PDF Oxu

Müxalifət

  • 2 150

"REAL"-da çaxnaşma və qarşıdurmalar

image

Nə konfrans keçirildi, nə də partiya yaradıldı

Uzun müddətdir ki, "Respublikaçı Alternativ Hərəkatında" səsssizlik hökm sürdükdən sonra, bu qurum daxilində də çaxnaşma və qarşıdurmalar yaşanmaqdadır. Buna səbəb isə "REAL" sədri İlqar Məmmədovun həbsdə olmasıdır. Yəni sədrin həbsdə olması onun işini davam etdirən iki funksionerin ziddiyyətli vəziyyətə düşmələrinə səbəb olub. "REAL"-ın icraçı katibi Natiq Cəfərli ilə hərəkatın idarə heyətinin üzvü Azər Qasımlı arasındakı qarşıdurmanın əsas səbəbi İ.Məmmədovun həbsxanadan göndərdiyi məktub-müraciətidir. Xatırladaq ki, o, hərəkatın idarəsini məhz A.Qasımlıya həvalə etdiyini sözügedən müraciətində bildirib. Məhz bundan sonra "REAL" adından daha çox mətbuatda görünən, müxtəlif ictimai-siyasi və iqtisadi proseslərə münasibət bildirən N.Cəfərli onun fəallığını görməzlikdən gələn İ.Məmmədova acığı tutub. Çünki "REAL" sədrinin N.Cəfərliyə münasibətdə A.Qasımlıya üstünlük verməsi, həqiqətən də, belə bir situasiyanın yaranmasına gətirib-çıxarmış olub.

Hələ bu ilin əvvəllərindən bəyan edilmişdi ki, "REAL" partiyaya çevrilir

Ortada daha bir vacib faktor var. Məsələn, bəllidir ki, N.Cəfərli ilə A.Qasımlı arasında daha öncədən həll olunmamış qalan bir ziddiyyət yaşanmaqdadır. Ziddiyyətin əsasını isə "REAL"-ın siyasi quruma çevrilib-çevrilməməsi məsələsi təşkil edir. Çünki hələ bu ilin əvvəllərindən bəyan edilmişdi ki, "REAL" partiyaya çevrilir və bu qurum təsis konfransı çağırmaq üzrədir. Ancaq nə konfrans keçirildi, nə də partiya yaradıldı. Bunun yerinə isə qarşılıqlı anlaşmazlıq, ziddiyyət və ittihamlar yarandı.

Beləliklə, A.Qasımlı "REAL"-ın daha tez siyasi partiyaya çevrilməsini tələb edib. N.Cəfərli isə isə mümkün qədər bu prosesi uzatmaq istəyir.

"REAL" da yaxın dövrlərdə düşərgədəki digər siyasi partiyaların aqibətlərini yaşamalı olacaq

N.Cəfərli bu məsələ barədə sosial şəbəkədə və mediada fikirlərini açıqlayıb. Fikirlərdən görünür ki, "REAL" müxalifətdə yeni idarəetmə forması gətirib və indi bu prosesi təkmilləşdirmək lazımdır, sonra isə partiyaya çevrilmək məsələsinə baxmaq olar.

Lakin A.Qasımlı belə düşünmür. O cümlədən, o, N.Cəfərlinin hüquq-mühafizə orqanlarına çağırılması, bir neçə müddətlik həbsi, ardınca isə həmin hadisə barədə şübhəli fikir bildirməsi də vəziyyətin gərgin olmasına səbəb yaradıb. Daha dəqiq desək, onun "Natiq Cəfərlinin həbsi və azadlığa çıxması mənim üçün qaranlıq qalıb" fikri qarşıdurmanı daha da gərginləşdirib. Bu isə "REAL" üçün heç bir səmərəli nəticə verməyib. Əksinə, nəzərdə tutulan planlar da reallaşmamış qalıb. Artıq hesab etmək olar ki, "REAL" da yaxın dövrlərdə düşərgədəki digər siyasi partiyaların aqibətlərini yaşamalı olacaq.

R.RƏSULOV

Digər xəbərlər