"Məni zəhərləmişdilər, bunu Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti təşkil etmişdi"
Nurəddin Məmmədli: "Nemət bunu gedib qonşusu Əli Kərimlidən soruşsun"
Özlərini "ana müxalifət" adlandıran AXCP və Müsavatla Nemət Pənahlı arasında uzun illərdir davam edən böyük münaqişlərdən xəbərsiz deyilsiniz. N.Pənahlı bu dəfə vaxtilə Azərbaycanda iqtidarda olmuş cəbhəçilər və müsavatçılarla bağlı çox vacib fikirlər səsləndirib. N.Pənahlı bildirib ki, AXC hakimiyyəti dövründə onu öldürmək istəyirlərmiş: "Deməli, bir dəfə bizə dedilər ki, 4 şəhid gətiriləcək. Biz də göstəriş verdik, qəbirlər qazıldı. Ancaq 3 şəhid cənazəsi gəldi. Biz də o 3 nəfəri dəfn etdik. 4-cü şəhidi də gözləyirdik. Ancaq onun meyiti gəlib çıxmırdı. Biz gözləyən anda qəflətən kütlənin içərisindən bir qrup şəxs mənə silahla hücum çəkdi. O şəxslər məndən əl çəkmədi. Plaşımı bıçaqla cırıq-cırıq etmişdilər. Sonra onlar maşınlara minib qaçdılar. Onlar planlaşdırmışdılar ki, məni öldürsünlər və elə oradaca dəfn etsinlər. Bir dəfə də ölüm təhlükəsi ilə üzləşmişdim." N.Pənahlının bu iddialarına münasibət bildirmək üçün AXCP sədrinin müavini Nurəddin Məmmədli ilə əlaqə saxladıq. Dəfələrlə etdiyimiz zənglərdən sonra telefona cavab verən N.Məmmədli bildirdi ki, Nemət çox söz deyə bilər: "Onun adətidir ki, ara-sıra mətbuata nəsə danışıb, gündəmə gəlsin. O, Ə.Kərimli ilə qonşudur, vaxtilə onu zəhərləyiblərsə, bıçaqlayıblarsa, düşüb öz qonşusundan soruşsun". N.Pənahlı, eyni zamanda, Müsavatın sabiq başqanı haqqında da fikirlərini bildirərkən qeyd edib ki, İ.Qəmbər ateizmi təbliğ edirdi: "İ.Qəmbərlə bağlı bir epizodu danışacağam. 1989-cu il idi, İsa bəylə yeni-yeni tanış olmuşdum. Mənim onunla dini söhbətlərim olmuşdu. İ.Qəmbər ateizmi təbliğ edirdi. Mən isə dini ona təbliğ edirdim. Bizim günlərlə Allahın varlığı və yoxluğu ilə bağlı söhbətimiz oldu. Axırda İ.Qəmbər mənə dedi ki, "sən məntiqinlə məni inandırdın ki, Allah var. Mən qəbul etdim. Ancaq mənim Allahla işim yoxdur. Allahın da mənimlə işi olmasın".
İndi bu insan istəyir Həccə, istəyirsə də, başqa yerə getsin, bunun əhəmiyyəti yoxdur. Mənə onun təfəkkürü bəllidir. Adam var ki, inanmır, buna bir söz demirəm. İnandırandan sonra "mənim Allahla işim yoxdur, Allahın da mənimlə işi olmasın" deyirsə, artıq deyiləcək bir söz yoxdur. Faciə odur ki, vaxtilə ateistliyi təbliğ edən adamlar indi dindən danışır.
İ.Qəmbərin inanclı biri olub-olmadığını, ümumiyyətlə, N.Pənahlı ilə aralarındakı soyuqluğun səbəbləri özündən öyrənmək istəsək də, bütün zənglərimiz cavabsız qaldı. AXCP-Müsavat hakimiyyəti dövründə Müsavatın ideologiya şöbəsinin işçisi olan Kamran Qasımov qəzetimizə açıqlamasında bildirdi ki, İ.Qəmbər, həqiqətən də, islam dinin əleyhinə təbliğat aparan şəxs olub: "Hətta partiyaya inanclı insanların üzv kimi qəbul olunması qadağan edilmişdi. Mənim qardaşım İ.Qəmbər spiker olanda, onun qəbulunda olmuşdu. Qardaşım dindar olduğu üçün azca saqqal saxlayırdı və buna görə də İsa bəy onu otağından qovmuşdu, xahişini də rədd etmişdi. Ancaq üstündən bir neçə il keçəndən sonra gördüm ki, o, Müsavat divanının iclasında dindən misallar çəkir."
Samir