimli düşərgə daxilində bütün rıçaqları əlinə almaqdan ötrü, noyabrın 26-da keçirilən icazəli mitinqin sonunda hamını oturaq aksiyaya çağırdı. Maraqlıdır ki, Kərimlinin bu aksiya çağırışına digər partiya rəhbərləri dəstək verməsələr də, buna məcbur oldular. Çünki mitinq meydanını tərk edənə dərhal "xəyanətkar" damğası vurulacağıydı. Əlbəttə ki, AXCP sədri tərəfindən. Lakin bilindiyi kimi, icazəli aksiyanın vaxtı bitdikdən sonra, onun icazəsiz şəkildə davam etdirilməsinə cəhd edən radikallar 15 dəqiqədən artıq duruş gətirə bilmədilər və həmin aksiya dağıdıldı. Beləliklə, "Yurd" şefinin təxribatçı qərarı, bu qərarın nəticələri Müsavat, ADP, ALP, ALDP, VİP və s. partiyaların narazılığına səbəb oldu.

Sonradan isə bəlli məlum ittihamlar irəli sürüldü. Məsələn, icazəsiz, oturaq mitinq keçirmək qərarından sonra Kərimli tərəfindən aldadılmış bir sıra şəxslər həbs olundular. O cümlədən, dağıdıcı müxalifət növbəti mitinqlərini təxirə salmış oldu ki, bu amil düşərgə daxilində kəskin qarşıdurmalara çevrildi. Ə.Kərimli müxalifətin belə bir vəziyyətə düşməsində əsas günahkar kimi göstərildi. "Yurd" sədri 2005-ci il mitinqlərindən sonra müxalifət düşərgəsində pərakəndəlik yaratdı və müxalifətin birgə mitinq keçirmək ənənəsinə son qoydu.

Özünü "müxalifətin lideri" kimi zorla cəmiyyətə sırımağa çalışan "Yurd" şefi yenə də heç nəyə nail ola bilmədi

Ancaq bu kimi faktlar azmış kimi, Kərimli siyasi ambisiyalarına çatacağını xəyal edir və eyni ssenarini illər boyu təkrarlayır. Biz bunu referendum öncəsi cərəyan edən proseslərdə də gördük. Özünü "müxalifətin lideri" kimi zorla cəmiyyətə sırımağa çalışan "Yurd" şefi bu dəfə "Milli Şura"-AXCP amili ətrafında siyasi gedişlərini reallaşdırmağa çalışdı və heç nəyə nail ola bilmədi. Üstəlik, ona əl uzadan digər müxalifət partiyalarına rədd cavabı verdi. Məsələn, Müsavat ümumi müxalifətin mitinqlərinin keçirilməsini təklif etdi, partiya rəhbərliyi səviyyəsində müraciət olundu. Lakin Kərimli "Milli Şura" daxilində hərəkət edəcəyini "əsas" gətirdi. Bu təklifə isə, əlbəttə ki, heç kəs yaxın gəlmədi. Çünki "Milli Şura"nın ölkə maraqlarına qarşı fəaliyyəti də kimsəyə sirr deyildi.

Belə şeytanlara qarşı isə siyasi mövqeyindən, baxışından asılı olmayaraq, hər kəs daş atmalıdır

Nəticə isə çox faydalıdır. Məsələn, Ə.Kərimli və "Milli Şura" piket formasında keçirdikləri mitinqlərlə müxalifətin digər cinahının ümumi işinə mane oldu. Üstəlik, sentyabrın 24-nə təyin etdiyi mitinqdən də imtina etməklə müxalifətə ən ağır zərbəsini vurdu. Burada da onun şəxsi maraqları var idi. Məsələ ondadır ki, müxalifətin ümumi mitinq planı Kərimlinin və bu planı həyata keçirməsi üçün ona böyük məbləğdə maliyyə vəsaiti ayıran anti-Azərbaycan mövqeli dairələrin maraqlarına cavab vermirdi. Ona görə də bu gün düşərgədə onun barəsində bir fikir formalaşıb - Ə.Kərimli müxalifəti pis günə qoyan xəyanətkar və şəxsi ambisiyaları uğrunda, hətta yaxın çevrəsini sata bilməyə hazır olan siyasi şeytandır. Belə şeytanlara qarşı isə siyasi mövqeyindən, baxışından asılı olmayaraq, hər kəs daş atmalıdır.

Rövşən RƏSULOV

Digər xəbərlər