AXCP sədri son mitinqlərdən minimum 150 mindən çox qazanc əldə edib
AXCP sədri Ə.Kərimlinin mühacirət biznesi sayəsində son günlər, daha dəqiq desək, referendumdan qabaq keçiridiyi mini aksiyadan sonra yeni gəlirlər əldə etməsi barədə məlumatlar daxil olmaqdadır. Hələ bir müddət öncə onun bu sahə üzrə müxalifətdə monopoliya əldə etməsi iddiaları da mövcud idi ki, daha sonradan bu iddialar öz təsdiqini tapmağa başladı. Kərimlinin mühacirət biznesi monopoliyası istiqamətində gəlirini artıran daha bir amil isə "Milli Şura"dır. Məhz bu qurumun AXCP-nin siyasi yedəyi olmasıdır. Bu, onun xarici təşkilatlarla anlaşmasına, necə deyərlər, stimul verir. Beləliklə, Kərimlinin çiçəklənən biznesindən Azərbaycana qarşı istifadə edən təşkilatlar daha sonradan Ə.Kərimliyə öz biznesini genişləndirməyə şərait yaradırlar.
Müəyyən məbləğlər qarşılığında...
Bu günlərdə məlum oldu ki, "Milli Şura"nın mitinqində "iştirak edən", yəni şəkil çəkdirən 50 nəfər mühacirətə gedib. Bu barədə AXCP-yə yaxın şəxs mediada çıxış edib və bildirib ki, mühacir biznesinin monopolistinə çevrilmiş Ə.Kərimli bunun nəticəsində 150 min manatdan çox gəlir əldə edib: "Buna artıq heç kimin şübhəsi qalmayıb. Hətta öz maraqlarını təmin etdikdən sonra "Milli Şura"nın mitinqlərini təxirə salması da bununla izah olunur. Mitinqləri təxirə salan Ə.Kərimli isə öz yaxın adamları tərəfindən etirazla qarşılandı. Xədicə İsmayıl, Eldəniz Quliyev də bu qərardan sonra ona öz kəskin etirazlarını bildirdilər. Ə.Kərimli mühacir biznesini inkişaf etdirmək üçün hər il "mitinq" oyunları qurur. Həmin mitinqlərə qatılanlar isə mühacirətə göndərilir. Təbii ki, müəyyən məbləğlər qarşılığında".
Mühacirətə göndərilən 50 nəfərin heç biri müxalifətçi kimi tanınmır və AXCP-də, "Milli Şura"da, ümumiyyətlə, heç bir fəaliyyətləri olmayıb
Görünən tərəflərdən biri də budur ki, mühacirətə gedənlərdən bəziləri həmin arayışları 3000-4000, hətta 5-6 min manata aldıqlarını deyirlər. Ancaq məsələ bununla da bitmir. Əldə olunan digər bir informasiyaya görə, mühacirətə göndərilən 50 nəfərin heç biri müxalifətçi kimi tanınmır və AXCP-də, "Milli Şura"da, ümumiyyətlə, heç bir fəaliyyətləri olmayıb. O cümlədən, mühacirətə göndərilən şəxslər daha sonra da müəyyən müddət ərzində Ə.Kərimlinin başqa adamların adına açdığı bank hesablarındakı büdcəsinə müəyyən qədər əlavə ödənişlər də edirlər. Hətta əlavə xərcləri ödəməyənlərə, sonradan "stop" qoyulur və onların daha qabaq ödədikləri pulları da batır. Bu isə, bilavasitə, dələduzluq əməli kimi də qiymətləndirilə bilər.
AXCP sədri bununla da kifayətlənməyərək, daha bir cinayət əməlinə əl atır. O, pullarını geri istəyənləri öz qoçuları vasitəsilə təhdid də edir. Beləliklə, o, bir tərəfdən qanunsuz bizneslə məşğul olur, əldə etdiyi gəlirlərdən vergi ödəmir, insanlara qarşı dələduzluq törədir, üstəlik, təhdid də edir.
Bu dəfə bacarmayacaq
Xatırlatmaq yerinə düşərdi ki, bu yaxınlarda Ə.Kərimlinin imzası ilə olan sənədlərin mediada yayımlanmasının səbəbi, məhz bu idi. AXCP sədrinin qoçuları tərəfindən təhdid olunan şəxslərdən biri təzyiqlərlə üzləşdikdən sonra bunun əvəzini çıxmaq üçün Kərimlini ifşa edib. Ona görə də mətbuatda yayılan informasiyalar tamamilə reallığı sərgiləyir. Görünür, zaman-zaman "məni həbs etmək istəyirlər" tipli bəyanatlar səsləndirib, cinayətkar əməllərini siyasiləşdirməyə çalışan AXCP sədri bu dəfə quyruğunu qapı arasından çıxarmağı bacarmayacaq.
Rövşən RƏSULOV